Yeni Dövr
Yeni Təfəkkür
Bab Pyesi və Tahirə Rusiya Səhnəsində
Sankt Peterburq, Rusiya, 23 yanvar 1904-cü il, Bədaye Teatrı. Axşam 19:30-da məşhur Şərqin bir tamaşası təqdim edildi. Bu İran tarixindən götürülmüş bir hekayə kimi elan edilmişdi. O auditoriyaya İran həyatından bir işartı təqdim etdi - zəngin xalça və balınclar olan salon, ticarətçiləri, xırdavatçıları və türbanlı sakinləri ilə küçə, şərq musiqisi və rəqsləri. Bab tamaşasında zal tam dolmuşdu. Bu, mövsümün ən qeyri-adi tamaşası idi. Səhnə tərtibatı, əlvan kostyumlar, İrana məxsus musiqi və rəqslər, hər şeydən daha mühümü isə, ruhlandırıcı əxlaqi və etik mesaj idi ki, hər kəsin daxili aləminə sirayət etmişdi. Hər pərdədən sonra, cəmi beş pərdə vardı, tamaşaçılar qalxır və müəllifi səhnəyə çağırırdılar, sonda isə onu çiçək yağışına tuturdular. Qəzetlər, hələ tamaşa qoyulmamışdan əvvəl, altı ya yeddi ay öncə kitab ilk dəfə çıxanda bu pyes barədə icmallarla dolu idi. 1903-cü ildə dərc edilmiş məqalələrin çoxu qeyd edirdi ki, pyes səhnəyə qoyulmalıdır, çünki onun bütün cəmiyyətə təsiri ruhlandırıcı olacaqdı. Pyes barədə yazılan rəylər çox müsbət idi. Əlbəttə, onlar ifadakı yaxud ssenaridəki kiçik məqamları və ya tarixlə uyğunsuzluqları tənqid edirdilər, lakin bütünlükdə mətbuat hadisəni şövqlə işıqlandırmışdı.
Bab və Tahirə rolları çox əla ifa edilmişdi, bunu hamı təsdiq edirdi. Hətta tamaşadan fotolar da qəzetlərdə dərc edilmişdi. Pyes özünün sülh, sevgi, dözümlülük və bütün insanların qardaşlığı mesajını o qədər uğurla təsvir edirdi ki, dörd tamaşadan sonra, ona çarın senzurası tərəfindən beş illik qadağa qoyuldu.
Pyesin müəllifi İzabella Arkadyevna Qrinevskaya idi, o polyak idi, Sankt-Peterburqda yaşayır, rusca yazırdı. Biz Qrinevskayanın ilk dəfə Tahirə və ya Bab haqqında nə vaxt eşitdiyini bilmirik. Mümkündür ki, o bu barədə rus romançı və dramaturqu İvan Turgenevdən (1818-1883) eşitmişdi. Oksfordda yunan dili professoru olan Benjamin Jovet (1817-1893) deyirdi ki, o, Turgenevin tez-tez Bab haqqında danışdığını eşidirmiş. Biz Qrinevskayadan bilirik ki, o, Turgenev haqqında öz təəssüratlarından bir oçerk yazmışdı və o da Teatr və İncəsənət jurnalında dərc edilmişdi.
Onun Yaxın Şərqə, xüsusilə də, Qafqaza marağı haradasa 1890-cı illərə, bəlkə də daha əvvəlki vaxtlara düşməlidir. O, şərq mövzusunda bir neçə şeir yazmış, fars dilindən şeirlər tərcümə etmişdi; o hətta gürcü və erməni dillərini o dərəcədə öyrənmişdi ki, bəzi məşhur şairlərin şeirlərini tərcümə edə bilirdi. Onun bu marağı bütün həyatı boyu davam etmişdi. Sonralar, 1925-ci ildə məşhur bir gürcü şairinin şeirini akademik cəmiyyətlərdən birində deklamasiya etməyi ondan xahiş etmişdilər.
