top of page

Dünyanın başının üstündə asılmış müasir formalı `Damokl qılıncı`nın adı və mahiyyəti nədir?




Müasir dünyamızın halı çox pərişandır. Xalqların nəyə can atmaları müəmmalıdır - “Odu işıq bilib ona can atırlar.” Adı və forması məlum olmayan böyük qüvvələr öz məqsədləri üçün çalışırlar. Özünə məxsus məqsədləri olan kiçik qüvvələrin çabaları isə yönəldilir, manipulyasiya edilir və böyük qüvvələrin maraqları istiqamətinə aparılır. Siyasət çox qeyri-stabil və ən güvənsiz hala gəlib. Dünyanın vəziyyəti və baş verən proseslər haqqında alimlərin, siyasətçilərin və filosofların fikirləri bircə ilin içərisində köhnəlir. Aydın olmayan, sezilməyən bir proses dünyanı hansısa bir istiqamətdə itələyir. Planlar həyata keçirilməyə başlamamış dəyişir. Araşdırmaçıların və guya siyasi fəlsəfənin istiqamətini müəyyən edən filosofların fikirləri sadəcə sofizmə çevrilir, müasir ictimai fikirlər getdikcə daha da dayazlaşır, etibardan düşür və proseslər barədə proqnozlar özünü doğrultmur. İnsanın törətdiyi vəhşiliklər günü-gündən `mükəmməlləşir`. Prinsipsizlik və şərəfsizlik özünü müdafiə etmək üçün məharətli yollar və metodlar tapıb. İnsanların ədalət və həqiqi azadlıq, səadət və firavanlıq barədə anlayışları tam təhrif olunub. Onların nəinki bir-birlərinə, hətta özlərinə inamları qalmayıb... Sabah barədə düşünmək sadəlövhlük olub. Ona görə də yerin resursları qəddarcasına talanır. Ekoloji problemlər həyatın özünü təhlükəyə atıb. Planetin ekoloji vəziyyəti insanları döyəcləməyincə onlar öz fikir və düşüncələrinin gigiyenasına və ekologiyasına fikir verməyəcəklər. Yaşayış uğrunda mübarizə gedir. Görək təbii seçmə nəyə gətirib çıxaracaq...

Ekologiya üzrə ekspert Gustav Speth deyir: “Mən düşünürdüm ki, ən başlıca ekoloji problem biomüxtəlifliyin itməsi, ekoloji sistemin dağılması və iqlim dəyişikliyidir. Düşünürdüm ki, 30 illik yaxşı elmi işlərlə bu problemləri həll edə bilərik. Amma mən səhv etmişəm. Ən başlıca ekoloji problemlər mənfəətpərəstlik, tamah və apatiyadır... və onlarla işləmək üçün bizim ruhani və mədəni transformasiyaya ehtiyacımız vardır. Biz alimlər isə bunu necə etməyi bilmirik.” Təbii olaraq sual doğur - Bəs kim edə bilər? Bu sualın cavabını bir qədər sonra verməyə çalışacağıq.


