top of page

Bəhai Dininin Araşdırılmasında

Subyektivizm və Onun Nəticələri

Babizmin Azərbaycanda və Türküstanda yayılması daha bir cəhətdən fenomenaldır. Hətta Rusiya hökumət adamlarının və ziyalılarının özlərinin etiraf etdikləri kimi, Kazanda ruslar tatarlarla sıx əlaqədə idilər, tatarlar dövlət qulluğunda idilər, onlar tədbirlərdə çox yaxın ünsiyyət edirdilər, lakin heç vaxt din haqqında söhbət etmir və ya bundan son dərəcə ehtiyatlanırdılar. Babizm səbəb oldu ki, nəinki şərqşünaslıq cameəsində, həm də rəsmi hökumət dairələrində islam və xristianlıq haqqında danışılsın, babizm onlarla müqayisə edilsin. Bəhailiyin mütərəqqi ideyaları özlüyündə xalqları və dinləri yaxınlaşdırsa da, sadəcə bu təlimin haqqında danışılması da baryerləri götürdü və tamamilə yeni bir ictimai mühit yaratdı. Bu ictimai mühit isə böyük yazıçıların, filosof və siyasi xadimlərin bulunduqları bir mühit idi. Azərbaycan mütəfəkirləri də təbii ki, bu mühitdən qidalanmışdılar. 

Hətta bu gün bizim müasir ədəbiyyatçılarımızın və fikir adamlarının ehtiyatla yanaşdıqları mövzu- Babi və bəhailiyin elmi tərəfdən araşdırılması son 100-150 ilin qaranlıq pərdəsi altındadır. 20-ci əsrin əvvəllərində Bəhailər Bakıda geniş fəaliyyət göstərirdilər və onların yerli hökumətlə yazışmaları və əlaqələri vardı. Bəhailərlə qurulacaq münasibətləri müəyyən etmək üçün yerli hakimiyyət həm o zamanın şərqşünas alimlərindən məlumatlar alırdılar, həm də diplomatik qulluqda olan şərqşünasların istər İranda, istərsə də Qafqazda babi və bəhailər haqqında gizli məlumat toplamaqla görəvləndirirdilər. Bu faktlara Tumanski və Rozenin məktublarında rast gəlmək olar. Bundan əlavə, Bakı qubernatorunun özü bəhai icmasının fəaliyyətini və onların inanclarını araşdırmağı konkret şəxslərə tapşırmışdı. Bu məsələ, yerli hakimiyyət adından Dini İşlər İdarəsinin rəsmisi  S. Rıbakovun  adından Daxili İşlər Nazirliyinə yazılmış hesabatda öz əksini tapmışdır. Məktubda bir paraqrafda deyilir: “Yerli hakimiyyətin tapşırığı ilə, 1896-1897-ci illərdə Bakı Bəhailərinin həyatı haqqında müfəssəl araşdırmalar aparılmış, bəhailərin xeyrinə olan çox müsbət nəticələr alınmışdır.” (S. Şahvar, B. Morozov, Gad G. Gilbar, The Bahais of İran, Transcaspia and Caucasus, ıı cild, səh. 157).