Bab pyesindən başqa onun şərqlə bağlı digər mühüm əsərləri arasında Bəhaullah pyesi, mövzu ilə bağlı Rusiya tədqiqatları barədə uzun bir oçerki, Babi və Bəhai dinləri haqqında yazıları vardı ki, bunlar onun vəfatından iyirmi il sonra Paraqvayın paytaxtı Asunsonda çap edildi. Onun digər ədəbi əsərləri arasında pyeslər, oçerklər, şeirlər, monoloqlar və tərcümə işləri vardı. Tərcüməçi kimi, o, polyak, alman, fransız, italyan, ingilis, erməni və gürcü dillərindən rus dilinə tərcümələr etmişdir. O teatrın nəzdində dram məktəbində dərs deyirdi. Habelə on il ərzində Sankt Peterburqda fəlsəfədən mühazirələr oxumuşdu.
O, Bab pyesini 1900-cü ilin ətrafında yazmağa başlamışdı. O zaman artıq Bab və Bəhaullah haqqında Rusiyada geniş materiallar çap edilmişdi. Faktiki olaraq, qərbdə, Rusiyada ilk dəfə Babın tarixi haqqında kitab Sankt -Peterburq universitetinin şərqşünas professoru Mirzə Kazım Bəy tərəfindən (1802-1870) çap edilmişdi. Onun ardınca digərləri - Viktor Romanoviç Rozen (1849-1908), Jean Albert-Bernard Dorn (1885-...), Aleksandr Qriqoryeviç Tumanski (....-1920), Valentin Alekseyeviç Jukovski (1858-1918), və Georgi Batuşkov bu mövzuda yazmışdılar. Onların araşdırmaları onların Yaxın Şərqdə yerləşən müxtəlif Rusiya diplomatik missiyalarının rəsmiləri ilə əməkdaşlığa görə asanlaşmışdı, onlar yalnız informasiya vermir, həm də əl yazılarını da toplayırdılar. Bəhai Dini haqqında qərb tarixi yazılarının geniş icmalında Moojan Momen yazır ki, “Beyrutda Rusiya baş konsulu olan Georgi Batyuşkov İrana getmişdi və İvan Qriqoroviçin köməkliyi ilə “Babilər, İran təriqəti” adlı məqalə yazmışdı. O həm də Kitab`i-Əqdəsin bir nüsxəsini, Tahirənin əsərlərinin bir əlyazısını Asiya muzeyi üçün əldə etmişdi.
Pyesi Novoe Vremya qəzetinin üzərində qurulmuş çap imperiyasının redaktoru və Bədaye Teatrının sahibi Aleksey Sergeyeviç Suvorin (1834-1912) tamaşaya qoymuşdu. Rejissor Yevtixiy Pavloviç Karpov (1857-1926) idi. Sonra o uğurla Çexovun Albalı Bağı-nı qoydu. Yakov Sergeyeviç Tinski (1862-1922) Bab rolunu, Nadejda Nikolayevna Muzhil-Borozdina isə Tahirə ya da pyesdə tanındığı kimi Qürrət rolunu oynayırdı. Muzhil-Borozdina teatr truppasının üzvü idi və Qrinevskayanın digər pyeslərində də oynaya bilirdi, o cümlədən, 1908-ci ildə İntibahı (Renessans), 1909-cu ildə isə Məzhəkçilər-i (Şutı) oynadı. Pyes böyük bir quruluşda idi, ssenari səksən bir nəfər aktyor və üstəgəl, musiqiçilər və rəqqaslar tələb edirdi. Hadisələr Şiraz və Təbrizdə və Persapolis yaxınlığında bir kənddə cərəyan edir. Aleksandr Alekseyeviç İzmayılovun (1873-1921) yazdığı və Birjevie vedomosti-də dərc etdirdiyi rəy (o, Smolenski psevdonimi ilə yazırdı) tipik bir yazıdır ki, burada ona istinad edilməsinə dəyər, çünki o bizə pyes barədə qısa bir təsvir verir:
Onu bu şəhərdən o şəhərə qovurdular, çünki onun nitqi “səmadan gələn manna”(göydən tökülən nemət) kimi idi – sonra onlar onu mühakimə etdilər. Beləliklə, məşhur İran təriqət başçısı Əli Məhəmməd Babın tarixçəsinin mahiyyəti üçcə ayədə toplanıb və onun tarixi xanım Qrinevskayanı bu faciə poemasını yazmağa ilhamlandırmışdır.
