top of page

Axtarış Tarixçəm

Buradakı araşdırmalar insanlığın gəldiyi yeni dövrü və bizim yaşadığımız sürətlə dəyişən və inkişaf edən era haqqındadır. Keçən on illikdən bəri vaxt sanki daha sürətlə ötür, məcazla desək, lap işıq sürəti ilə.  Heç birimiz bu inkişaf və böyümə ilə ayaqlaşmaq iqtidarında görünmürük. Biz yeni inkişaf meylləri ilə tanış olub özümüzü onlara uyğunlaşdırmamış və yeni həyat tərzi formalaşdırmamış, yeni üfüqlər açılır. Yeni proseslər insanlığı elmin, texnologiyanın, anlayışın, yaxınlığın, millətlərin istər köçkün, istər səyahət, turizm, istərsə də regional müharibələrlə dünya üzrə bir miqrasiyasının yeni səviyyələrinə aparır, bu isə millətlərin və xalqların qarışmasına, köhnə düşüncə və adətlərin sorğulanmasına səbəb olur. Bir mənada sanki qlobal bir model formalaşmaq istəyir ki, insanlığı ənənəvi yaşam tərzini tərk edib indiyə kimi tanış olmayan mədəniyyətlərin ünsürlərinin qarışdığı bir cəmiyyətə keçməyə vadar edir ki, o, sevgi və harmoniya içərisində qlobal bir cəmiyyətdə yaşamaqdan başqa yol olmadığını anlasın. Amma digər tərəfdən, dinclik və arxayınlıq axtaranlara, proseslərin perspektivi barədə təsəvvürü və baxışı olmayanlara həyəcan, ümidsizlik, çaxnaşma və ürək ağrısı gətirir.

Kitabın Adı - İnsan

Yeniyetməlik illərindən mən insanların həyatını və davranışlarını yaxından müşahidə edirdim. Düşüncələrimi bölüşəndə az hallarda başa düşülürdüm. Bəzən istehza ilə də qarşılanırdım. Bu daxili çarpışmalar və əzabverici dərketmə çabaları altında ağlıma bir fikir gəlmişdi. Bir əsər yazacağam. Adı isə İNSAN olacaq… İllər keçdi, o əsəri yazmaq üçün müşahidələr apardım. Amma süjet xətti qurmamışdım. Sadəcə epizodik materiallar toplayır və müşahidələrimdə davam edirdim. Lakin aşağıda qeyd edəcəyim kimi, Bəhai təlimləri ilə tanış olanda bu fikri tərk etdim, çünki bundan sonra nəsə yazmağı günah saymağa başladım. Sadəcə o təlimləri həyata keçirmək lazım idi. Vəssalam! Amma yenə də vaxt keçdikcə, fikirlərimi yaxınlarımla bölüşəndə onlar məni yenidən yazı yazma ideyasına qaytardılar. Amma bu dəfə baxış başqa idi. Bu daha çox daxili transformasiya kontekstində olacaqdı. Yeni təlimlərin həyata tətbiqi zamanı baş verən daxili mənəvi-psixoloji transformasiya və verilən mücadilə. Bir gün bəlkə bu ideya gerçəkləşər….

Şahbuz Dağları və Xəyallar

Mən Naxçıvanın Şahbuz rayonundan (Keçili kəndi) olan sadə azəri ailəsindən olan bir azərbaycanlıyam. SSRİ dövründə doğulmuşam və həyatım zahirən sakit və anlaşıqlı keçmişdir. O zaman əksər insanlar necə yaşayacaqlarının qərarını özləri vermirdilər. 

Lakin erkən gəncliyimdə, məni daim bəzi suallar, Allah, dinlər və onların savaşı, xüsusilə, ayrı-ayrı dinlərə mənsub insanların bir-birini sevməmələri, həqiqətən incidirdi, bunun belə olmamasını çox istəyirdim, insanlar arasında fərqlərin olmadığını təsəvvür edəndə sadəcə xoşbəxt olurdum… Kəndimizin qarşısındakı uca təpədə, Tək Armudun altında (bu orada yeganə hündür ağac idi) oturub düşüncələrə dalır, ovcumun içindəki kimi görünən kəndimizdə insanların həyatı haqqında düşünürdüm. İnsanların gündəlik həyatları və onun sonu məni düşündürürdü. Əslində fərqi yoxdur, bu həyat kənddəmi yaşanmış olsun, yoxsa meqapolisdə, son sondur və bir məna axtarışına sövq edir.  İnsan dağlarda özü və təbiətlə tək qalanda o daha çox ilahi düşüncələrə dalır. Mən təbiətdə, başqa bir yerdə, məsələn meşədə, ya dənizlə üzbəüz qalanda, belə hisslər keçirməmişəm. Dağların öz energetikası olduğuna inanıram. Kitablarımı çantama yığar, quzu otarmağa gedərdim. Başım kitablara qarışar, quzuları gözdən itirərdim. Lap balaca olanda ağladığım vaxtlar da olub…. 

