Yeni Dövr
Yeni Təfəkkür
Ədəbi Meyllər
Qloballaşma milli təfəkkür daşıyıcılarına bəzən bir təhdid kimi görünür. Onun qarşısıalınmaz irəliləyişi sanki milli kimlik, milli mədəniyyət, əsrlərlə yaranmış və qorunub saxlanmış adət-ənənələr üçün bir kabusa çevrilir. Elmin və texnologiyanın inkişafı bu prosesi sürətləndirir. Qloballaşma prosesinə bütün bəşəriyyət məruz qalmışdır, bu sadəcə qərb mədəniyyəti və elminin bir hücumu deyildir. O, idarəedilməz, kortəbii bir şəkildə gedir, maraq və rəqabət ideyalarından qidalanır, hələ tam qüvvə yığmadığından, ona müqavimət göstərən qüvvələrin bir qədər rezizstentliyi qaldığından, onun mütləq qələbəsi uzaq görünür. Lakin başqa bir tərəfdən də baxdıqda, qloballaşma bir təhdid kimi görünmür, əksinə, ictimai-sosial təkamülün növbəti və qaçılmaz mərhələsi olduğu üzə çıxır. Həmişə olduğu kimi, ictimai dəyişikliklər və sosial sıçrayışlar mənəvi-ruhani cəhətdən bir boşluqda baş verə bilməz, nəzəri olaraq belə bir boşluq təsəvvür olunsa - hərçənd bu gün ənənəvi din məfhumunun tənəzzüllə eyniləşdiyi bir vaxtda belə bir təsəvvür yarana bilər - qloballaşma bütün xalqlar üçün bir fəlakət gətirə bilər. Bəhai təlimləri bu proseslərə də işıq salır, onun həm təbii olmasını, həm də müəyyən dərəcədə idarə edilməli olması zərurətini üzə çıxarır. Bu zaman ədəbiyyatın baş verən proseslərə münasibəti də dəyişilmək məcburiyyətindədir. O, həyatın bütün aspektlərinin ifadəsi və ya inikası ola bilər, lakin fərdin mənəvi transformasiyası, rasional cəhətdən inkişafı və psixi-emosional cəhətdən yetkinləşməsi heç vaxt ictimai-sosial proseslərdən kənarda baş vermir və təbii ki, ədəbiyyat da “əbədi” mövzular deyib insana tanış gələn, lakin rəngi və forması, o cür də məzmunu xeyli dəyişmiş və dəyişməkdə olan anlayış və münasibətlərin, daxili transformasiyaların təsviri cəhətdən oxucuya bir şey vermək iqtidarında deyil. O, yol axtarmaqda davam edir, bir mərhələdə elmi-fantastika populyarlaşır, bir vaxtlar dedektiv oxunmağa başlayır, bir başqa vaxt dərin sosial təbəddülatlar və fərdin çarpışmaları tünd rənglərlə təsvir predmeti olmağa başlayır. Yazıçı ümumi proseslər haqqında anlayışa malik olmadıqda, sadəcə “faktların konstatasiyası” ilə məşğul olmağa başlayır, yeni dövrün ruhunu, epoxanın iztirablarını və onun səbəblərini bilmədiyindən, həm öz ruhu, həm də oxucuların ruhu ilə sövdələşməyə gedir, oxucu da buna hazırdır, çünki o da `aldadılmaq` istəyir ki, `ruhun canatmalarını” məmnun edə bilsin, konsumerizm əsrində vicdanın tələblərini surroqatlarla təmin etsin. Bu arada, yazıçı təbii ki, bu sövdələşmədə bir qədər `udur`, populyarlaşmaq fəndləri üzərində düşünməyə məcbur olur. Nəticədə ədəbiyyat ziyan çəkir, ya da əgər bu bilərəkdən edilirsə, həm ruha, həm də ədəbiyyata xəyanət edilir. Bu arada, yazıçı kütlə zövqü və meyllərindən də yararlanmaq istəyir. Ədəbiyyatın mövzuları genişdir, lakin o, dinlə həmişə bağlı olmuşdur. Sosial həyatın