top of page

Abdulla Cövdət–

Türk Maarifçisi, Şairi və Filosofu 

“Abdulla Cövdətin ağıl və bilik mərkəzli bir dini və təməlli bir əxlaqı müdafiə etməsi həyatının son dövrlərində Bəhai dininə meyl etməsinə yol açmışdır. Bir cəhətdən o, XIX əsrdə İranda Mehdi inancının bir davamı olaraq meydana çıxan bu cərəyanda məqsədini gerçəkləşdirməyə münasib bir zəmin görür. Abdulla Cövdət İctihad qəzetinin 1922-ci il 144 saylı buraxılışında  yeni bir din olaraq Bəhai dininə əhəmiyyət verməklə, Həzrət Məhəmməd haqqında hörmətsiz ifadələr işlətmək iddiası ilə məhkəməyə verilir. (Levis, 1980, səh. 533) Dörd il yarım sürən mühakimənin arxasınca, iki illik məhkum olunsa da, ona isnad edilən peyğəmbərlərə hörmətsizlik ittihamının qaldırılmasına qərar verilir. (Koçu, 1958, səh. 37) Abdulla Cövdət Bəhailiyin insanlar üçün ümumi bir din olmasını təklif etmiş, Həzrət Məhəmmədin, “Din ağıldır; ağlı olmayanın dini də yoxdur” sözünü xatırladaraq Bəhailiyin ağıl və elmlə təzad təşkil edən heç bir fikir və hökmü ehtiva etmədiyini önə sürmüşdür. O islamı tənqid edib onun yerinə bir başqa dinin əhəmiyyətini vurğulayarkən belə bu dinin daxilindən faydalanmağa davam etmişdir. Abdulla Cövdətə görə, insanlığın böyük bir qismini əhatə edən İslam və Xristianlıq kimi dinlər, insanlığın qardaşlığını və təhlükəsizliyini təmin edə bilməmişlər. Bəhailik 1844-cü ildə, Bab adı verilən Seyid Əli Məhəmmədin yeni bir çağın və yeni bir peyğəmbərin gələcəyini elan etməsi ilə başlamışdır. Bəhailiyin qurucusu isə ləqəbi Bəhaullah olan Mirzə Hüseynəlidir və O, 1863-cü ildə Bağdadda sürgündə olarkən peyğəmbərliyini elan etmişdir.  (Fiğlalı, 1983, səh. 21-=219; 1994)

 

Doktor Abdulla Cövdətin din qavrayışı 

Bəhailik isə dinlərin yaymağa çalışdığı mərhəmət və məhəbbətə söykənən həqiqətləri yaymağı bacarmışdır. Həzrət Bəhaullahın təsis etdiyi, oğlu və xələfi olan Həzrət Əbdül-Bəhanın genişlədərək yaydığı Bəhai dinində, ağılla zidd olan heç bir fikir yoxdur. Bu səbəbdən də, dünyanı işıqlandırmaq üçün Bəhailiyə aid fikirlərdən bərk yapışma lazımdır. İslam və xristianlıq kimi dinlər, müqəddəs kitablarda olan mərhəmətli prinsiplərdən uzaqlaşmışdır. Quranda və hədislərdə qardaşlıq və sevgi mesajları verilməklə birlikdə bunun tətbiq edildiyini söyləmək çətindir. Bu iddiasını islam tarixindən subyektiv şərhlərlə dəstəkləyən Abdulla Cövdət bu həqiqətlərin mərhəmət və rəhmət keyfiyyəti daşıyan bir din ilə müəllifliyinin mümkün olmadığını söyləyir. Bir örnək kimi isə xristianlığın xaç yürüşləri zamanı etdiklərini və Həzrət Məhəmmədin dövründə Bəni Kureyza yəhudilərinə qarşı göstərilmiş davranışı göstərir. Həzrət Bəhaullahın sözləri isə, hər bir mərhələdə insanlığa təkrar edilməsi və ruhlara dərindən yerləşdirilməsi lazım olan ifadələrdir. Həzrət Bəhaullahdan öncə, insanlar arasında mərhəməti, məhəbbəti və sülhü bir ayin halına gətirən və bunun üçün gərək olan nur və hərarəti verən bir Mürşid yoxdur. (Cövdət, 1922, səh. 30150). Abdulla Cövdətə görə, Bəhailik təcrid olunmuş bir din deyil, xarakterin  formalaşmasında bütün dinlərdə müştərək olan əsaslara söykənən bir sistemdir. Bütün fəlsəfi və fikri hərəkətlərin təlimləri onda mövcuddur. Hər bir din sahibi, Bəhailikdə ən yüksək inanc və gözləntilərini görməkdədir. O, bu dönəmdə, İctihad məcmuəsində Bəhailik lehinə silsilə yazılar yayımlamışdır. (Emin Əli, 1921, 2952–2955; 1922a, s. 2983-2985; 1922b, s. 2999-3003).

Abdulla Cövdətin İslam dininin xurafatsız və saf halı kimi göstərdiyi bəhailiyi materializmə keçiddə bir addım olaraq istifadə etmək istədiyi  müəyyən edilməklə birlikdə (Hanioğlu, 1981, səh. 338-339; Polad, 2000, s. 447) yuxarıdakı ifadələrdən hərəkətlə bu dinin, onun zehnindəki ideal bir din anlayışını təmsil etdiyi söylənə bilər. Onun gözündə Bəhailik  insanlığın ehtiyac duyduğu barışa götürən yeganə sistemdir. İslam dininin son və ümumdünya  din olma gücünün və mirasının sorğulanmasına yol açan bu düşüncə qarşısında, onun dinin deyil, batil inanc və təəssübün qarşısında olduğunu söyləmək isə olduqca çətindir. (Alkan, 2005, səh.11. Berkes, 1998, səh 339-340) (Osman Dəmirçi)

Hüseyn Cavid Abdulla Cövdətlə İstanbulda çox yaxın təmaslarda olmuşdu! Əli bəy Hüseynzadə ilə Abdulla Cövdət xeyli yaxın idilər.  Hüseyn Cavidin yaradıcılığında onun həyatının hansı mərhələləri həlledici rol oynamışdır sualının cavabını tapmaq çətindir. Onun Naxçıvanda keçən uşaqlığımı, Təbrizdə dörd il ərzində təhsil aldığı dövrmü, yoxsa İstanbulda böyük oyanış mütəfəkkirlərinin, o cümlədən, Abdulla Cövdətin çevrəsində keçdiyi dövrmü? Hər halda onun İstanbuldan qayıdışından sonra yazdığı əsərlərdə xüsusi mistik və cahanşümul ideyalar daha qabarıq görünməyə başladı.

bottom of page