top of page

Bakı Bəhai "Ruhani" Cəmiyyəti

Tarix üzrə fəlsəfə doktoru Nəsiman Yaqublunun “Azərbaycanda vətəndaş cəmiyyəti təsisatlarının tarixi: ilk QHT-lərin yaranması və fəaliyyəti” adlı kitabından:

“1909-cu ilin oktyabrında Bakı şəhər qubernatoruna Musa Nağıyevin, Ağakişi Əliyevin, Əşrəf Kərimovun, Baba Səmədovun və İsmayıl İbrahimovun Bakı bəhai "Ruhani" cəmiyyətini təsis etmək üçün ərizə verilmişdi.

Bəhaist-lər dini-kosmopolitizm-in təliminin davamçılarıdır və İranda XIX əsrin ortalarında yaranmışdır. Bəhaizm elmlə dinin birləşdirilməsi ehtiyacını və şəxsi mülkiyyətin müdafiəsini vacib sayırdı. XX əsrin başlanğıcında bəhaizmin müəyyən qədər yayılması Azərbaycanda da baş verdi.

Cəmiyyətin nizamnaməsi 1910-cu ilin yanvarında Bakı cəmiyyətləri və ittifaqları haqqında işlər üzrə iclasda təsdiq edilmişdi. Cəmiyyət öz qarşısında Bakı quberniyası ərazisində bəhaizm tərəfdarlarının arasında savadın və ibtidai təhsilin yayılmasını hədəf qoyurdu: məktəblərə dəstək göstərmək, dərsliklər çıxarmaq, kitabxana-qiraətxana açmaq, tamaşaları və ədəbi axşamları qaydaya salmaq, kasıb bəhaistlərin orta təhsil müəssisələrinə daxil olmasına kömək etmək və s.

1910-cu ilin fevralında "Ruhani" cəmiyyətinin üzvlərinin yığıncağı oldu.Gizli səsvermədə  aşağıdakılar şuranın üzvləri seçildi: A. M. Nağıyev, A. K. Əliyev, Şeyx Ələkbər Gorani, A. Kərimov, M. Q. Əsədullayev, M. Tahirov, İ. Uskul, A. V. Yaqubov, A. Z. Quliyev, A. M. Nağıyev isə fəxri sədr seçilmişdi.

Hər il cəmiyyət tərəfindən bəhaist uşaqlarının tərbiyəsinə və təhsilinə, şagirdlərin təliminin (təhsilinin) ödənişinə, dərsliklərə vəsait ayırır, kasıb bəhaistlərə maliyyə dəstəyi olurdu. 1915-ci ildə İdarə Heyəti müharibədən zərər çəkmişlərin xeyrinə 200 rubl vəsait ayırdı.

Beləliklə, xeyriyyə cəmiyyətləri ayrı-ayrı şəxslər kimi Azərbaycan xalqının maariflənməsinə öz payını verdi, Azərbaycan mesenatlığı tarixində dərin iz qoydu. Xeyriyyə cəmiyyətlərinin fəaliyyətinə ana dilinin inkişafı, məktəblərin açılışı, kitabxanalar, axşam maarifləndirici kursları daxil idi. Qeyd edək ki, mesenatlıq - bu yalnız ayrı-ayrı şəxslərin təsirli qayğısı deyil, bacarıqla hazırlanmış iş, institut idi.

Azərbaycanda mədəni-maarifçilik cəmiyyətlərinin yaradılmasında milli burjuaziyanın nümayəndələri bilavasitə və fəal iştirak edirdilər.

Sonda qeyd etmək lazımdır ki, dövrün əhəmiyyətli hadisələri ilə əlaqədar olaraq xeyriyyəçiliyin yüksək inkişaf etdirilməsinə Azərbaycanın başqa sahibkarlarının da fəaliyyətini  aid etmək olar.”

Göründüyü kimi, Bakı Bəhailəri Ruhani Cəmiyyəti o zaman Bakıda fəaliyyət göstərən 5-6 maarifçi cəmiyyətdən biri idi və yalnız bəhailərə deyil, digər şəxslərə və tələbələrə də yardım göstərir, təhsillərinə yardım edirdi. 

bottom of page