Şahbuz Rayonu, Keçili Kəndi

Gəzmək üçün olsa əgər həvəsin

Batabat yaylağı bizim eldədir

Üç Qardaş, Ərəci, Camal qalası

ÇINQILLI bulağı bizim eldədir

-Nurəli Əsgərli (atam)

 

Paqanel

Bu düşüncələrə görə atam məni Paqanel adlandırmışdı. Kapitan Qrantın Uşaqlarındakı Paqanel. Çünki daim düşüncələrdə olduğum üçün deyilən sözləri yaxşı anlamır, ya da unutqanlıq göstərirdim. Amma özümə xəyanət etmək fikrim yox idi. Hamı kimi olmaq, düşünmək istəmirdim, daha doğrusu ola bilmirdim. 

Hamı müəyyən bir həyat tərzinə əməl edirdi və bizim potensialımız toxum kimi içimizdə gizli idi. Lakin sonradan yaşadığım hisslər və təcrübələr içimdəki prosesləri sürətləndirməyə başladı, düşüncələr, cavabsız suallar dözülməz olurdu. Bəlkə bunu bir qaynama prosesinin başlanmasına bənzətmək olardı və daxili təlatüm özünü göstərməyə başlayırdı.

Həlledici Bir Mərhələ

Zaman keçdikcə, Şahbuz dağlarında gəzintilərə çıxmağa başladım. Özümlə Nəsiminin, Füzulinin, Hüseyn Cavidin kitablarını götürürdüm. Xüsusilə də Nəsiminin şeirləri mənə maraqlı gəlirdi, çünki onun qəlbindəki eyni dərd məndə də var idi və eyni sualları mən də özümə verirdim. Ağrılarım məni yeni səviyyəyə apardı və baxışımı genişləndirdi. Həyatın mənası üzərində düşünürdüm. Niyə mən dünyanın burasında doğuldum, bu dünyada nə edirəm, niyə Tanrı məni yaratdı və ölümdən əvvəl mən nəyə nail olmalıyam? Bu zamanlar SSRİ dağılmaq ərəfəsində idi, daxildəki qaynamanın kritik həddə çatması zaman məsələsi idi. Birdən-birə biz yeni və kəşf edilməmiş bir həyat tərzi ilə üz-üzə qaldıq. 80 illik zülm sona çatmışdı. Mən birmənalı olaraq Azərbaycanda qalmaq istəmirdim. Dünyaya çıxmaq istəyirdim.  İlk üz tutduğum ölkə Rusiya idi, çünki ordan harasa çıxmaq olardı. Səyahət etməyə başladım. Mən zəngin, xoşbəxt həyata çatmaq və gedə biləcəyim ən uzaq üfüqlərə getmək istəyirdim. Ona görə də, o zamanlar tanış olmadığım iki nəfərlə bizim anladığımız yolla, özümüzü may ayında daşmış çaya vuraraq Rusiya sərhədini keçdik. Özünü bu çaya vurmaq dəlilik qədər təhlükəli idi. Amma mən keçməli idim. Çayın suyu boğaza vururdu, lilli idi, az qala aparırdı. Bu çayı keçərkən yaşadıqlarım və ölüm öncəsi anlar kimi düşündüklərimi təsvir etmək çətindir. Əgər o çay məni aparsaydı, bəlkə də heç kəs başıma gələnləri bilməyəcəkdi. İndi düşünürəm ki, bu çayı keçmək mənim həyatımda həlledici bir mərhələ idi. Əslində bir rəmzi mənası da vardı. Aşağıda bəhs edəcəyim kimi, Bəhai dinini qəbul etməyim ikinci dəfə o çayı məcazi olaraq keçməyimi xatırlatdı.  