elə bir cəhəti yoxdur ki, onun prinsiplərinin və qanunlarının kökü dində olmasın. Yazıçıların bu gün din, inam mövzularını ədəbiyyatda təsvir etmələri iki tərəfdən uğursuzluğa məhkumdur. Biri köhnə dini anlayışlar səbəbindəndir ki, onlar həm özlərini təsdiq etmək, həm də oxucunun rəğbətini qazanmaq üçün bu amildən qabarıq istifadə etmək zorundadır, amma burada o mütləq ziddiyyətlərlə qarşılaşır və baş qaldıran sualları sadəcə cavabsız buraxır. İkinci tərəfdən isə dində yeniliyi qəbul edə bilməməsi, həm onun özünü çıxılmaz vəziyyətə salır, həm də yeni ideya üfüqləri onun qarşısında buludlarla örtülmüş olur. Bu gün mənim rastlaşdığım bir çox yazıçı və şairlər məhz bu durumdadırlar. Bəhai dininin gətirdiyi yenilikləri, təfəkkürün üfüqlərini sonsuz dərəcədə açan ideyaları səmimi olaraq etiraf etmək gücündə görünmürlər. Əxz etdiklərini isə öz dahi ideyaları və dərin fəlsəfi düşüncələri kimi, mənbəyə istinad etmədən təqdim edirlər. Ədəbi və ictimai konyuktura, konformizm onların kredosuna çevrilmişdir.
Təbii ki, mən heç də bütün yazıçıların bəhai dininə münasibətlərini bilmirəm, lakin onların çoxu bəhailik haqqında bir qədər məlumata malikdirlər. Yazılarında çox cəsarətli görünsələr də, arxa planda öz adlarını “bədnam” etməmək üçün bəhai dininə laqeyd münasibət göstərirlər.
Burada bir haşiyə çıxmaq istərdim. Azərbaycanda yazıçıların və şairlərin qəribə bir obrazı vardır. Bu obraz sovetlər dövründə yaradılmışdır. Yazıçı və ya şair, xüsusən də məşhur biri olmaq sadə insanların, çox vaxt tələbələrin, böyük bir gənclər ordusunun fikrinə istiqamət verir, onların kumirinə çevrilirlər. Bu obraz dağıdılmalı, onlardan olan gözlənti də çox olmamalıdır. Təkrar olsa da, bir daha qeyd etməyi zəruri hesab edirəm. “Bu gün başqa bir gündür, onun söhbəti də başqa cür olmalıdır.” Bu gün bir sıra ağıllı adamın bütün insanları yönəltməsi günü deyildir, bu artıq anaxronizmdir. Həzrət Bəhaullah “həqiqətin müstəqil axtarışı” prinsipini gətirmişdir. Hər kəs həqiqəti özü axtarmalı, öz gözü ilə görməli, öz qulağı ilə eşitməli, fikirləşib ürəyində özü qərar verməlidir. Yalnız bu zaman o ədalətli bir insan adlandırılmaq haqqı qazana bilər. Ona görə də yeni epoxada ədəbiyyatın da cəmiyyətdə rolu, funksiyası dəyişməli, yeni cəhətləri inkişaf etdirilməli, fərd, və cəmiyyət o cümlədən,cəmiyyət və onun təsisatları arasındakı münasibətlərə yeni baxışla baxmalı və onları ədəbiyyata gətirməlidir.
“Poeziyanın mənası var, çünki həyatın, göz yaşlarının, insanların, doğuşun, insan yaşantıların mənası var ” Jimi Santiago Baca deyir.
Poeziya, bütövlükdə ədəbiyyat ürəyi nəcibləşdirir, ruhun canatmalarına cavab verir, insanı qəddarlaşmağa qoymur. Bir zərurət kimi çıxış edir. Lakin onun da hüdudları vardır, o hüdudlardan sonra dinin meydanı başlayır.
Ədəbiyyat insanlara mesaj daşıyır. O mesaj mütləq ali məqsədlərə xidmət etməlidir. Nə qədər realist olsa da, kökündə xeyir bəsləməlidir.
