top of page

Dödrüncü Fəsil

Qlobal Proseslər

 

XX əsr bəşəriyyətin tarixində xüsusi bir epoxa kimi qalacaqdır. Bu əsrdə başlayan bir çox proseslərlə yanaşı kommunikasiya texnologiyaları insanların yüz və bəlkə min illər ərzində saxlayıb bu əsrə gətirdikləri bir çox düşüncə modelləri və dəyərləri qlobal inteqrasiyanın təsiri altında sorğulanmağa məhkum olmuşdur. Təməl dəyərlər şübhə altına alınır. Heç vaxt ağla gəlməyən tələblər səsləndirilməyə başlayıb və qəbul edilir. Həqiqi mənada Qiyamət gününün əlamətləri hər yerə aşkardır. Lakin fikir və söhbətlərin bu apokaliptik əlamətlərdə ilişib qalması heç bir dəyişiklik gətirmir, qeyri-müəyyənliklər qarşısında iztirablarını yüngülləşdirmir və insanlar bədbinliklə proseslərin dərinləşməsini müşahidə edirlər. Artıq bərqərar olmuş və insanların həyatını yüz illərdir nizamlayan dini və mənəvi hökmlər, eyni zamanda dövlət, akademik, kommersiya və hətta elmi fikirlərin hamısı sorğulanmaqdadır. İnsanlar əvvəlcə əzilərək, anlaşılanda isə qaçılmaz olaraq məna axtarışına düşürlər. Bu cür apokaliptik vəziyyətdə ədəbiyyatın özünün orientirləri itmişdir. Əsas funksiyası təlim-tərbiyə olan və bu cəhətdən dinlə oxşar funksiyaya malik olan bədii ədəbiyyatın özü onu yaradanların həyat və düşüncələrindən ayrı ola bilməz. Fraqmentar, qısa zaman kəsiyini xarakterizə edən, ümumi proseslərin təbiət və istiqamətini anlamayan ədəbiyyat səmərəsiz polemika predmetinə çevrilmişdir. Bir çox sahələrdə olduğu kimi, bədii ədəbiyyatın yüz və hətta əlli il əvvəl insanların düşüncə və həyatlarında göstərdiyi təsir indi xeyli azalmışdır. Onu isə dində olduğu kimi, ənənələr üzərində bərpa etmək mümkün deyil, o vaxtadək ki, bu ədəbiyyat epoxanın ruhunu, canatmalarını hiss etsin, dərk etsin. Dinə aid olaraq deyilmiş bu söz ədəbiyyat üçün də nə qədər keçərlidir ki, “təzə şərabı könhə tuluğa tökməzlər.”

 

Biz burada bu proseslərin bizim anlayışımızca, təfərrüatlı təsivirinə daxil olmadan, İlahi Yazılara və öngörmələrə istinadən dünyada baş verən proseslərin mənəvi aləmdə verilmiş təkandan qaynaqlandığına diqqət çəkmək istərdik. Şövqi Əfəndi bunları belə izah edir:

 

“Əzəldən bəri əzab çəkən və bir-birindən ayrılmış bəşəriyyəti yalnız Allahın özünə məlum olan yollarla Böyük Qızıl Əsrə gətirib çıxarmaqdan başqa Allahın bir məqsədi yoxdur. Nəinki bu günümüz, hətta bizim yaxın gələcəyimiz belə çox tutqundur. Uzaq gələcək isə əzəmət şüaları saçır – lakin bizim fani gözlərimiz bu cəlalı görmək iqtidarında deyil. 

Həzrət Bəhaullah bəşəriyyətin yaxın gələcəkdəki taleyini nəzərə alaraq yazır: 

 

“Təəssüf ki, hər yerdən ümidsizlik küləkləri əsir və insan nəslini bir-birindən ayıran və sarsıdan iğtişaşlar günbəgün artmaqdadır. Bu gün qaçılmaz olan sarsıma və hərc-mərcliyin əlamətləri göz qabağındadır, zira aydın oldu ki, hakim nizam acınacaqlı dərəcədə qüsurludur.”  Başqa bir yerdə O buyurur: “Onun aqibəti elə olacaq ki, bu gün onu açıqlamaq yerinə düşməz.” 

 

Bununla yanaşı, şərqşünas Edvard Braunla unudulmaz söhbətində Həzrət Bəhaullah bəşəriyyətin gələcəyini təsvir edərək, peyğəmbərcəsinə belə bir söz söyləmişdir: “Bu dağıdıcı müharibələr keçmişdə qalacaq və “Ən Böyük Sülh” hakim olacaq… Savaş, qan tökmə, ixtilaflar sona yetəcək və insanlar vahid xalq, vahid ailə tək yaşayacaqlar». O buyururdu: “Çox keçməz ki, bu günün nizamı süquta uğrayar və yeni nizam onun yeri tutar”. 

 

“Müəyyən bir müddətdən sonra idarəçiliyin bütün növləri dəyişiləcək. Dünyanı zorakılıq idarə edəcək. Lakin bu iğtişaşların ardından görünməz səltənətin üfüqündən ədalət günəşi parlayacaq.” O buyurur: “Bütün dünya bu günü gözləməkdədir, dünyanın özünün ən gözəl bəhrələrini görə biləcəyi, ən əzəmətli ağacların bitəcəyi, ən gözəl çiçəklərlə bəzənəcəyi, səmavi təyidlərlə əhatələnəcəyi Gün yaxınlaşmaqdadır.» 

 

Həzrət Əbdül-Bəha buyurur: “Bütün qövm və millətlər vahid bir xalqa çevriləcək. Təriqət və dini qarşıdurmalar, irq və xalqlar arasında ədavət – bütün bunlar keçmişdə qalacaq. İnsanlar vahid din qəbul edəcək, ümumi bir inam əldə edəcək, vahid irqdə birləşəcək və vahid bir xalqa çevriləcəklər. Hamı planetimizin vahid vətənə çevriləcəyi bir vətəndə yaşayacaq”. 

 

Mədəniyyətin tarixi boyunca sürən ciddi gizli böhran dövründə bizim bu günlərdə müşahidə etdiklərimiz bizi “dinlərin məhv olub, yenidən yaranmaları”na təsadüf edən vaxtları yada salmağa vadar edir – bu bəşəriyyətin böyüməsinin çətinlikləridir, hansı ki, özünün zəif və əzablı təkamülü boyunca yeniyetməlik dövrünü yaşayır və eyni zamanda Həzrət Bəhaullahın qabaqcadan söylədiyi və Öz Təlimində təcəssüm etdirdiyi kamillik və yetkinlik dövrünə qədəm qoymağa hazırlaşır və bizim bu keçid dövrünün çətinlikləri sadəcə olaraq bizim qaynar və düşüncəsiz cavanlığımızın mərəzləridir ki, onlara da nizam-intizama qarşı israfçılıq, saymazlıq, qürur, itaətsizlik və nifrət xasdır.”

bottom of page