top of page

Birinici Fəsil

 

İlahi Təkan

Ilahi Təkan

Ha! Əvvəli Yaxındır!!

 

“Bu əsrdə bütün yer əhli arasında yeni bir həyat çağlamaqdadır, lakin hələ heç kəs bunun səbəbini tapmayıb və mahiyyətini anlamayıb. Görürük ki, Qərb əhalisi əslində heç bir faydası olmayan cılız bir şeydən yapışıb, özü də onun meydana çıxıb yüksəlməsi yolunda minlərlə canı qurban vermiş və verməkdədir. İran əhalisi isə sədası, ülviyyəti və əzəməti bütün aləmi bürümüş bu möhkəm və sarsılmaz Əmrin zühuruna baxmayaraq, ölgün və solğun bir haldadır.” (Həzrət Bəhaullah, Seçmələr, 96)

 

“Bu ən əzəmətli, bu yeni nizamın təsirindən dünyanın tarazlığı pozulub, məxluqatın gözünün bənzərini görmədiyi bu misilsiz, bu ecazkar Nəzmin təsirindən bəşərin müvazinətli həyatı kəskin dəyişikliyə uğrayıb.” (Həzrət Bəhaullah, Seçmələr, 70)

“Heyvani təbiətin tələbi ilə hərəkətə gələrək, mənfəətpərəsət insanlar özlərini qonşularından üstün tutmağa çalışırlar. Təəssüb və üstünlük hissi ilə sövq olunaraq, rəqabət aparan qruplar öz xudbin maraqlarına xidmət edir və öz iradələrini başqalarına zorla qəbul etdirməyə çalışırlar. Üstün olmaq savaşının tələsinə düşmüş bir bəşəriyyətin gündəlik fəaliyyətini təcavüz və konfliktlər səciyyələndirir.” Həzrət Bəhaullah təsdiq edir:  O zamandan ki, üstünlük və müstəsnalıq arayıcılığında olmaq meydana çıxdı, bu dünya xaraba qaldı. O viranəyə döndü...

  

Bəhai Dininin Vəlisi Şövqi Əfəndi “Millətlərə çağırış” əsərində yazır: “Bəşəriyyətin daxil olduğu bu yeni və böyük dövrün Peyğəmbəri Həzrət Bəhaullahın məqsədi keçmiş Vəhyləri dağıtmaq deyil, keçmiş Vəhyləri yerinə yetirməkdir, bu günkü cəmiyyətin dağılmasına səbəb olan bir-birilə konflikt edən inancların fərqlərini vurğulamaq deyil, onları barışdırmaqdır.

Onun məqsədi Ondan əvvəl gələn Peyğəmbərlərin məqamını aşağılamqdan və ya Onların təlimlərini kiçiltməkdən çox uzaq olmaqla bu təlimlərdə ehtiva edilən fundamental həqiqətlərin elə bir formada yenidən təsdiqidir ki, bunlar bizim yaşadığımız dövrün ehtiyaclarına uyğun gəlsin, onun qabiliyyəti ilə ahəngdar olsun, onun problemlərinin, xəstəlik və çətinliklərinin həll olması üçün tətbiq oluna bilsin. Onun missiyası insan nəslinin körpəlik və uşaqlıq yaşının keçdiyini bəyan etməkdir, bu missiya ondan xəbər verir ki, bəşərin

böyüməsinin indiki mərhələsi ilə bağlı olan həyəcanlar, onu yetkin yaşa tədricən və ağrıdan keçməklə çatdırır və qılıncın qına qoyulacağı, İsa Məsihin vəd verdiyi Mələkutun bərqərar olacağı və planetdə sülhün mütləq və həmişəlik təmin olacağı o Əsrlər Əsrinin yaxınlaşmasından müjdə verir. Bəhaullah Öz Vəhyinin son olmasını da iddia etmir, bəlkə bunu belə şərtləndirir ki, Qüdrətlinin, taleyinin bu böhranlı anında bəşəriyyətə lütf etmək üçün Ona həvalə etdiyi həqiqət, özünün tam ölçüsündə bəşərin sabit və sonsuz təkamülünün gələcək mərhələlərində açılacaqdır.”

Şövqi Əfəndinin bu sözlərinin kontekstində, bizim necə şanlı bir dövrdə yaşadığımızı təsəvvür etmək olar. Adəmin idrak ağacının meyvəsindən dadmaqla özü haqqında biliyi necə bir dəyişiklik yaratmışdısa və ümumiyyətlə, insanlığın həyatında bu nə dərəcədə böyük bir mərhələ idisə, Bəhaullahın gəlişi ilə, insanlığın özünün vahid bir irq olmasını tanıması və bu anlayışın nəticələrinin necə bir inkişafa gətirə biləcəyini ancaq xəyal etmək olar. Bəşəriyyət nadir hallarda bir bütöv olaraq, sosium olaraq öz varlığının, inkişafının şüurlu şəkildə fərqində olub, bu isə, ancaq böyük Peyğəmbərlərin təlimlərində rüşeym şəklində, mütəfəkkir insanların isə ancaq xəyallarında mövcud olub. Bu gün isə hər bir insan nəinki bunun fərqində olmalı, həm də onu dərk etməli, onun üçün çalışmalıdır. 

Hər bir xalqın ictimai-siyasi tarixi olduğu kimi, onun mənəvi tarixi də vardır. Mənim məqsədim bir tarixçi kimi müəyyən hadisə və prosesləri izah etmək deyil, Azərbaycanın gələcəyinə işıq tutacaq müəyyən proseslərə fərqli, ictimai, elmi və ədəbi cəhətdən diqqətdən kənar qalmış bir cəhətdən yanaşmaqla Azərbaycan bəhailərinin bu dinin yaranmasından bəri fəaliyyətləri və milli-mənəvi dəyərlərə töhfəsi barədə fikir yürütməkdir. 

Bu mənada, Bəhai Dini bəşəriyyətin tarixində necə yeni bir era başlatmışsa, o cür də bu din Azərbaycan xalqının, mənəvi həyatında keçmiş 170 ildə  müəyyən aşkar və dolayı təsirlər göstərmişdir.

Tarixə keçməzdən əvvəl, 19-cu əsrin ortalarında bütün dünyada bir gözləntinin olduğunu yada salaq.

bottom of page