Eyni düşüncələri ictimai fikir və ədəbiyyata da aid etmək olar. Çünki fərd cəmiyyətdən ayrı deyil, ədəbiyyat da o cümlədən. Çünki yenə də biz hər şeydə forma və ifadəyə fikir verir, nə yaradırıqsa, onların satışı haqqında düşünürük. Mahiyyət bizi az maraqlandırır və bəlkə heç maraqlandırmır. Bu isə bilavasitə vəhşi təbiətin diktə etdiyi qanunları insan həyatına tətbiq etmək cəhdinin nəticəsidir. Hər şeyin satılıb hər şeyin alına biləcəyi təsəvvürü bütün dəyişməz prinsipləri nisbi edir. Bu isə ifrat relyativizmə və hər şeyin doğrudan da bir gün satılıb alına biləcəyi ilə barışmağa və hətta ona tabe olmağa gətirib çıxara bilər. İnsanlığın indiyə kimi topladığı mənəvi dəyərlərin üstündən xətt çəkməyə o qədər də cürət etmədiyimiz üçün anlayışlara təzə şərh və məfhumlara yeni tərif vermişik. Hakimiyyət və sərvət hərisliyi insanın başlıca motivasiyasına çevrilib, nəticə olaraq rəqabət ən səmərəli və mümkün metod və yol olaraq seçilib. İnsanın özü haqqında fikir çox aşağı düşüb, etiraf etməsə də özünü heyvandan fərqli görmür. Lap bizim gündəlik yaşayışımızda bunun acı etirafını bu nisbətən yumşaldılmış ifadələrdə tapa bilərik ki, “bir tikə çörək dalınca çıxmışıq.” Hamı bir `tikənin` dalındadır, acı da, toxu da, kasıbı da, varlısı da, sadəcə tikənin ölçüsü fərqlidir. Hər addımda Allahın adını çəkib, lakin onun bizim haqqımızda dediyi sözləri qulaq ardına vurmuşuq ki, “Mən Səni Öz surətimdə yaratdım.” Nəcib və ən şərəfli yaradılmış varlıq bunu tam unutmaq ərəfəsindədir. `Dindarların` elm adından istifadə edib öz riyakar maraqlarını güdməsi və ya `alimlərin` populyarlıq və sosial baza xatirinə din adlı bir şeydən, əslində isə həqiqi dinlə əlaqəsi olmayan mövhumatdan istifadəsi günümüzün reallığıdır.


Bildiyimiz kimi iki bilik sistemi vardır. Biri din, o biri isə elmdir. Yüzillərin yanlış təsəvvürlərinə rəğmən, onlar bir-birlərini tamamlayırlar. Hər ikisi dəyişir, inkişaf edir, yeni forma və məzmun alır. Onların qarşılıqlı münasibətlərinə, doğrudan da, yeni rakursdan baxmaq lazımdır. “Necə ki, elm elmdir, o cür də din dindir. Bunlardan biri İlahi vəhy vasitəsilə proqressiv olaraq açılan dəyərlər barədə bilik verir və onları dəqiq sözlərlə ifadə edir; digəri isə bir alətdir ki, insan idrakı onun vasitəsilə fiziki dünyanı araşdırır və ona daha dəqiq təsir göstərə bilmək qabiliyyəti əldə edir. Biri təkamül prosesinə xidmət edən hədəfləri müəyyən edir, digəri isə bu hədəflərə çatmaqda kömək edir. İkisi birlikdə ikili bilik sistemini təşkil edir və sivilizasiyanın irəliləməsinə təkan verirlər. Gustav Speth-in sualının cavabı məhz buradadır...”

Bəs bəşəriyyətin, bir millətin və ya fərdin Allahın uca yaratdığı ruhunun arzularına, can atmalarına kim cavab versin? Və necə cavab versin? Cavab hardadır? İki yüz ilə yaxın bundan əvvəl hər bir insanın ruhuna xitab edən çağırış ucalmışsa da, yuxarıda dediklərimiz səbəbindən eşitməz olmuşuq. O Damokl qılıncını endirəcək və təhlükəsini sovuşduracaq bir təlim var – Bəhai təlimi. İki yüz ildir, sabit, öyrənə-öyrənə insanlıq üçün bu gün göndərilmiş prinsipləri tətbiq edə-edə irəliləyir. Çoxları onu görməzdən gəlir. Yenə də təəssübkeşlik, laqeydlik, insafsızlıqları səbəbilə bu həqiqətin həsrətində olan insanların ona yetməsinin qarşısını alırlar. Ziyalı zümrənin, xüsusilə də, ədəbiyyatçıların gözləri açılmayınca, vicdanları oyanmayınca, qaranlıq uzun sürəcək, göz yaşları hələ qurumayacaq, zülm davam edəcək... Hər kəsin məsuliyyəti var!


bottom of page