Bu, son dərəcə maraqlı, dolğun və çox dərin faciəvi bir dramdır. İran – uzaq-uzaq səmalar, uzaq adətlər və yollar. Belə görünə bilərdi ki, bu qədər uzaq olan bir ölkə belə bir mövzuda Rusiya auditoriyasını maraqlandıra bilməzdi. Lakin universal xarakterli insanlar və tarixçələr vardır. Babın tarixçəsi də bunlardan biridir. O, iranlını olduğu kimi, bir rusu da yerindən oynadar və təsir edər. Bu demək olar, qəribədir ki, bizim ədəbiyyatda heç kəs belə bir heyrətamiz, həyatdan olan gerçək faciə barədə yazmamışdır. Təbii ki, bu əsərin yazılması müəllifdən böyük zəhmət tələb etmişdir. Əgər bütün bu zəhmət və səylər tamaşaçılar tərəfindən rəğbətlə qarşılanmasa, çox əfsuslar olardı. Lakin verilən dəyər tam və mükəmməl idi: Müvəffəqiyyətin qiymətləndirilməsinin başlanması - qiymətlər qaldırılsa da, teatr qapısına qədər dolu idi. Tamaşaçılar birinci pərdədən sonra müəllifi səhnəyə çağırdılar, sonra bu hər pərdədən sonra hər dəfə təkrar olundu, tamaşanın sonuna qədər, sonda isə müəllif çiçəklərlə əhatə olunmuşdu. Açıq idi ki, auditoriya bu ardıcıl, xüsusi üslublu tamaşanı xeyli bəyənmişdilər. Aktyorları da səhnəyə dəvət etdilər; qısası, hər şey uğurdan xəbər verirdi.
Babın tarixini burada nəql etməyə yəqin ki ehtiyac yoxdur. O bütün ensiklopediyalara daxil edilmişdir. Müəllif tarixi izləmiş və Əlinin həyatının bütün təsirli anlarından istifadə etmişdir. Tamaşaçıların qarşısında cəsarətli islahatçıya olan romantik eşqi ilə müctəhidin qızı Qürrətin romantik epizodu canlanır; Babın yüzlərlə insanı təbliğ etməsi səhnəsi; formalist, bürokratik mühafizəkarlarla onun ardıcıllarının mübarizəsi; Əlinin və onun ardıcıllarının məhkəməsi, onların zindana salınması və son nəticədə edam edilmələri.
Bəzi səhnələr son dərəcə təsirli, gözəl və milli koloritlə doludur. Gözəl, darıxan Qürrət atasının möhtəşəm və cah-cəllalı evində vaxtını gözəl kənizlərin rəqslərinə baxmaqla və onların əlvan libasda oxumaqları ilə vaxt keçirir.
Şirazda bir meydan, izdihamla dolu, həyat qaynayır, gözəl mənzərə və canlı bir həyat. İnsanların çeşidli dəstələri; ticarətçilərin yoğun səsləri, müəzzinin namaza çağıran əzanı. Əlinin daxil olması üçün möhtəşəm bir gözlənti əhvali-ruhiyyə hazırlanmışdır, bu zaman hər kəs susur, Şirazda dillər əzbəri olan kəsin intizarında dua və ehtiramlı bir halətdə gözləyirlər.
