Yeni Dövr
Yeni Təfəkkür
Seyid Əzim Şirvani və Şeirlərində Babilər
Seyid Əzim Şirvaninin Şamaxı babiləri şeirini və ya Mirzə Fətəli Axundovun, yaxud Məmməd Səid Ordubadinin əsərlərini nəzərdən keçirərkən, babiliyə (əslində bəhailiyə) olan münasibət heç də birmənalı deyil. Təbii ki, Sabir bəhailər haqqında pis yaza bilməzdi, yazdıqları mənfi sözlər da mollaların dilindən yazılmışdır. Çünki bu məqalədə qeyd edildiyi kimi, o həm Şamaxıda, həm də Balaxanıda yaşayanda bəhailərin məclislərində iştirak edirdi və vicdanının səsinə qulaq asmış və nəyinsə xatirinə bəhailər haqqında əsası olmayan şeyləri yazmamışdı.
Eləcə də Ordubadi, bəhai məclislərində iştirak etmişdi, onları kifayət qədər yaxşı tanıyırdı və bu üzdən də o, birbaşa bəhailiyi tənqid edə, bəhailər haqqında uydurma şeylər yaza bilməzdi. Seyid Əzim Şirvaninin şeiri isə bu cəhətdən fərqlidir, çünki o, babilər haqqında bu şeirdə öz mövqeyini ifadə edir və onları qarışıqlıq salmaqda sərt tənqid edirdi.
Birincisi, Şirvani nə qədər böyük şair olsa da, onun Bəhai dinini nə dərəcədə dərindən araşdırdığı məlum deyildir. İkincisi onun da min il ərzində Həzrət Məhəmməddən sonra peyğəmbər olmayacağı barədə qəti inancı da, yəqin ki, vardı və bu da onun bu məsələdə sərt mövqe tutmasını şərtləndirir, bu şeirdəki dilini, münasibətini müəyyən edirdi.
Amma şeirdən də göründüyü kimi, onun dilini daha çox o dövrdə müsəlman din xadimlərinin əməlləri, onların bəhailik haqqında söylədikləri uydurmalar, müsəlman icmasının özünün düşdüyü bataqlıq, fitnə-fəsad, xurafat şərtləndirir. Çünki Bəhai icmasında onun öz şeirində ifadə ediyi vəziyyət yox idi, bəhai dinin ortaya çıxması, bəhailərin təbliğ fəaliyyətləri bünövrəsi cəhalət və mövhumatla çoxdan sarsılmış Şamaxı müsəlman icmasında təbii ki, dərin qarışıqlıq və hərc-mərclik yaratmalı idi. Bəhailərin fəallığı, bəhai təlimlərinin mütərəqqiliyi Şamaxı mollalarını və lotularını qıcıqlandırırdı, onlar isə səviyyəsiz, ləyaqətsiz söhbətlərə və şayiələrə rəvac verir və beləcə, Şirvaninin öz şeirində əks etdirdiyi mühiti yaradırdılar. Bunun misalları həddən artıq çoxdur, biri budur ki, Sabir Şamaxıda bəhai məclislərində iştirak etdiyi üçün ona salam vermir, babi olması haqqında şayiələr yayırdılar.
Erkən babilərin və ya Bəhailərin hansısa sözlərində, yaxud yeni təlim haqqındakı təsəvvürlərində də yanlışlıq ola bilərdi və bu da yanlış ötürülə bilərdi. Bu gün `islamla terrorizmi eyniləşdirmək olmaz” kimi haqlı bir fikrin kontekstində, mənbəyi məlum olmayan hansısa bir məlumat səbəbindən bütöv bir dini, İlahi təlimi qaralamağın nə qədər nadan bir hərəkət olduğunu anlamaq çətin deyildir.
Şirvani bəlkə də özü də bilmədən, öz şeirlərində babiliyi ələ salarkən, babiləri fitnə-fəsad törətməkdə ittiham edərkən, əslində müsəlmanları, konkret desək, Şamaxıdakı təkəbbürlü, fanatik din xadimlərini və onlara kor-koranə qulaq asan mövhumatçı kütləni tənqid etmiş, bəhailiyin deyil, bəhai icmasının deyil, müsəlman icmasının gerçəkliyini tənqid etmiş, ona rişxənd etmişdi. Çünki şeirdəki ifadələr, onların təsvir etdiyi şərait o zaman artıq çoxdan Babi icması deyil, Bəhai olmuş bir icmaya deyil, bilavasitə müsəlman icmasına aiddir. Bunu bizim o dövrdə yaşayıb-yaratmış və müvafiq mövzularda yazmış istənilən ədibimizin əsərlərindən görmək olar.