Babiliyin yarandığı dövr İran və Rusiya arasında çox həssas və maraqlı münasibətlər vardı. Gülüstan (1813) və Türkmənçay (1828) müqavilələri yenicə bağlanmışdı. Rusiya özünü Qafqazlarda yenicə möhkəmlətmək imkanı əldə etmişdi və xeyli qüvvə və maliyyə sərf edirdi ki, özünü bu strateji əhəmiyyət daşıyan regionda möhkəmlətsin. Şeyxilərin cənubda, Molla Sadıq və şagirdlərin isə Naxçıvanda insanları Babın (Mehdinin ) gəlişinə hazırlamaları Çar Rusiyasını əndişələndirməyə bilməzdi. Arazın hər iki tayında güclü babi icmalarının meydana çıxması, digər tərəfdən İranda Babilər hərəkatının geniş vüsət alması rusların nəzərincə, şah rejiminə təhlükə yaratmaqla yanaşı, onların özlərinin mövqeyinə təsirsiz ötüşməyəcəkdi. Molla Sadığın Ordubadda və Naxçıvanda on minə çatan ardıcılının, Təbriz və Makuda, Ərdəbil və Xoyda minlərlə sayılan babilərin əlbir olması çox mümkün idi və bu bütövlükdə Arazın hər iki tayında Rusiya hökumətinin maraqlarına Azərbaycan təhlükəsi də yarada bilərdi. Babilər dinin, ümumiyyətlə bəşəriyyətin tarixində yeni eranın başladığını, yeni düşüncə və fikir tərzinin doğduğunu, ruhani oyanışın başladığını təbliğ edirdilər və təbii ki, Rusiya hökuməti bu oyanışa  laqeyd qala bilməzdi. Rusiya hökuməti istənilən bir hərəkatı və insan toplumunu təhdid hesab edir, hətta yuxarıda qeyd etdiyimiz kimi, diplomatik nümayəndələrindən başqa, xüsusi tapşırıq almış adamlarını da Təbriz və Tehranda yerləşdirmişdi ki, onlara bu barədə dəqiq məlumat çatdırsınlar. Dediyimiz kimi, Molla Sadığın və Seyid Əbdül-Kərimin Ordubaddan sürgün edilmələrinin səbəbi də məhz bu idi. 1840-cı ildə babilər qara bayraq altında Vəd Olunmuş Kəsin gəldiyini elan etmək üçün Məşhəddən yola çıxanda (İslam hədislərinə görə Mehdi qara bayraq qaldırmalı idi və onun 313 nəfərdən ibarət dəstəsi olmalı idi) ölkənin çox məşhur üləmaları Ona qoşuldular. Şaha yaxın və hakimiyyət hərisi din xadimləri hökuməti inandırdılar ki, babiləri öz başına buraxmaq olmaz, onlar şahın hakimiyyətinə təhlükədirlər və onları birdəfəlik məhv etmək lazımdır. Odur ki, Zəncan, Neyriz və Mazandaran hadisələri baş verdi. Babilərin mərdliyini, rəşadətini, qorxmazlıqlarını, sayca özlərindən on və yüzlərlə dəfə çox olan şah qoşunlarını darmadağın etmələri və bütün məşəqqət və işgəncələrə baxmayaraq dinlərindən dönmədiklərini görən Rusiya hökuməti babilərin eyni şeyi Qafqazda da edə biləcəklərindən qorxurdu. Ona görə də 1890-cı illərə qədər Rusiya hökumətinin özü də babilərdən çəkinirdi və sakitcə, lakin mümkün olan hər yolla onları nəzarətdə saxlayırdı. Lakin sonradan, Həzrət Bəhaullah 1863-cü ildə Özünün Babın Vəd verdiyi Kəs olduğunu elan edəndə və qılıncı qınına qoymağı əmr edəndən sonra da rusların bundan xəbəri yox idi və hələ də babi xofu qalmaqda idi. Babilərin o zamankı obrazı bu gün də qalmaqdadır, hərçənd onlar heç vaxt birinci olaraq silah qaldırmadılar, ancaq müdafiə olundular. Sadəcə Mazandaran, Neyriz, Zəncan hadisələri buna misaldır. O zaman Çar hökuməti ilə şiə din xadimləri arasında ciddi bir əlaqə vardı, təəccüblü deyil ki, Rusiya diplomatlarının və şərqşünaslarının ilk kontaktları yüksək rütbəli din xadimləri idi və ona görə də onlar babilər haqqında təhrif olunmuş, həqiqətə uyğun olmayan, bu gün də ədəbi və ictimai mühitdə o zamandan bəri özünə yer etmiş çox uydurma məlumatlar alırdılar. Yalnız XX əsrin əvvəllərində həm babilərin, daha doğrusu bəhailərin özləri ilə əlaqələrə görə, həm də Tumanski və Baron Rozen kimi həqiqi tədqiqatçıların yazılarına əsaslanaraq bəhailər haqqında onlarda obyektiv fikir formalaşdı və onların Aşqabadda və Bakıda rəsmi fəaliyyətlərinə icazə verdilər.

Çox maraqlı bir cəhəti qeyd etməyə bilmərik. Bəhai dinini və Babiliyi bilavasitə Azərbaycan tədqiqatçılarından çox az adam araşdırmışdır, onlar da, ya dövrün ideologiyası baxımından, ya da müsəlman təəssübkeşliyi mövqeyindən araşdırmışlar. Çoxu isə subyektiv, bəhailərin düşmənlərinin, əsasən də, din xadimlərinin fikir və şayiələrindən qaynaqlanan mülahizələrlə doludur. Adlarını yuxarıda qeyd etdiyimiz Rusiya şərqşünasları, Braun, Qobino kimi Avropa şərqşünasları elmi dairələrdə bəhailik barədə mühazirələr oxumuşlar.