Şahbuzdan S. Peterburqa və Neva Çayının Pıçıltısı

Və mən beləcə St. Peterburqa yollandım. Yeni mühitdə yıxılıb qalxdıqdan və boğulub qurtulduqdan sonra mən fikirləşməyə başladım. Daha uzağa getdikcə fərqinə vardım ki, mənim axtardığım maddi xoşbəxtlikdir. Nə qədər dərindən düşünürdümsə, bu çabaların sonunun fani olduğunu anlayırdım. Məna axtarışı məni rahat buraxmırdı, içimdə boşluq hiss edirdim və Şahbuz dağlarında tapdığım xoşbəxtlikdən əsər-əlamət yox idi. O təfəkkür anları məni buraxmırdı. Bir müddət St. Peterburqda qaldıqdan sonra, ətrafımdakı insanların işləri üzərində düşündüm, özlərini nə qədər aldatdıqlarını anlayanda və özümün də vəziyyətim üzərində düşünəndə qərar verdim…  Bir gecə heç arxama da baxmadan bu zaman ərzində mənimlə birlikdə olan dostlarımı tərk etdim.

Neva çayının sahilində oturdum və köklərim haqqında düşündüm, Şahbuz dağlarında əzbərlədiyim şeirləri əzbərdən oxudum. Səmimiyyətim və istəyim gerçəyi görmək üçün qəlbimdən qışqırmağa başladı. Doğru yolu göstərməsi üçün Allaha yalvardım. Gecənin ortasında mən özümlə tam səmimi oldum, qəlbimdən açılan bəzi fikirlər qığılcım saçaraq atəşə dönüşdü. Burda ürəyin rolu barədə xüsusi danışmaq istərdim. Bu halda ürək ən güclü və dəqiq göstəricidir. Ona lazım olmayan, saxta məlumat və ya biliyə dözümsüz olur. Kədərlənir, ya da həddən artıq narahat olur. O zaman bu gözəl və sevdiyim şəhərdə oxuduğum kitablar mənə rahatlıq gətirmirdi. Biz niyə yaradıldıq? Nəsiminin, Füzulinin daha əvvəldən özlərindən soruşduqları bu sual mənə aydınlanmağa başladı... Amma axtarış davam edirdi... rahatlıq yox idi.. Naxçıvana qayıtdım. 

Tibb Universiteti

Naxçıvanın sosial mühiti çox sıxıntılı idi. Tibb Universitetini yeni bitirmişdim, fəal sosial mühitdən ayrılmış halda yaşayırdım. Bir dəfə təsadüfən, bir dostumla şəhərdə görüşdük və hal-əhvaldan sonra öyrəndim ki, o maraqlı bir görüşə gedir. Məni də özü ilə aparmasını xahiş etdim.. Razılaşdıq və getdim... Bu gün təcrübələrimə istinadən düşünürəm ki, Allah səmimi axtaranları öz işarələri ilə istiqamətləndirir. 

 

Hər Şey Bundan Sonra Başladı

Düşüncələrim məna kəsb etməyə başladı.  Mən bəhailərlə tanış olmuşdum. Bəhai təlimini öyrənməyə başladım. Ruhum sevincdən atlanırdı. Əslində ilk tanışlıqdan, Həzrət Bəhaullahın Gizli Kəlamlarını oxuduqdan sonra ürəyimdə bu təlimi qəbul etmişdim. Ürəyimə rahatlıq və sakitlik gəlmiş, MƏNANI tapmışdım..... İki aylıq gecə-gündüz araşdırma və dərinləşmə davam etdi və həyatımın qərarını təsdiqlədim, əslində qərarı İLAHİ SÖZLƏ tanışlıq anında ürəyim vermişdi. Ağıl isə onu sadəcə təsdiqlədi. Bu halət, doğrudan da, təsvirə gəlməyən bir vəziyyətdir. Bəlkə cənnət belə olur....

Daşqın Çaydan İkinci Keçid

Bu, hər inananın və axtarışda olanın bilə biləcəyi və onu doğru yolda olduğuna əmin edə biləcək bir işarədir. Ruhun gerçək qavrayışın sahillərinə çatdığı anda xüsusi bir rahatlıq vardır. Bu təsviredilməzdir və mən bunu heç vaxt, heç kəsə izah edə bilməmişəm. Bu elə bir sirr kimi görünür ki, sanki Allah bunu hər kəs özü təcrübə etsin deyə saxlayır.  Qəlbimdə azadlıq hiss etdim. Qəlbimin ağrısı getmişdi, mən artıq axtarmırdım, mən artıq bu dünyada qərib deyildim. Mən artıq nifrət etmirdim, keçmişimə qəzəb hiss etmirdim və özümdə bütün insan irqini sevəcək potensial hiss edirdim. Mən o daşqın çayı ikinci dəfə keçdim, bu dəfə məcazi mənada. Amma hər iki halda qorxunu atıb cəsarətlə özümü çaya vurmalı idim. Bu cəsarət anı, bu özünü və qorxuları unutmaq anı hər kəsin həyatında olur deyə düşünürəm. Onu anı yaxalamaq və özünü çaya vurmaq dəyişikliyin başlanğıcıdır.