Əli və Qürrətin dini ayin kimi icra edilən toy mərasimi səhnəsi də çox təsirli idi; ayın solğun işığında babilərin sədaqət andı içmələri; Babın zindanda işgəncəsi və onun gəlin-sevgilisi ilə mehriban və nəvazişli söhbəti; və nəhayət ölüm hökmündən əvvəl hakimlərin suallarına onun cavabları. İran həyatı canlı şəkillər kimi tamaşaçıların gözlərinin önündən keçir. Bədii səhnə həllinin ən incə detalları belə əla saxlanılıb. İfaçıların parlaq geyimləri gözləri qamaşdırır. Yeni rəssamlıq səhnələri rəssam S.N.Vorobyov tərəfindən yaradılmışdır. Prodüser, rejissor, səhnə tərtibatçısı da burada qeyd olunmalıdır – onlara da layiq olduqları qiymət verilməlidir. Pyesdə dramatik məqamların çoxluğu, mahnı, musiqi və rəqslərin quruluşa daxil edilməsi bunun opera üçün də gözəl bir material ola biləcəyini göstərir. Bu dramın quruluşu və dekorasiyası və onun yüksək üslubu bu ideyanı təsdiq edir.
Xanım Qrinevskayanın pyesi nəcib idealizmlə çulğalanmışdır. O, tamamilə heca vəznində yazılmış, amma təəssüf ki, çox yerdə həddən artıq sözlər işlədilmişdir. Ümumiyyətlə, tamaşanın bəzi hissələri qısaldılsa, bundan ancaq qazanardı. Hətta Babın idealist nitqlərinə bəslənən rəğbətlə belə, bəzən onun həddən artıq uzun monoloquna qulaq asmaq darıxdırıcı olurdu. Çox güman ki, gələcək tamaşalarda bu ixtisarlar ediləcək və beləliklə, tamaşanı yarım saat öncə başlamaq zərurətini aradan qaldıracaqdır.
Cənab Tinski yaraşıqlı Əlini tam, kişiyana və ilhamverici gözəlliyi ilə, zahiri görkəmcə yaradır. Onun şəxsiyyətindən və nitqindən həqiqi idealizm qüvvəsi, paklıq gücü və iman nəşət edir. Onun pafosu yerində və qədərindədir. İnsan başa düşə bilər ki, niyə o qədər insan onun ardınca gedir, hətta həyatlarını onun yolunda qurban verirlər. “Gözlərin nuru” və müctəhid Salehin qızı xanım Muzil-Borozdina çox gözəl idi. Lakin İranın bu görkəmli qızının idealist və ruhani portretinə onun səsilə nəsə, bayağı bir çalar, bəzən də ümumi bir adilik manerası daxil olurdu ki, bu da oyunun ümumi yüksək tonu ilə ziddiyyət təşkil edirdi.
Digər ifaçılar arasında bu aktyorlar seçilirdi: Xanım Korsak, Messrs. Bastunov, Xvorostav, və Sudbanin. Cənab Çarnov hakimin – Hacı Bakirin rolunu çox yaxşı ifa edirdi. Rolların ümumi paylanışı və bütün ifaçıların öz rollarını qüsursuz bilmələri gözəl təəssürat yaradırdı.
Xanım Muzil-Borozdnaya və müəllifə çoxlu gül dəstələri verildi. Tamaşanın sonunda aktyorların səhnəyə dəvəti çox səsli və uzun idi.
Qrinevskayanın özü təsdiq edir ki, o qəsdən həqiqi tarixi faktlardan qaçmışdır ki, pyesi yeni dinlə və ya ilahi ənənə ilə tanış olmayan Rusiya tamaşaçısı üçün daha da uyğunlaşdırsın. Ona görə də pyesdə Tahirə nəinki Babla görüşür, həm də ona aşiq olur. Burada onun iki nitqi verilir, biri atasına, digəri isə Baba ünvanlanmışdır:
Qulaq as, ata, Əlinin sayagəlməz sərvəti vardır,
Qüdrətli şahlardan o daha zəngindir
O ancaq danışır, mənsə nura bürünmüşəm
Mənim məkanım qızıldan alışıb yanır.
