top of page

İsmayıl Qaspıralı 

Firudin bəy Köçərli, Əlimərdan bəy Topçubaşov, Nəriman Nərimanov, Məmməd Əmin Rəsulzadə, Ceyhun bəy Hacıbəyli, Haşım bəy Vəzirov, Əhməd bəy Ağaoğlu, Əli bəy Hüseynzadə, Əliabbas Müznib, Məhəmməd Hadi, Soltan Məcid Qənizadə, Xəlil Xasməmmədov, Cəlil Məmmədquluzadə, Əhməd Cavad… kimi yetişdirdiyi parlaq simaları, eləcə də digər türk xalqlarının Ziya Göyalp, Mehmət Əmin Yurdaqul, Yusif Akçuraoğlu, Çələbi Cahan, Cəfər Seydəhməd Krımər, Fuad Körpülüzadə, Məhəmməd Fatih Kərimi, Ayaz bəy İshaqi, Abdullah Battal kimi görkəmli xadimləri, mücahidləri, qələm, kəlam sahibləri İsmayıl Qaspiralının fədakar fəaliyyətini şükranlıqla dəyərləndirmişlər.(ətraflı bax: Abid Tahirli. Bütün türklərin tərcümanı (təkrar və təkmilləşdirilmiş  nəşr), Bakı, “Ozan” nəşriyyatı, 2012 –ci il, 312 səh.).

İsmayıl Qaspıralı Türküstana səfər edərkən Bakıdan keçmişdir. O özünün “Türküstan xatirələri”ndə bir bəhai ilə görüşməsi və uzun bir söhbət etməsi barədə yazır. Bu xatirələrin Bakıya aid hissəsində əsas yeri elə onun bəhai ilə söhbətləri tutur. Onun xatirəsini olduğu kimi, Azərbaycan dilinə uyğunlaşdıraraq verirəm.

İsmayıl Bəy Qaspıralının Bakı Ziyarəti 

Daşkəndə etdiyim səyahətimdə Bakıda dayanmalı oldum. Necə də dayanmayaydım, məcbur etdilər. Nə qədər xəbərsiz gəlməyə çalışsam da, Bakılı dostlarım Tiflisdən teleqram alıb düşdüyüm müsafirxananı tapıb məni tutmuşdular. Beləcə bir neçə ziyafət, və cəmiyyətlər və dili-candan müzakirələr keçdi. Məhz bu gözəl günlərin birində sabah ertədən çay başında bulunduğum halda, müsafirxana xidmətçisi odaya girib “Sizi bir İranlı görmək istəyir” dedi. Həmd olsun, qaibanə dostlarım az olmadığından, gələn-gedən əskik deyildi. “Buyursunlar”, dedim. Uzunboylu, möhkəm bünyəli, olduqca gözəl geyinmiş  bir azərbaycanlı türkü içəri girdi... Xoş-beş, salam-kəlamdan sonra çay süfrəsində bir araya gəldik. Beş-on kəlmə kəsdikdən sonra anladım ki, müsafirim nə adi mollalardan, nə dükançı sinfindəndir. Danışıq tərzi pək açıq və sadə, bəyan etdiyi fikirlər pək dərin və təftişli olub bir Azərbaycan türkü üçün qayət sərbəst və liberal görünür kimi idi. Ticarət ilə bir çox illər Rusiyada və Frəngistanda (Fransada) gəzən və yaşayan Azərbaycan türkləri görmüşdüm ki, zəka və təbii bacarıqları sayəsində pək çox məlumat və fikir sahibi olmuşdular. Müsafirimi də bunlardan biri zənn etdim. 

- Rusiya içərisində və ya  Avropada bulundunuzmu, dedim.

- Xeyir.

- Biliyiniz çox genişdir. Çox mütaliə buyurmuşsunuz, bu yerlərdənsinizmi, dedim.

- Təşəkkür edirəm, əfəndim... Lakin təhsil  və mütaliəm çox zəifdir. Əslən Təbrizliyəm, Bakıda isə mühacirəm.

- Türk dilindən başqa bildiyiniz bir dil varmı?

- Xeyr, əfəndim. Bir az bildiyim ancaq Türkidir. 

 

Bu xəbərləri aldığım ilə İranda qəti qadağan olunmuş olan Babi məzhəbi tərəfdarlarından olduğuna bənzədərək və əgər belə isə, pək az məlum olan etiqadi-Babiyyədən bəzi xəbərlər almağa qərar verdim. 

Bunun nəticəsində səyyah və qəzetçi olduğum üçün hər şeyin həqiqətini anlamaq, hər görüləcək şeyləri  görmək vəzifədən olduğunu söyləyib mövcud bütün inanclara səbr və təhəmmüllə, hökmü-zaman və fərizayi-insaniyyət olduğunu deyərək söhbətə davam etdim. 

- Əgər babilərdən istəsəniz və ya Babilər haqqında bilginiz varsa, istifadə etmək istəyirəm. .. Bunlar haqqında bir xeyli məlumatım var isə də həqiqi durumları məlum deyil... Bilmək istərdim, dedim.

- Əvət, əfəndim, Babiyəm. Məzhəbimin əsası maarifdir(bilgi və mədəniyyətdir). Ona görə də siz maarifpərvərimizin ziyarətini vacib bilib gəldim. Sual edin, əfəndim; Cavab verərəm, dedi. 