Həzrət Əbdül-Bəha poeziyada, digər hər hansı bir incəsənət növündən ruhani məqsədlər üçün istifadə etməyi başa düşənləri təşviq edirdi. Məktubunda O, bəstəkar və şair Loise Waite –ə yazırdı:
“Həqiqətən, mən sənin şeirini oxudum. Onun mənası gözəl, şeiriyyəti bəlağətli, sözləri əla idi. O, sanki müqəddəslik quşlarının ötüşü idi... onu eşidəndə dostların sinələri genişləndi, Mərhəmətlinin kənizlərinin ürəkləri fərəhləndi. Belə gözəl bir şeir və parlaq bir mirvari yaratdığın üçün xoş sənin halına.” -Həzrət Əbdül-Bəhanın Lövhləri, I cild, səh. 57-58.
İrandan 9 yaşı bir oğlana isə yazmışdı:
“Sən ey şirin dilli! Sənin şeirin ruha və ağıla heyranlıq, sənin şeirin böyük Rəbbin lütfünün bir əlamətidir. Ona görə də sənin şərabın saf şərabdır, ürəyin nur guşəsi, alnın məhəbbətdən parlaqdır. Əgər dünya insanlarının insafları olsaydı, sənin şeirinin şirinliyi kifayət edən bir sübut olardı.”- Həzrət Əbdül-Bəhanın Lövhləri, II cild, səh. 404.
Bütün incəsənət növlərindən danışarkən, onların “Hamısının Müqəddəs Ruhun bəxşişləri” olduğunu söyləyərək buyurmuşdu: “İstənilən incəsənət Müqəddəs Ruhun bəxşişidir. Onun işığı musiqiçinin ağlını işıqlandıranda o gözəl melodiyalarda təzahür edir. Həmçinin şairin zəkasını nurlandıranda, heyrətamiz poetik formada yaxud incə nəsr formasında inikas edir. Həqiqət Günəşinin işığı rəssamı ilhamlandıranda o əsrarəngiz rəsmlər yaradır. Bu bəxşişlərin hər biri özünün böyük təyinatını yerinə yetirir....”
Daha sonra O buyurur: “Bu bəxşişlər o zaman öz yüksək məqsədinə çatır ki, onlar Allahı tərifi əks etdirirlər.”– Həzrət Əbdül-Bəha, Lady Blomfield, Seçilmiş Yol, səh. 167.
Ona görə də, hələ də insanların mənəvi və ruhani inkişafını yönləndirən insanlar din adamları (bunların hökmən din xadimi olması vacib deyil) və ziyalılar, o cümlədən ədəbiyyat adamları olduğundan, onların özlərinin dünyagörüşü, mənəvi-ruhani aləmləri, şəxsiyyətlərinin bütövlüyü, həqiqətə və ya gerçəkliyə münasibətləri çox böyük əhəmiyyətə malikdir. İndiyə kimi, yəni Bəhai dininin gəlişinə qədər, savadlı zümrə savadsız zümrəyə öyrətməli idi, bu hələlik bu gün də davam edir, lakin zamanında belə bir “öyrətmə” aradan qalxacaqdır.
Müsəlman cəmiyyətlərində yüz illər ərzində Həzrət Məhəmmədin son Peyğəmbər olması inancının əsas sütun olduğu bir `kainat` qurulub ki, onun sisteminə alternativ baxış Kopernikin yerin günəş ətrafında fırlanması fikrinin o dövrün inanclarına meydan oxumasından daha təhdidedici görünür. Bu, kor-koranə olsa da, hələlik böyük bir kütlə üçün belədir və bu məsələnin sorğulanmasını məhz din xadimləri yasaqlamışlar. Onlar nəinki özlərinin, həm də insanların qəlbini möhürləmiş, hətta düşünən zümrənin belə fikrini həbsə salmışlar. Çünki bu kainatın bir elementi olub ondan təsirlənməmək çətin ki mümkün olsun.
