Ramazan Əsgərli

və Yollarını Tapmaqda Onun Başqalarına Kömək Etmək Arzusu

Mən ictimai inkişaf modelləri və cəmiyyətdaxili qarşılıqlı əlaqələr üzrə tədqiqatlarda maraqlıyam. Mənim ilkin təhsilim əczaçılıq olsa da, sonradan tarixi fəlsəfə və din, daha sonra psixologiya mənim maraq dairəmdə olmuş və bu sahələrdə müəyyən qədər ədəbiyyat tərcümə etmiş və tədqiqatlar aparmışam. Bu araşdırmalarım məni konkret fəaliyyət sahəsi seçməyə və praktiki işlər görməyə sövq etmiş, mədəniyyətin və ictimai stabilliyin kökündə təlim-tərbiyənin və psixoloji və pedaqoji fəaliyyətin əvəzedilməz olduğuna inanmışam. Ona görə də bir neçə il öncə Pozitiv Psixoterapiya Mərkəzini təsis etmiş, bu sahədə təlimlər aparmaq və praktiki işlərlə məşğul olmağa başlamışam. Bununla yanaşı tərcümələr edirəm və əsas maraq dairəm 1840-cı illərdə Ordubadda və cənubi Azərbaycanda elan olunmuş Bəhai dininə aid ədəbiyyatın tərcüməsidir. Məni həmişə təəccübləndirən bu olmuşdur ki, hələ 19-cu əsrin ortalarında Ordubadda on minə yaxın insanın yeni dini qəbul etdiyi halda, bu proseslər sonradan qırılmış kimi görünür. O dövrdə yaranmağa başlayan yeni təfəkkür Azərbaycanda ictimai şüurun nazik qabığı altında yaşamaqda davam etsə də, az sayda mütəfəkkirlərin ideyalarına təsir etsə də, sonradan tarixi bir boşluq və ya əlaqəsizlik yaranmışdır. Dünya səviyyəsində bu yeni təfəkkürün daşıyıcıları olaraq Xəlil Cibran və Hüseyn Cavid onu ən yüksək səviyyədə bədii ədəbiyyata gətirmişlər. (Xəlil Cibran barədə tarixi faktlara əsaslanan fikirlər onun haqqında yazılmış məqalədə öz əksini tapmışdır.) Amma bu təfəkkür cəmiyyətdə və sonrakı ictimai fikirdə kölgədə qalmış, bizim dərin mədəniyyət səviyyəsində və ürəklərimizdə yerini saxlasa da, üzə çıxmasına imkan olmamışdır. Odur ki, mənim indiki cəhdim bu bağı mümkün qədər bərpa etməyə çalışmaqdan ibarətdir.

Bu əsrdə bütün yer əhli arasında yeni bir həyat çağlamaqdadır, lakin hələ heç kəs bunun səbəbini tapmayıb və mahiyyətini anlamayıb!  Bəhaullah

Ramazan Əsgərli

Yanvar 2016

Bakı, Azərbaycan

Yeni

Dövr 

Yeni

Təfəkkür

 

Yeni Dövr, Yeni Təfəkkür Kitabına Ön Söz

19-cu əsrin sonlarında və 20-ci əsrin əvvəllərində Azərbaycanda gedən maarifçilik hərəkatını sadəcə rus ədəbiyyatı və ictimai fikrinə, onun vasitəsilə Azərbaycana gələn Avropa mədəniyyətinə bağlamaq məsələyə bir tərəfli yanaşmaqdır. Doğrudur, bu hərəkatın və onun önündə gedənlərin ideya mənbəyi əsasən Rusiya təhsili və onun vasitəsilə bizim çıxış əldə etdiyimiz Avropa ədəbiyyatı və ictimai fikri olsa da, onların formalaşmasında Yaxın Şərqdə, o cümlədən qonşu İranda və elə Şimali Azərbaycanın özündə gedən proseslər də müəyyən rol oynamışdır. Bu hərəkat, əsas etibarilə, Qori seminariyasının məzunları, Parisdə, Sankt-Peterburqda təhsil almış ədiblərimiz tərəfindən bəslənilirdi.  Bundan əlavə 19-cu əsrdə Yaxın Şərqdə baş qaldırmış müxtəlif dini cərəyanlar da Azərbaycana daxil olmuşdu. Bunlar, həm də sadəcə, ideya formasında deyil, yaxud əhalinin təhsilli kəsiminin və ya belə deyək, "qəzetçilərin" təfəkküründə deyil, sadə əhali arasında da müəyyən qədər özünə yer etmişdi. Bunlardan ən təsirlisi, əhali arasında yayılanı, təbii ki, babilik, sonra isə bəhailik idi. M. F. Axundov, Q. B. Zakir, H. B. Zərdabi kimi maarifçilərin tənqid etdikləri dini cərəyanlar və ya ideyalar həmişə o dövrdə hökm sürən mövhumat və cəhalət kontekstində qiymətləndirilir, dini baxışların, ümumiyyətlə, maarifçiliyə daha xidmət etmək iqtidarında olmadığına qəti inanırdılar. Əlbəttə, bu bir tərəfdən başa düşüləndir. Çünki maarifçilər yaxşı başa düşürdülər ki, hökm sürən cəhalətin mənbəyi dindir, din adı ilə insanların şüuruna yeridilmiş mövhumat və boş inanclardır. Burada bir prinsipial məqam vardır ki, onu mütləq qeyd etmək lazımdır, çünki o məqama fikir verilməməsi və yaxud göz ardı edilməsi, tarixi ədalət baxımından çox yanlışdır. Tarix həm ədalətlidir, həm də çox ədalətsizdir. Onun ədalətliliyi tarixi faktların gec də olsa üzə çıxması və etiraf edilməsindədir. Ədalətsizliyi isə ideologiya, təəssübkeşlik, qərəz, maraq və s. amillərin onun yazılmasına, şərhinə saldığı kölgəyə görədir. Bu gün yüz il əvvəlin tarixinə, elə Azərbaycan tarixinə baxdıqda, insanların min illər boyunca həqiqətə etdikləri xəyanətin tarixin və ictimai inkişafın, nəticədə isə xalqların taleyində hansı faciələrə gətirib çıxardığını aşkar görmək olur. Odur ki, bu gün, çox yaxın tariximizi qiymətləndirərkən də, ideoloji və təəssübkeşlik amillərinin onun obyektiv araşdırılmasına və şərhinə, bəlkə min il sonrakı Azərbaycanın tarixinə qara səhifələrin yazılmamasının təmin edilməsinə kömək edər.....Davamı

Araşdırma və Tərcümələrim