Belə bir cehiz gətirən heç bir şah yoxdur,
Biz çox verə bilərik, o heç borclanmaz,
Dediyi hər sözü qüvvətlə dolu
Almazla bəzənmiş kimi bərq vurur
Onun parlaq nitqi qarşısında
Şirazın üzərindəki ulduzlu səma belə solur.
Ləl-cəvahirli hicabımızla yüksəlirikmi biz?
Ərimizin ləyaqətinə güvənirik biz.
Onlardır bizi bəzəyən. İndi qorxurammı mən
Dilənçinin əsasından yapışım. Əlinin ürəyində
Nə acı, nə fitnənin yeri var.
Şeytani fikirlərdən ancaq
Xəbis ürəklər tərəddüd eylər.
Bu isə Qürrətin Əliyə ( Bab) ünvanlanmış sözləridir:
Sənin qarşında mən dilsiz durmuşam,
Sənin nitqin başqa bir dünyaya məxsus
Sənin səsini eşidəndə, Əli, mən lal oluram,
Əli, mənim nişanlım, ər kimi seçimim!
Mənim iradəmin sultanı, o iradəni mən,
Sənin əllərinə təslim edirəm.
Allah kimi, Allah kimi yalnız Sən
Məni hidayət edirsən.
Arzumun yolunu sən göstər mənə
Mənim malik olduğum hər şey
Sənindir, əbədən, sənin!
Çəkdiyim hər nəfəs, hər bir düşüncəm
Ağam və ərim Əli, sənindir ölüncə.
Ehtiraslı bir səslə danışardım mən
Amma sənin dilsiz qulun olaraq!
Böyük bir bulud kimi süzərdim,
Ki, sənin üçün bir şeh kimi düşərdim.
Göydəki quşlar kimi azad olsaydım,
Amma sənin zəncirin mənə daha əzizdir,
Şahzadə olsaydım, bax o zaman mən
Sənin ayaqlarında kölən olardım.
Bu sətirlər Tahirənin şeirlərinə çox bənzəyir. Bu bəlkə də onu göstərir ki, Qrinevskayada Tahirənin əlyazıları varmış, ya da Edvard Braunun əsərlərinə əli çatırmış. Bab və Tahirə obrazlarının şəxsiyyət ucalığı çox gözəl təsvir edilmişdir.
Təəssüf ki, pyesin ömrü çox az oldu. Daha sonra dörd tamaşa oynanıldı - 26 və 30 yanvarda, 22 fevralda və 12 martda. Sonra senzura ona beşillik qadağa qoydu. Səbəbləri aydın deyil; bəlkə də, Qrinevskayanın özünün dediyi kimi, bu o zamanlar üçün çox “pasifist” idi. Rus-yapon müharibəsi yenicə başlamışdı. Lakin senzura yığıncağı olan idarədən tamaşa ilə bağlı tərif gəlmişdi. Senzura idarəsinin bu hərəkəti qeyri-rasional bir hərəkət idi. Onlar pyesin kitab kimi çap edilməsinə, habelə kitab barədə rəylərin dərc edilməsinə icazə verirdilər. Pyesin səhnələşdirilməsinə icazə verilmişdi, tamaşa barədə elanlar mətbuatda hər yerdə yığışdırıldı. Sonra “onlar” çox uğurlu, lakin qısa ömürlü tamaşaya qadağa qoydular. Buna baxmayaraq “onlar” tamaşa barədə rəylərin, hətta uzun rəylərin belə dərcinə, bəziləri hətta fotoşəkillərlə olmaqla aylar sonra icazə verirdilər. Voleslav Viktoroviç Qrodski (1865-?) Bab pyesindən bir yeri götürə bilmiş və ona musiqi bəstələmişdi; Əsədin mahnısı 1904-cü ildə çap edilmişdi. Belə görünür ki, pyesin qadağası ancaq Sankt Peterburqa aid idi, çünki deyilənə görə, onu dekabr ayında uğurla Həştərxanda tamaşaya qoymuşdular.