Başqa dinlərdən fərqli olaraq, Bəhai təlimləri təsdiq edir ki, dinin özü elmin və ağılın diktəsi ilə uyğun olmalıdır. Məhz bu səbəbə görə bir çox müşahidəçi və tədqiqatçılar bəhai dinin “elmi din” adlandırırlar. Bu istilah sadəcə bəhai dininin elmlə dinin harmoniyası barədə təməl prinsipinin yanaşmasını göstərmir, həm də dünya bəhailərinin elm, texnologiya, tibb və etika barədə müasir suallara cavablarını xarakterizə edir və bəhailərin ruhani gerçəkliyin mövcudluğunun rasional, əqli və məntiqi izahına münasibətlərini təsvir edir.
Həqiqi din cəmiyyətə birlik gətirir. Bu gün bəşəriyyət dünyanı saran münaqişə və müharibələrdən əziyyət çəkir. Sivilizasiyanın davam etməsi üçün birlik son dərəcə lazımdır. Əslində din özünün təmiz formasında birlik mənbəyidir. Dinin təzahür formalarının müxtəlifliyi heç vaxt mübahisə səbəbi olmamalıdır, əslində, dünyanın böyük dinlərinin korlanmamış formasına və təlimlərinin mahiyyətinə baxanda orada ziddiyyət deyil, birlik görünür. Din heç vaxt münaqişə və ixtilaf mənbəyi olmamalıdır; əks halda, o əsl məqsədinə çata bilmir.
Allah hər bir insanda kainatın sirlərini öyrənmək və şeylərin səbəb və əsası barədə suallara cavab axtarmaq istəyi qoymuşdur. Kollektiv şəkildə, bəşərin əsrlər boyu fiziki, sosial və intellektual gerçəkliyi başa düşmək üçün bəşəriyyətin səyləri sistemsiz olmamışdır, mütəşəkkil olmuşdur. Elm kəşf və dərk etmək üçün bu səyləri təşkil edən bir bilik və praktika sistemi kimi düşünülməlidir.
Tarix boyu, sivilizasiya biliyin iki prinsipial sistemi kimi elm və dindən asılı olub, onlar sivilizasiyanın inkişafını yönəldib, onun intellektual və mənəvi güclərini istiqamətləndiriblər. Elmi metodlar bəşəriyyətə imkan verib ki, fiziki reallığı və müəyyən dərəcədə də cəmiyyətin özünün işlərini idarə edən qanunlar və proseslər barədə uzlaşmış anlayış yaratsın. Dini qavrayışlar isə insanın məqsədi və onun təşəbbüskarlığının dərin suallarına aid anlayışlar verir. Tarixdə bu iki amilin razılıqda işlədikləri dövrlərdə xalqlar və mədəniyyətlər özlərini dağıdıcı vərdiş və adətlərdən azad edərək yeni səviyyə texniki, bədii və etik nailiyyətlərə çatıblar. Əslində, əməl bilikdən doğur, ona görə də, elm və din insan iradəsinin aləti və ya ifadəsidir. (İnsanlığın Rifahı, Beynəlxalq Bəhai İcmasının Bəyanatı, 1995)
Beləliklə, sivilizasiyanın irəlilədilməsində iştirak etmək bizim hər birimizdən gerçəkliyə elmi tərzdə yanaşma qabiliyyəti inkişaf etdirməyimizi tələb edir.
Bu gün yeni bir baxış gərəkdir. Ona görə də bu yazının adı “Yeni dövr, Yeni təfəkkür”dür. Çünki köhnə arşınlarla, Bəhaullahın istər maddi, istərsə də mənəvi aləmlərdə açdığı yeni fəzaları ölçmək mümkün deyil. Yeni bir ölçü lazımdır. İnsanlar isə tarixi və tarixdəkiləri təqlid etməli deyil, ondan ibrət almalıdırlar. Bəhai dininin bədii ədəbiyyatda inikasında yeni dövr artıq başlamalıdır. İnsanlıq, o cümlədən biz, birdəfəlik anlamalıyıq ki, bizim növbəti inkişaf mərhələsinə keçidimiz mənəvi boşluqda baş verə bilməz, və biz insan olaraq bu dünyada bir-birimizlə münasibətlərimizi, həm fərd olaraq, həm də xalqlar olaraq, düzgün qura bilməsək, hələ bizim xəyal belə edə bilmədiyimiz inkişaf üfüqləri heç vaxt açılmayacaqdır. Amma çox gec qaldıq......
