top of page

İkinci Fəsil

Bəhai Dini və Azərbaycanda Maarifçilik

 

19-cu əsrin sonlarında və 20-ci əsrin əvvəllərində Azərbaycanda gedən maarifçilik hərəkatını sadəcə rus ədəbiyyatı və ictimai fikrinə, onun vasitəsilə Azərbaycana gələn Avropa mədəniyyətinə bağlamaq məsələyə bir tərəfli yanaşmaqdır. Doğrudur, bu hərəkatın və onun önündə gedənlərin ideya mənbəyi əsasən Rusiya təhsili və onun vasitəsilə bizim çıxış əldə etdiyimiz Avropa ədəbiyyatı və ictimai fikri olsa da, onların formalaşmasında Yaxın Şərqdə, o cümlədən qonşu İranda və elə Şimali Azərbaycanın özündə gedən proseslər də müəyyən rol oynamışdır. Bu hərəkat, əsas etibarilə, Qori seminariyasının məzunları, Parisdə, Sankt-Peterburqda təhsil almış ədiblərimiz tərəfindən bəslənilirdi.

Bundan əlavə 19-cu əsrdə Yaxın Şərqdə baş qaldırmış müxtəlif dini cərəyanlar da Azərbaycana daxil olmuşdu. Bunlar, həm də sadəcə, ideya formasında deyil, yaxud əhalinin təhsilli kəsiminin və ya belə deyək, "qəzetçilərin" təfəkküründə deyil, sadə əhali arasında da müəyyən qədər özünə yer etmişdi. Bunlardan ən təsirlisi, əhali arasında yayılanı, təbii ki, babilik, sonra isə bəhailik idi.

 

Mirzə Fətəli Axundov, Qasım bəy Zakir, Seyid Əzim Şirvani, Mirzə Ələkbər Sabir, Cəlil Məmmədquluzadə kimi ədib və maarifçilərin tənqid etdikləri dini cərəyanlar və ya ideyalar həmişə o dövrdə hökm sürən mövhumat və cəhalət kontekstində qiymətləndirilir, dini baxışların, ümumiyyətlə, maarifçiliyə daha xidmət etmək iqtidarında olmadığına qəti inanırdılar. Əlbəttə, bu bir tərəfdən başa düşüləndir. Çünki maarifçilər yaxşı başa düşürdülər ki, hökm sürən cəhalətin mənbəyi dindir, din adı ilə insanların şüuruna yeridilmiş mövhumat və boş inanclardır və canfəşanlıq edən mollalardır.

Mirzə Fətəli Axundov Kəmalüddövlə Məktublarında Yazırdı:

“Kəmalüddövlə Cəlalüddövləyə yazır: "Despotun zülmünün təsiri və ruhanilərin fanatizminin gücü sənin xalqının zəifliyinə, bacarıqsızlığına, köləliyinə səbəb olmuşdur. Onun qabiliyyət cövhərini pas tutmuşdur. Onu alçaqtəbiətliliyə, zəlilliyə, rəzilliyə, köləliyə, yaltaqlığa, riyakarlığa, nifaqa, məkrə, hiyləyə, qorxaqlığa, ikiüzlülüyə adətkərdə etmişdir. Sədaqət, ədalət, vəfa, comərdlik, şücaət, alicənablıq, yüksək iradəlilik, könlü-gözü toxluq kimi bütün gözəl və nəcib fitri sifətləri onun təbiətindən silmişdir. Onun xəmirini bu saydığım sifətlərin əksi olan pis sifətlərlə yoğurmuşdur... Sənin padşahın dünyanın tərəqqisindən xəbərsiz öz paytaxtında oturub elə güman edir ki, padşahlıq ibarətdir qiymətli paltarlar geyməkdən, ləzzətli xörəklər yeməkdən, 

rəiyyətlərin və təbəələrin malına, canına hədsiz-hüdudsuz hakim olmaqdan və ya ondan ibarətdir ki, xalq ona baş əyib səcdə qılsın və alçaq qullar kimi onun qarşısında əmrə müntəzir dursun, axmaq şairlər də onu uşaq yerinə qoyub mənasız mübaliğələrlə tərifləsinlər... Bu bədbəxt padşah bilmir ki, xarici ölkələrdə onun adı çəkiləndə hamı ikrah edir və nifrətlə üz çevirir". Bu, babiliyin və sonra da bəhailiyin doğulduğu mühitin çox dəqiq təsviridir. Buna bənzər təsvirə, bəhai tarixində də, məsələn, Nəbil Zərəndinin “Dan yerinin şəfəqləri” kitabında da rast gəlirik.