Amma bununla belə, senzuranın özünün bütün təbiəti qeyri-rasional və şizofrenik bir hərəkətdir. Qrinevskayanın əsərinin başına gələnlər Rusiya yazıçılarının çoxu üçün tipikdir. Onun senzura idarəsi ilə söhbətləri barədə o demişdi:
Mənim əsərlərimin çapı ilə bağlı heç bir senzura maneəsi yox idi, amma onlar səhnəyə qoyulanda mən bu tipli çox çətinliklərlə rastlaşdım. Məsələn, mənim tərcümə etdiyim pyesdə, “Druzya”, bu Mixaylosvski teatrında idi, mən bəzi parçaları çıxarmalı oldum. Birincisi, senzura Azadlıq (Svoboda) qəzetini satanın qışqıraraq çağırmasına (tamaşada) icazə vermədi. O zaman bu söz, habelə kooperativ assosiasiyalarla bağlı bəzi ehkamlar senzurada idi, lakin mən onu müdafiə edə bildim.
O zamanlar bu sözlər və ifadələr o qədər yeni idi ki, naşirlər seçkilər, kooperasiya assosiasiyaları, “azadlıq” haqqında müzakirələr olan pyesi yad hesab edirdilər. Mən Bab və “Surovıe dni” (Məşəqqətli günlər) əsərlərinin səhnələşdirilməsi üçün mübarizə apardım. Amma senzura həmişə tutarlı dəlillər qarşısında güzəştə gedir və hər şeyi “qadağan etmək” bir zərurətmiş kimi hərəkət etmirdi.
1917-ci ildə ikinci nəşr çapdan çıxdı və Petroqrad (əvvəlki Sankt-Peterburq) xalq teatrında tamaşaya qoyuldu. Tahirə rolunu Truze oynayırdı, bu tamaşa da hərarətlə qarşılandı. Pyes sonralar Fyodr Fyodroviç Fidler (1859-1917) tərəfindən alman dilinə, Nina Halperine-Kaminsky (1925-26-da vəfat etmişdir) tərəfindən fransız dilinə, anonim bir şair tərəfindən isə tatar dilinə tərcümə edildi. Müəllifin malik olduğu məlumata görə son tamaşa 1922-ci ildə Orlovun rejissorluğu ilə Aşqabadda qoyulmuşdur. Əli Əkbər Furutən (1905-2003), o zaman Rusiyada yaşayan iranlı mübəlliğ o tamaşanı belə xatırlayır:
1922-ci ildə bir qrup tanınmış Rusiya aktyorları o şəhərin Böyük Teatrında tamaşa göstərmək üşün Aşqabada gəldilər. Qrupun rejissoru özü də məşhur aktyor olan Orlov adlı bir nəfər idi, onun arvadı da tanınmış aktrisa idi. Bir sıra bəhailərin xahişi ilə qrup İzabella Qrinevskayanın mənzum dramı olan Bab əsərini bəzi bəhailərin maliyyə dəstəyi ilə tamaşaya hazırladılar, çoxlu məşqlər oldu, tamaşa hazırlandı. Tamaşa günü böyük sayda bəhailər və qeyri-bəhailər teatra toplaşdılar, lakin tamaşanın kuliminasiya nöqtəsində, marağın ən yüksək məqamında teatr zülmətə büründü. Yaxşı ki, bu fasilə uzun olmadı, bir neçə dəqiqədən sonra elektrik verilməsi bərpa edildi. Sonradan məlum oldu ki, rəğbəti olmayan bir neçə nəfər öz düşmənçiliklərini bu yolla göstərmək üçün küçədəki əsas kabelləri kəsmişlər. Lakin tamaşa davam etdi və çox da hərarətlə qarşılandı.”