Bəzi qondarma filosofların elmi fəlsəfə tarixinə baxışdan çox da uzağa getməmişdir. Din və ədəbiyyat tarixi isə müxtəlif ədib və mütəfəkkirlərin fikirlərinin sadalanmasından, onların yeni qondarma nəzəriyyə və maraqlara uyğun şərhindən başqa bir şey demir. Eyni şeyi sovet ideoloqları vaxtilə Füzuli, Nəsimi, Sabir, Cavid üçün də etmişdilər. Hərçənd onların dedikləri və düşündükləri onların yaradıcılıqlarına verilən şərhlərdən çox fərqli idi. Ona görə də humanitar elmləri bu cür şərhlərdən qorumaq, onun məhz insanın inkişafına və onun transformasiyasına xidmət etməsini əsas kriteriya kimi götürərək qiymətləndirmək lazımdır.

Bəzən alimlər və ədəbiyyatçılardan bu fikirləri eşidəndə insanı heyrət bürüyür: M.F. Axundov babilər haqqında belə yazıb; M. Kazım Bəy babilərdə qadın kommunizmindən danışıb; M.O. Ordubadi Dumanlı Təbrizdə mollanın dilindən belə deyib. Bütün bu deyilənlər həqiqəti necə əks etdirə bilər?

Bu adları çəkilən şəxslərin dünyagörüşü, yaxud bir araşdırması nə dərəcədə həqiqət ola bilər? Əgər onlar babiliyi və ya bəhailiyi dərindən və dini kontekstdə araşdırsaydılar, əgər onlar, ümumiyyətlə, Allaha inanan olsaydılar, onların səmimi axtarışlarının son nəticəsi Babı və Bəhaullahı qəbul etmək ya da ən azı, bu barədə öz gördüklərini və obyektiv bildiklərini yazmaq olardı.  Digər tərəfdən onların dedikləri o zamandan bəri nə dərəcədə özünü göstərmişdir. Babilik zatən bəhailikdən sonra aradan qalxmış və missiyasını yerinə yetirərək tarixin səhnəsindən çoxdan çəkilmişdir. Bəhailik isə çoxlarının dediklərinin əksinə olaraq, parçalanmamış, Bəhaullahın təlimlərinə sığınaraq cəmiyyətqurucu gücünü artıq sübut etmişdir. Bu gün bəhailik, elə 20-ci əsrin əvvəllərində olduğu kimi, maraqlar nöqteyi-nəzərindən araşdırılır. Lakin ümumiyyətlə, insanın İnkişafına və bəşərin təhlükəsizliyinə, dünyada sülhün bərqərar olmasına qərəz, təəssüb, siyasi və iqtisadi maraqdan kənar bir kontekstdə baxıldıqda, bəhai təlimlərinin necə kəsərli bir dərman olduğunu etiraf etmək çətin deyil.

Yuxarıda qeyd etdiyimiz kimi, Rusiyanın özündə, habelə şimali Azərbaycanda bəhailik barədə ziddiyətli baxışların olması həm də rəsmiləri çaşdırırdı və bu gün də bu aktual bir məsələdir. Lakin 20-ci əsrin əvvəllərindən fərqli olaraq, bu ziddiyyət 21-ci əsrin əvvəlində daha həll olunmamış qala bilməz. Çünki bunun nəticələri həm ictimai fikir, həm də ümumiyyətlə, Azərbaycanın ümumi inkişafı və həqiqi maraqları üçün son dərəcə zəruridir ki, ona laqeyd qalınmasın. Ədəbi-fəlsəfi fikri, tarixi hadisələrin şərhini və  Azərbaycan cəmiyyətinin inkişaf imkanlarını qərəzli, təəssübkeş, dardüşüncəli, inanan qiyafəsi  geyib özünü təəssübkeş göstərən qondarma ziyalı və alimlərin əlinə buraxmaq olmaz. Çünki bəhai icması inkişaf edib cəmiyyətin həyatında fəal rol oynadıqca, insanların özlərinin müstəqil araşdırmaları ilə yanaşı, fikir adamlarının da diqqətini çəkəcək və o zaman bu çox böyük əhəmiyyət kəsb edəcəkdir.

Amma bununla belə, bu təlimlərdəki mütərəqqi ideyalar onların fikir və düşüncələrinə təsir etməmiş deyildi. Bəhai təlimlərinin geniş müzakirlərə səbəb olması S.Ə. Şirvaninin, M.Ə.Sabirin, Ə. Qəmküsarın, Y.V.Çəmənzəminlinin və M.S. Ordubadinin əsərlərində geniş yer alır.

bottom of page