Dini mövhumatın, xurafat, fanatizm və cəhalətin hökm sürdüyü belə bir gerçəklikdə, ağıllı və təhsilli adamlar dinə hansı münasibəti göstərməli idilər? Lakin onlar dinin özünün mahiyyəti, əslində, İslamın anlaşılmaması ucbatından, dinin verə biləcəyi hər hansı bir faydadan imtina edirdilər. Din, onların fikrincə daha insanlara fayda verə bilmirdi, Avropada isə deyirdilər ki, “Allah ölüb.”

 

Mirzə Fətəli Axundovdan söz düşmüşkən, onun “Babi əqidələri” məqaləsi bu təlim barədə sadəcə məlumat xarakterlidir və Axundov babiliyə elə bir münasibət göstərmir. Lakin babilik barədə Axundova istinad edənlər, onun öz görüşlərindən əvvəl, babilik haqqında danışmaq üçün onu din pərdəsinə bürünmüş bir ictimi-siyasi hərəkat, üsyan, din xadimləri və hakimiyyətin əleyhinə qalxmış, eyni zamanda xarici qüvvələr tərəfindən dəstəklənən bir hərəkat kimi təqdim edirlər. Müasir bəhailiyi qətiyyən araşdırmadan isə, onu imperialist qüvvələrin əlində bir alət olması barədə cəfəng fikirlər formalaşdırırlar.

 

Burada bir prinsipial məqam vardır ki, onu mütləq qeyd etmək lazımdır, çünki o məqama fikir verilməməsi və yaxud göz ardı edilməsi, tarixi ədalət baxımından çox yanlışdır. Tarix həm ədalətlidir, həm də çox ədalətsizdir. Onun ədalələtliliyi tarixi faktların gec də olsa, üzə çıxması və etiraf edilməsindədir. Ədalətsizliyi isə ideologiya, təəssübkeşlik, qərəz, maraq və s. amillərin onun yazılmasına, şərhinə saldığı kölgəyə görədir. Bu gün yüz il əvvəlin tarixinə, elə Azərbaycan tarixinə baxdıqda, insanların min illər boyunca həqiqətə etdikləri xəyanətin tarixin və ictimai inkişafın, nəticədə isə xalqların taleyində hansı faciələrə gətirib çıxardığını aşkar görmək olur. Odur ki,  bu gün, çox yaxın tariximizi qiymətləndirərkən də, ideoloji və təəssübkeşlik amillərinin onun obyektiv araşdırılmasına və şərhinə, bəlkə min il sonrakı Azərbaycanın tarixinə qara səhifələrin yazılmamasının təmin edilməsinə kömək edər. Çünki tarixi hadisələrin xronologiyasından daha çox, onun fəlsəfi şərhi, xüsusilə, bu gün onun mənəvi və ruhani şərhi daha mühümdür. Çünki bunu yeni dünya, bəşərin yetişdiyi bu dövr və yeni tələbatlar zəruri edir və bu cür obyektiv şərhsiz artıq gələcək qurmaq mümkün deyil. Digər tərəfdən, dinin, ümumiyyətlə, tarix səhnəsində rolu o qədər mühümdür ki, `millətlərin tarixi, faktiki olaraq dinlərin tarixidir`fikrində həqiqət payı kifayət qədər çoxdur.