Aha Anı! - İşıq Vermək Üçün Yanmalısan 

O “Aha” anında, öz həyatımı insanlara xidmətə həsr etməyə və enerjimi ölkəmin rifahına həsr etməyə qərar verdim. Bu sadə qərar deyildi. Çünki Bəhai dinindən kənarda bir fərdin, bir toplumun və bütün bəşərin həqiqi maraqlarının bir-birinə zidd olmadan qorunmasını təmin edən bir sistem və ya inanc bu gün mən görə bilmirdim. İnsanlığa və ya Allaha həqiqi xidmət, yanındakı insanları sevməkdən və onlara xidmətdən başlayır. Mən bilirdim ki, Azərbaycanda daxili əmin-amanlığı, qəlbin məmnuniyyətini axtaran minlərlə mənim kimi həmvətənlərim var. 

Mən 1997-ci ildə Bakıya köçdüm və bir an belə dayanmadım. Thomas Monson-un dediyi kimi “Əgər başqalarına işıq saçmaq istəyirsənsə, özün şölə saçmalısan.”  Araşdırarkən və oxuyarkən, onlarla Bəhai kitabı, məqalələr tərcümə etdim və 2012-ci ilin sonlarında Pozitiv Psixoterapiya Mərkəzinin əsasını qoydum. Bunların hamısı ölkəmi sevdiyim və millətimin potensialına inandığım üçündür. Mən yaxşı bilirəm ki, bu ölkədəki hər bir kişi və qadın, hər bir gənc, uşaq və yeniyetmə öz qəlbində dəyərli bilgilərlə dolu mədən daşıyır.  Bu dəyərli bilgi mədəni kəşf edilməli, o cəvahirat cilalanmalı və insanların istifadəsinə verilməlidir. Əks təqdirdə ilkin mineral formasında qalacaq.

Əgər başqalarına işıq saçmaq istəyirsənsə, özün şölə saçmalısan!

Faciə - Azad Təfəkkür Təəssübkeşliyin Həbsində

Faciə burasındadır ki, mən gerçəyi çox çətin yolla tapdım, gec tapdım və gerçək mənim yaşadığım yerdə, Naxçıvanda, Ordubadda doğulduğu halda, mən öz həyatımı təhlükəyə ataraq vətənimi tərk etmişdim. Niyə öz vətənimdə tapdığım gerçəyi eşitmək üçün dünyanı gəzməli idim? Hətta mən Bəhai dini ilə tanış olandan sonra atama ilk sualım bu oldu ki, o bəhai dini haqqında bilirdimi? Dedi ki, bilirdi, amma onun doğru olmadığını söyləyirlər. Soruşanda ki, kim deyir, atam dedi ki, bu barədə M.S. Ordubadinin kitablarında var. Mən sonradan Ordubadinin kitablarını bir daha oxudum, (onların hamısını oxumuşdum, amma bəhailik barədə yadımda qalmamışdı) və yanlış fikirlərin qaynağını öyrəndim. Və təəssüfləndim ki, bir yerdə deyilmiş qərəzli və insafsız söz bir əsr ərzində milyonlarla insanı Allahın həqiqətindən məhrum qoymuşdu.

Bu gün isə illər keçəndən sonra, ümumi yayılmış və çox vaxt da gerçək olmayan fikirlərin insanların həyatına necə məhvedici təsir göstərməsi üzərində düşünürəm. Bunlar bu barədə fikirlərimi yazmağa, Azərbaycanın ədəbi-ictimai fikir tarixini də araşdırmağa (məni bu) sövq etdi. İnsanların öz ağlı və qəlbləri ilə axtarmaları, öz daxili dünyalarına uyğun yaşamaları nə qədər vacibdir. İnsanın təfəkkürünün əsarət altında olması, yaxud qəflətdə saxlanması, ürəyinə isə möhür vurulması, həqiqəti axtararkən onu harada axtarması və ya kimdən soruşması barədə bir şey bilməməsindən böyük zülm ola bilməz. Yenə də qeyd etdiyim kimi, bir həqiqət ki, sənin yaşadığın torpaqda doğulsun, nəinki bir insanın Allahla münasibətinə, həm bir xalqın, bütövlükdə isə bəşəriyyətin min illər boyu xəyal etdiyi günlə, yaşamla, mədəniyyətlə, Böyük Vədlə bağlı olsun, amma sənin ondan xəbərin olmasın.. Bu çox acılı və ağrılıdır....

