top of page

Ön Sözün Davamı

19-cu əsrin ortalarından etibarən başlamış sürətli oyanış bütün Avropanı tutmuşdu, Azərbaycana gəlib çatan isə, müasir ictimai-siyasi fikirlərlə yanaşı, azərbaycanlıların, əgər biz böyük filosof və şairlərimizi nəzərə almasaq, min il xəbərsiz qaldıqları fəlsəfi baxışlar idi, halbuki bu fəlsəfi baxışlar hələ o zaman Avropanın özündə köhnəlmişdi. Maarifçi ideyaların Azərbaycana nüfuz etməsi barədə kifayət qədər yazılmışdır və müəlliflərin də, demək olar ki, hamısı bunu rus və Avropa təhsilinə, mədəni və ictimai fikrinə bağlamışlar.  Biz isə bu məsələyə, heç bir şeyə iddia etmədən, bir qədər fərqli bucaq altında yanaşmaq istərdik.

İlk öncə onu deyək ki, Həzrət Baba ilk iman gətirən 18 həvvarinin yeddisi Cənubi Azərbaycanın müxtəlif şəhər və vilayətlərindən olub milliyyətcə azərbaycanlı idilər: Molla Mahmud Xoyi, Molla Cəlil Urumi, Molla Əhməd Abdal Marağayi, Molla Bağır Təbrizi, Molla Yusif Ərdəbili, Tahirə Qürrətül-Eyn və Ənis ləqəbli Mirzə Məhəmmədəli Zünuzi. Təbii ki, din cahanşümul bir fenomendir və bir millət üçün gəlmir. Bu məsələni yada salmaqda məqsəd sadəcə fəxr etmək deyil, Bəhai dininin azərbaycanlı təfəkkürünə, düşüncə tərzinə, ədəbiyyatına və dünyagörüşünə təsirinin köklərini araşdırmaqdır. Adları yuxarıda qeyd olunanlardan iki şəxsin üzərində xüsusilə dayanmaq istərdim.

Qayıtmaq

Çünki tarix hadisələr xronologiyası olsa da, onun fəlsəfi şərhi, xüsusilə, bu gün onun mənəvi və ruhani şərhi daha mühümdür. Zira bunu yeni dünya, bəşərin yetişdiyi bu dövr və yeni tələbatlar zəruri edir və bu cür obyektiv şərhsiz artıq gələcək qurmaq mümkün deyil. Digər tərəfdən, dinin, ümumiyyətlə, tarix səhnəsində rolu o qədər mühümdür ki, millətlərin tarixi, faktiki olaraq dinlərin tarixidir fikrində həqiqət payı kifayət qədər çoxdur.  

 

19-cu əsrin ortaları, daha doğrusu 1830-40-cı illərdə İran və Azərbaycanda bir oyanış başlamışdı. Bu əsasən Şeyxilər təliminə, sonra isə Babilik hərəkatına bağlı idi. Çünki İslam ənənələrinə görə, İmam Mehdi zühur etməli idi və konkret şəxslər, Bəhreyndə Şeyx Əhməd Əhsai, onun ardınca Kərbəlada Seyid Kazım Rəşti, Azərbaycanda, Ordubadda isə Molla Sadıq Vənəndli, onun ardınca isə yenə də Ordubadda Seyid Əbdül Kərim insanları yeni zühurun gəlişinə hazırlayırdılar. Maraqlıdır, hazırlıq əbəs deyildi.

 

Zühur doğrudan da baş verdi – bu cahanşümul hadisə 1844-cü il 23 mayda Şiraz şəhərində Seyid Əli Məhəmmədin özünü vəd olunmuş Qaim və ya Mehdi elan edərək nəinki ölkənin, bütövlükdə bəşəriyyətin tarixində yeni bir dövrün başlandığını elan etdi. Babi dininin teoloji tərəflərinə baş vurmadan, dərhal onu qeyd edək ki, Babın gətirdiyi qanun və təlimlər o qədər meydanoxuyucu, o qədər maarifpərvər idi ki, həqiqi mənada, nəinki cəmiyyətə, dini inanclara və din xadimlərinə, hətta ən savadlı və qabaqcıl düşüncəli insanların belə dünya görüşlərinə meydan oxudu. Onun təlimlərində sosial kontekst o qədər güclü idi ki, hətta bu gün də onu din adlandırmaqdan çəkinir, onun din fonunda bir ictimai hərəkat olduğunu qeyd edirlər. Babın çağırışları cəmiyyətin bütün təbəqələrindən olan insanlarda açıq rəğbət doğurdu. 

 

Din tarixində birinci dəfə idi ki, özünü peyğəmbər elan etmiş Şəxsə ilk iman gətirənlərin böyük bir hissəsi əhalinin savadlı zümrəsindən idi. Ona görə də babilik İranda və Şimali Azərbaycanda çox sürətlə yayılmağa başladı. Onun sürətlə yayılmasının digər səbəblərindən biri təlimlərin cəlbediciliyi idisə, daha biri də artıq insanların buna hazırlığı və ya Şeyx Əhməd Əhsai və ya Molla Sadığın simasında ona hazırlanması idi. Bu yazının məqsədi bütövlükdə Babi və Bəhai dinlərinin tarixini şərh etmək deyil, daha çox onların Azərbaycanın ictimai-sosial həyatına, ədəbiyyat və mədəniyyətinə göstərdiyi təsirə, səthi də olsa, nəzər salmaqdır. 

bottom of page