 

19-cu əsrin ortalarından etibarən başlamış sürətli oyanış bütün Avropanı tutmuşdu, Azərbaycana gəlib çatan isə, müasir ictimai-siyasi fikirlərlə yanaşı, azərbaycanlıların, əgər biz böyük filosof və şairlərimizi nəzərə almasaq,  min il xəbərsiz qaldıqları fəlsəfi baxışlar idi, halbuki bu fəlsəfi baxışlar hələ o zaman Avropanın özündə köhnəlmişdi. Maarifçi ideyaların Azərbaycana nüfuz etməsi barədə kifayət qədər yazılmışdır və müəlliflərin də, demək olar ki, hamısı bunu rus və Avropa təhsilinə, mədəni və ictimai fikrinə bağlamışlar.

Biz isə bu məsələyə, heç bir şeyə iddia etmədən, bir qədər fərqli  bucaq altında yanaşmaq istərdik. 

 

19-cu əsrin ortaları, daha doğrusu 1830-40-cı illərdə İran və Azərbaycanda bir oyanış başlamışdı. Bu əsasən Şeyxilər təliminə, sonra isə Babilik hərəkatına bağlı idi. Çünki İslam ənənələrinə görə, İmam Mehdi zühur etməli idi və konkret şəxslər, Bəhreyndə Şeyx Əhməd Əhsai, onun ardınca Kərbəlada Seyid Kazım Rəşti,  Azərbaycanda, Ordubadda isə Molla Sadıq Vənəndli, onun ardınca isə yenə də Ordubadda Seyid Əbdül Kərim insanları yeni zühurun gəlişinə hazırlayırdılar. Maraqlıdır, hazırlıq əbəs deyildi. Zühur doğrudan da baş verdi – bu cahanşümul hadisə 1844-cü il 23 mayda Şiraz şəhərində Seyid Əli Məhəmmədin özünü  vəd olunmuş Qaim və ya Mehdi  elan edərək nəinki ölkənin, bütövlükdə bəşəriyyətin tarixində yeni bir dövrün başlandığını elan etdi.

 

Babi dininin teoloji tərəflərinə baş vurmadan, dərhal onu qeyd edək ki, Babın gətirdiyi qanun və təlimlər o qədər inqilabi, o qədər maarifpərvər  idi ki, həqiqi mənada, nəinki cəmiyyətə, dini inanclara və din xadimlərinə, hətta ən savadlı və qabaqcıl düşüncəli insanların belə dünya görüşlərinə meydan oxudu. Onun təlimlərində sosial kontekst o qədər güclü idi ki, hətta bu gün  də onu din adlandırmaqdan çəkinir, onun din fonunda bir ictimai hərəkat olduğunu qeyd edirlər.

 

Babın çağırışları cəmiyyətin bütün təbəqələrindən olan insanlarda açıq rəğbət doğurdu. Din tarixində birinci dəfə idi ki, özünü peyğəmbər elan etmiş Şəxsə ilk iman gətirənlərin böyük bir hissəsi əhalinin savadlı zümrəsindən idi. Ona görə də babilik İranda və Şimali Azərbaycanda çox sürətlə yayılmağa başladı. Onun sürətlə yayılmasının digər səbəblərindən biri təlimlərin cəlbediciliyi idisə, daha biri də  artıq insanların buna hazırlığı və ya Şeyx Əhməd Əhsai və ya Molla Sadığın simasında ona hazırlanması idi. 

 

Bu yazının məqsədi bütövlükdə Babi və Bəhai dinlərinin tarixini şərh etmək deyil, daha çox onların Azərbaycanın ictimai-sosial həyatına, ədəbiyyat və mədəniyyətinə göstərdiyi təsirə, səthi də olsa, nəzər salmaqdır. 

 

İlk öncə onu deyək ki, Həzrət Baba ilk iman gətirən 18 həvvarinin yeddisi Cənubi Azərbaycanın müxtəlif şəhər və vilayətlərindən olub milliyyətcə azərbaycanlı idilər: Molla Mahmud Xoyi, Molla Cəlil Urumi, Molla Əhməd Abdal Marağayi, Molla Bağır Təbrizi, Molla Yusif Ərdəbili, Tahirə Qürrətül-Eyn və Ənis ləqəbli Mirzə Məhəmmədəli Zünuzi.