Bundan sonra aramızda xeyli söhbət baş verdi ki, bunların da bir miqdarı aşağıda dərc olunur. Babilərin inancları haqqında mühakimə və ya tənqid yazmaq fikrində deyiləm. Cüzi bir məlumat vermək üzərə mükaliməni olduğu kimi yazıram.

 

- İranda babi məzhəbinə mənsub olanlar çoxmudur?

- Saylarını müəyyən etmək müşküldür; lakin həmən hər bir vilayətdə, hər bir bölgədə bulunduqları məlumdur. 

- Bəs bizim Qafqazda necə?

- Burada babilər çox deyillər; fəqət əksər bölgələrdə bulunurlar... Mühacir babilər Rusiyada sərbəstdirlər, cəmiyyətin öndə olanları Aşqabaddadır. 

- Qafqaz və Aşqabad babilər əsasən İran mühacirləridir, məlum, yerlilərdən də babi varmı?

- Bunların hamısı əhli-şiyədənmi babiliyə gəlmişlər?

- Əksəriyyəti şiyədən gəlmişdir, sünnilərdən, yəhudilərdən və qeyrilərindən də Babiliyi qəbul edənlər vardır....

- Qəribədir! Bunlara hökumət ya mənsib olduqları camaat mane olmurlarmı?

- Bəlkə olsalar, olurlardı; amma zahirən bəlli deyildirlər, iman içəridəri...

- Gözəl, amma zahirən yəhudi və şiə kimi görünüb etiqadda babi olmaq sizcə caizmidir?

- Əgər babiliyini açığa verməkdə zərər və rahatsızlıq gözlənilirsə, məstur və gizli qalmaq mümkündür.. Cənabi-Haqqa hər şey aşkardır.

- Yəhudi və ya ermənilərdən bir-iki babi göstərə bilirmisiniz?

- Göstərə bilərdim, amma görünmək istəməzlər, ona görə...

- Anladım, Orta Asiyada  bulunuyormu, əcəba?

- Az-az hər bölgədə vardır. Buxarada, Səmərqənddə və Daşkənddə görə bilərsiniz. Məmnun olurlar. Adreslərini verim, mehmandarlıq edərlər..

-Təşəkkür edirəm! İnancınızın nədən ibarət olduğunu bilmək istəyirəm; mümkün olanı açıqlasanız, məmnun olaram. Digər məzhəb və millətlərə necə baxırsınız?

 

- Din və məzhəb etiqada və fikrə bağlıdır; Hər kəsin öz xüsusi bir halıdır. İnsanları ümumən qardaş sayırıq. Özlərinə və dinlərinə bir dürlü düşmanlığımız yoxdur. Nə üçün, məsələn, Ruslara və Firənglərə düşmən olaq? Ruslar əhli-nizam və qayda sahibdirlər. Firənglər pək çox sənət və faydalı şeylərin mucidi bulunurlar. Bunların dəmir yolları, ya ki paraxidları sayəsində ticarət və ziyarət yolunda rahat-rahat gəzirik; Təşəkkür borcumuz var, nifrət deyil.. Etiqadları başqa imiş, bizə nə! Məhəbbətli olmaq lazımdır; hər kəsin etiqadı özünə...

 

- Babi məzhəbi qiyamət gününü təsdiq edirmi?

- Əvət.

- Demək cəza və mükafata, yəni cənnət və cəhənnəm olduğuna iman edilir.

- Edilir; amma babilərin bu xüsusda digər əhli-islamdan ayrıca etiqadları vardır.

- Nə kimi əfəndim?

- Məsələn, cənnət meyvələri, cəhənnəm qazanları maddi surətdə telakki və qəbul olunmayıb mənəviyyatdan addolunuyor... İnsanın ruhu ölümsüzdür, dil və idrakı çarəsiz və zəifdir. Belə ki, axirətdə durumunu dünya dili ilə tərif və bəyan olunmasının mümkünsüzlüyünə inanırıq. Bir cürə təşbeh qəbul etmirik. Necə ki ana bətnində olan insana bu dünyanın halı tərif edilə bilməz, o cür də axirətdəki vəziyyət bu dünyada  bilinməz,  onu bəyan etmək üçün insan dili və idrakı yetməz... Axirətdə cəza və mükafat vardır; lakin bu dünyanın atəşinə və ya bal və şəkərinə bənzədə bilmirik. Bu dünyada naməlim cəza, naməlim səfa olduğuna etiqad edirik. 

- Qadınlara necə baxırsınız?

- Babilərin etiqadına görə ər və qadın bərabərdir; hər cəhətdən haqları birdir. 

 

***

Bundan əlli il öncə İranda zühur edən Bab məzhəbi barədə anladığım bəzi məlumatlar bunlardır. Babi ilə söhbətimiz bitmədən öncə, daha bir neçə qonaq təşrif buyurdular, söhbətlər digər şeylərə keçdi. 

Səmərqənddə gördüyüm babilərin daha sərbəst fikir və heç bir xarici dil bilmədikləri halda, məlumatlarının geniş olmasına təəccüb etmiş idim. 

İsmayıl, 20 yanvar 1895

bottom of page