Burada maraqlı bir faktı qeyd etmək yerinə düşər. Bu məqaləni yazarkən mən Milli arxivdə araşdırma apardım və Kaspi qəzetində bir elan gördüm. Elanın şəkli burda verilir.

Elan Qrinevskayanın Bab pyesinin Bakıda Tağıyev teatrının səhnəsində oynanılması barədədir. Elana görə o iki gün üçün nəzərdə tutulubmuş, lakin deyəsən bircə dəfə göstəriblər. Bu önəmli deyil. Önəmli olan budur ki, belə bir tamaşa o zaman Bakıda göstərilmiş. Bu, o dövrdə Bakıda ədəbi-ictimai mühitin ziddiyyətlərini üzə çıxarır. Elə bir mühitdə ziyalılar və mədəniyyət xadimləri necə bir cəsarətə malik olmalı idilər, yaxud Babilər hərəkatı və ya Bəhai dini necə bir maraq və şövq, eyni zamanda necə bir rəğbət və sevgi qazanmışdı ki, o insanlar fanatizm və qaragüruhdan qorxmayaraq bu tamaşanın Bakıda səhnəsində oynanılmasını təşkil etmişdilər. Hətta bircə dəfə oynanılsa da belə, bu tamaşa onun haqqında eşidən və ya onu görən ədiblərin, yaxud sıravi adamların beynində və ürəyində xurafata üsyan, azadlığa sevgi oyatmaya bilməzdi.
Yuxarıda qeyd edildiyi kimi ,Turgenev də Bəhai dini ilə maraqlanmışdı. Məlumdur ki, xıx əsrin 70-ci illərində rəsmi söhbətlərində bu din barədə dəfələrlə danışmışdır. Hətta 1879-cu ildə Oksfordda olanda görkəmli bəhai doktor Benyamin Jouetlə bu barədə söhbət etmişdi. Babi dini Tolstoyun da diqqətini cəlb etmişdi. Bu din haqqında o ilk dəfə 1844-cü ildə eşitmişdi. Düz on altı il müddətində onun yazışmalarında və gündəliklərində Babi dini haqqında onun fikirləri və danışıqları yer alır. Bu yeni din haqqında onun fikrini öyrənmək istəyən Firudin xan Bədəlbəyova məktubunda yazırdı ki, “bəhailiyə keçən babi dini ən böyük və düzgün dini təlimlərdən biridir.” Tolstoyun özü bəhai dinini müstəqil din hesab edir, və bu fikrə meyl edirdi ki, bəhailiyin ona görə gələcəyi var ki, o, başqa dinlər kimi, onları bir-birindən ayıran qondarma şeyləri atmaq və bəşəri vahid bir dinə çevirmək istəyir. L. N. Tolstoy İzabellla Qrinevskaya ilə də yazışırdı və onun “Bab” pyesi haqqında çox yaxşı rəy bildirmişdi. Məktublarının birində Tolstoy qeyd edirdi ki, babi təlimi prinsipial qardaşlıq, bərabərlik və sevgi ideyalarını təlqin etdiyi üçün böyük gələcəyi vardır. Böyük yazıçının bu məktubu dərc edilmişdi və bundan sonra rus ictimaiyyətinin Babi təliminə maraq kəskin şəkildə artmışdı.
Lakin ömrünün sonuna yaxın Tolstoy babizmdə xəyal qırıqlığına uğradı və yaxın adamların çevrəsində bu hərəkatı “məzmunsuz şərq ritorikası” adlandırdı. Ə. Məmmədxanova (Əli Əkbər Naxçıvaniyə) ünvanladığı məktubda (28 noyabr 1909) o bildirir: “Təəssüf edirəm ki, sizin göndərdiyiniz fikirləri əhəmiyyətli kimi qəbul etmirəm. Bütün bunlar tamamilə məzmunsuzdur. Bəhai təlimi ilə nə qədər yaxından tanış oluram, onu o qədər az qiymətləndirirəm və ona görə də çətin ki, o barədə kitab yazam.”