Zunuzi haqqında ayrıca danışmaq lazım gəlir. Mən ləqəbi Ənis olan Mirzə Məhəmmədəli Zunuzini nə üçün bu məqaləyə daxil etmişəm. Səbəbi onun bir azərbaycanlı olması və insanlıq tarixində onunla müqayisəyə gələcək bir aşiqin olmamasıdır. Nəbil Zərəndinin Bəhai dininin tarixindən bəhs edən kitabında- Dan Yerinin Şəfəqlərində o, edam edilməsindən bir gün əvvəl Həzrət Babla Ənis arasındakı söhbəti belə təsvir edir:

 

“Cənab Seyid Hüseynin danışdığına görə, həmən gecə Həzrət Bab o vaxtadək müşahidə olunmayan bir sevinc içərisində idi, hədsiz şadlıq və şuxluqla yanındakı əshabələrlə söhbət edirdi. O cümlədən Həzrət Bab demişdi: “Şübhə yoxdur ki, sabah məni öldürəcəklər. Əgər indi sizlərdən biriniz qalxıb mənim həyatıma son qoysanız, bu daha yaxşı və daha xoş olar.” Hamımız ağlamağa başladıq, belə müqəddəs Şəxsi öz əlimizlə öldürmək fikrindən dəhşətə gəlib bir söz demədik. Bu dəm Mirzə Məhəmmədəli Zunuzi ayağa qalxıb dedi: Mən sizin hər bir sözünüzü yerinə yetirməyə hazıram.” Biz Mirzə Məhəmmədəlinin əlindən tutub ona mane olmağa çalışırdıq ki, Həzrət Bab dedi: “Mənim iradəmi qəbul edən bu gənc mənimlə birlikdə şəhid olacaq. Mən bu iftixara qovuşmaqda onu özümə şərik seçmişəm.”

 

Deyilənə görə, Həzrət Bab bu zaman demişdir ki, bu eşqin zirvəsidir. Bu gənc eşqin zirvəsini fəth etdiyi üçün, əbədiyyətə qədər “həm cismən, həm də ruhən” onunla “birgə qalacaqdır”. Və doğrudan da, onlar güllələndikdən sonra onların nəşlərini ayırmaq olmur və bir yerdə də onları dəfn edirlər. Şair və filosofların min illərdir vəsf etdikləri ilahi eşqin təcəllisi bu gəncin bu hərəkəti ilə bütün parlaqlığı ilə şəfəq saçdı və insanlığın tarixində İlahi İradəyə insan oğlunun tabe olduğu təqdirdə necə bir məqama yetişəcəyini gerçəkdə, fiziki olaraq göstərdi. Qalın-qalın kitabların mövzusu olmuş fənayi-fellah, təsəvvüfün son mərtəbəsi bu azərbaycanlı gənc tərəfindən beləcə əldə edilmiş, onu əbədiyyətə qovuşdurmuşdur. İslamın mahiyyətini bu gənc bu hərəkəti ilə göstərmişdir. Onun başqa mənalarını harda axtarmaq olar. “Həzrət Əlidən belə bir fikir söyləyirlər: “Elm bir nöqtədir, cahillər onu çoxaltmışlar.”

 

Ənisin bu hərəkətini qəhrəmanlıq adlandırmaq olmur. Bu təslimiyyətlə qalib olmaqdır ki, bu hərəkət yeni yaranacaq mədəniyyətə,  ədəbiyyata  çox çeşidli mövzular verəcəkdir.  Belə bir hərəkət nədən 170 ildir ki, bəstəkarların, yazıçıların yaradıcılıq mövzusu olmamışdır? Səbəblər müxtəlif ola bilər: laqeydlik, təəssübkeşlik, konformizm və s...

 

Təbii ki, din cahanşümul bir fenomendir və bir millət üçün gəlmir. Bu məsələni yada salmaqda məqsəd sadəcə fəxr etmək deyil, Bəhai dininin azərbaycanlı təfəkkürünə, düşüncə tərzinə, ədəbiyyatına və dünyagörüşünə təsirinin köklərini araşdırmaqdır. Adları yuxarıda qeyd olunanlardan iki şəxsin üzərində xüsusilə dayanmaq istərdim.

bottom of page