Həqiqət Bu Qədər Yaxın İkən...

Bir neçə il əvvəl Bəhai mərkəzində olanda oraya bir xanım gəldi və Amerikada Bəhai İnancı haqqında eşitdiyini və Azərbaycanda da Bəhailərin olub-olmadığını görmək istədiyini dedi. Mən özümə sual verdim ki, niyə bir Azərbaycan vətəndaşı bu torpaqdan doğulan İnanc haqqında amerikanlardan eşitməlidir? Bu kitabı hazırlamağımın səbəbi, Azərbaycanımızdakı  mühitdə əkilən ağacın kökü ilə bütün dünyanı qidalandıran həmin ağacın meyvələrini birləşdirməkdir. Kök də, meyvə də bu məmləkətdəndir, bizim mədəniyyətimizdə və ölkəmizdədir. Bizim mədəniyyətimizə, düşüncəmizə təsir edib. Belə bir bağın olması barədə indiyə kimi açıq şəkildə, qorxmadan söhbət açılmayıb. Bizi belə bir mirasdan kimlər məhrum etmək istəyib? Yaxud laqeydlik, təəssübkeşlik və sadəcə biganəlik üzündən və ya başqa səbəblərdən gələcəyə işıq salacaq, bu böyük millətin əbədi şərəfini müəyyən edəcək bir baxışdan onu məhrum qoymaq... bunun sonrasını düşünmək çox üzücüdür...

Bizim hamımız səmimi və gerçək səy göstərməli və həqiqəti öyrənməkdə köməyimizə çatması üçün Allaha yalvarmalıyıq. Sizə öz şəxsi axtarışınızda uğurlar arzulayıram.

Simurqun Yuvası - Qafqaz

Bizim xalqımız, ümumiyyətlə, dünya üzrə yaşayan azərbaycanlılar həm dini-etnik kökünə (buraya eyni dərəcədə xristianlıq, zərdüştlük və islam daxildir), həm də mədəniyyət, tarix və coğrafiyasına görə, yaşam və hikmət haqqında dərin anlayışa malikdirlər, bir xalq olaraq intellektual və ruhani cəhətdən dərin təcrübəyə sahibdirlər. Bu, əsrlər boyu formalaşmış sevgi və hörmət mədəniyyətindən qaynaqlanır ki, poeziyamızda, musiqimizdə, milli-mənəvi irsimizdə, dünyanı heyran edən xalçaçılıq sənətimizdə öz əksini tapmışdır. Belə yaşam tərzi və qəlblərimizdə inikas olunan bu mədəniyyət bizə dərin olma bacarığı vermişdir.

Bizim 134-dən çox şairimiz var ki, onlar öz həyatlarını dünyanı daha yaxşı bir yerə çevirməyə həsr etmişlər. Bu özü bir sübutdur ki, bizim bir xalq kimi aydın və dərin düşünmə qabiliyyətimiz və baxışımız var. Lakin praktiki həyatda biz fərdlər olaraq gündəlik həyatımızda öz qabiliyyətlərimizdən necə istifadə etməyin seçimini edirik, ya da heç seçim etmirik, sadəcə materializm meyllərinə təslim olub axınla gedirik, hər bir halda, mən dərindən inanıram ki, millətimizin malik olduğu anlayış və qavrayış təcrübəsi çox unikaldır. Onda bir sadəlik və pozitivizm ruhu var. Maraqlıdır, Quranda adı çəkilən Qaf dağı, əfsanəvi Simurq quşu bizim torpaqla bağlıdır: "Ey Allahın dostları! Deyilir ki, Qafqaz əslində Qaf dağıdır və Qaf dağı ilahi və səmavi Simurğun yuvasıdır. Allahın dostları gərək cəhd etsinlər və fədakarlıq göstərsinlər ki, həqiqətən, o ölkə Camalı-Əbhanın məhəbbət Simurğunun və uca üfüqün mərifət Ənqasının yuvası olsun. Və Salam və Səna sizin üzərinizə olsun." (Naxçıvan Bəhai icmasına yazılmış xeyir-dua, 1890-cı illərdə).

Ramazan Əsgərli

bottom of page