top of page

Kişi və qadın bərabərliyi oğlan və qızların ailədə tərbiyəsinə bağlıdır


Kişi və qadın bərabərliyi oğlan və qızların ailədə tərbiyəsinə bağlıdır


Qadınlara qarşı önyarğı, onlara sistematik zülm olunması tarixin açıq-aşkar və faciəvi bir faktıdır. Cəmiyyətin dar bir sferasına qapadılaraq, təhsil və digər haqları tanınmayaraq, zorakılığa və insana layiq olmayan münasibətə məruz qalaraq qadınların tarixən öz potensiallarını açmaq imkanları olmamışdır. Əsrlərlə sürən, mədəniyyətə hopan, şüura və şüuraltına yeriyən bu tabeçilik modeli mədəniyyətdə, ədəbiyyatda və hətta keçmişin qanunlarında da əks olunmuşdur və bu gün də həyatın hər bir sahəsində özünü göstərir. Bu bizim sosial həyatımızın bütün sahələrində bəzən şüuraltı olaraq münasibət və hərəkətlərimizi diktə edir. Yalnız bunun fərqində olmaqla nəyisə dəyişə bilərik. Yeri gəlmişkən, belə bir gözəl fikir var ki, həyatda hər şey dəyişir və dəyişməlidir də, dəyişməyən şey dəyişməyin zərurətidir.


İnsan bir sosial varlıqdır və onun əqli, emosional və ruhani inkişafı, yəni DƏYİŞMƏSİ sosiallaşma prosesi daxilində baş verir. Bu elə bir geniş və mürəkkəb prosesdir ki, şəxsiyyətin bütün həyatı boyu verdiyi qərarlara öz təsirini göstərir. Uşaq yaşca nə qədər balacadırsa, onun problemləri onundur, böyüdükcə onun problemləri valideynlərin olur, yəni valideynlər və digər ailə üzvləri uşağa “problem yaradırlar.” Uşaq çox erkən, bəlkə 5-6 yaşına qədər özünü oxşatma, ya nümunə götürmə ilə özünü formalaşdırdığından onun ətrafındakı insanların davranışı fövqəladə əhəmiyyət daşıyır. Bu mənada sosiallaşmanın müxtəlif mərhələlərində adaptasiya prosesinin uğurlu olması həmin fərdin o bənzətmə ya nümunə götürmə prosesini necə keçməsindən asılıdır. Bu deyilənlərin kontekstində ailədə qadına münasibət də oğlan uşaqlarının münasibətlərini formalaşdırır və qızlar isə onlara göstərilən münasibəti “normal” qəbul edirlər. Çünki onlar “belə görmüşlər.”


Qadın və kişilərin bərabərliyi onların funksional fərqlərini danmır, əksinə, onların evdə və cəmiyyətdəki bir-birlərinin tamamlayıcı rollarını təsdiq edir. Bu mövzuda danışarkən, biz ilk öncə ailə daxilində qız və oğlanlara olan münasibətlərdən başlamalıyıq. Çünki bu cür bərabərlik danılanda dünya əhalisinin və yaxud da ölkə əhalisinin təxminən yarısına qarşı ədalətsizlik edilir və bu, kişilərdə zərərli münasibət və vərdişlərin inkişafına səbəb olur, bu münasibətlər isə ailədən iş yerinə, siyasi sferaya və son nəticədə beynəlxalq müstəviyə daşınır.


Ailə modeli daha çox patriarxal olduqda, bu bərabərlik çətin olur. Belə gözəl bir deyim var ki, “qadın və kişi quşun iki qanadıdırlar, əgər bir qanad zəif olarsa, quş uça bilməz.” Doğrudan da, bir insanın öz potensialını açması üçün, obrazlı desək, həyat quşunun ən yüksək zirvələri fəth edə bilməsi üçün onun hər iki qanadı güclü olmalıdır. Bərabərliyin əleyhdarları belə bir fikir irəli sürə bilərlər ki, bu bərabərlik ailədaxili münaqişələrə gətirib çıxara bilər, sonda isə sosial qeyri-stabillik yaradar. Feminizmi buna misal gətirə bilərlər. Dərhal deyək ki, söhbət ifratlardan getmir, feminizmin özü bu münasibətlərdə bir ifratçılıqdır ki, o da doğru deyil, amma anlamaq lazımdır ki, bu da qadınlara edilən tarixi zülmün nəticəsidir.


Ya da deyərlər ki, bu bərabərlik ailənin təbii “yapısına” ziddir, bu qadınların asanlıqla ailəni dağıtmalarna səbəb olacaq, hələ tutarlı bir spekulyasiya `dəlili` də gətirəcəklər ki, belə halda uşaqlar hansı mühitdə böyüyəcəklər. Mən bu fikri dəfələrlə bizim azərbaycanlı ziyalılardan eşitmişəm.


Bu insanlar sadə bir həqiqəti anlamaq istəmirlər ki, qadın özünün bütün təfəkkürü, psixologiyası, intellektual qabiliyyəti, emosional gücü ilə istənilən sosial problemin öhdəsindən gələ bilər. Bu güclərə malik bir varlığa öz potensialını açmaqda necə mane olmaq olar? Daha dərindən düşünəndə, sosial problemlərin, psixiki pozğunluqların və xəstəliklərin, xəyanət və cinayətlərin kökündə, müəyyən dərəcədə, onlara bu haqqın verilməməsi durur. Zatən, kişilər indinin özündə belə bunu nə qədər etiraf etməsələr də, “hakimiyyətin” zahirdə də əldən getdiyini anlayırlar. Qadınlar isə bəzən müxtəlif səbəblərdən - bu adi insan ətaləti, laqeydliyi, şüursuzluğu və ya qadın mənfəətpərəstliyi (merkantilliyi) də ola bilər - bu vəziyyəti qəbul edir və barışırlar. Qısası ikiüzlülük edirlər.


Yenə qayıdaq ailədə qızlara və oğlanlara olan münasibətə. Bizim ailələrimizdə sanki oğlanlar qızlarla ayrı-ayrı adalarda yaşayırlar. Qardaşlar bacılarının mənəvi, intellektual araşdırmalarına, istək və arzularına, dünyaya baxışlarına nə qədər bələddirlər? Kiçik yaşlarında onlar bir yerdə oynayırlar. Ancaq böyüdükcə onlar bir-birlərindən getdikcə ayrılırlar. Bu mənada onların arasında keçilməz bir divar var. Valideynlər tərbiyə verməkdə güclərinin çatmamasından və öz qabiliyyətsizlikləri qarşısındakı qorxudan onları sanki “ayırırlar.” Yenə də əmr və hökmlər, qadağalar işə düşür, hökmranlıq və aqressiv münasibət qorunub saxlanır, anlatmaq və anlamaq isə yada düşmür. Amma hər yaş dövrünə aid biliklə silahlanmış valideyn, özü də yaxşı tərbiyə almış valideyn üçün bu bir təhdid deyil. Oğlan və qızları, daha doğrusu qardaş və bacıları ailə daxilində bir-birləri ilə emosional və qohumluq hisslərindən başqa az hallarda sosial məsələlər birləşdirir. Bu açıqca görünür ki, oğlanların və kişilərin inkişafı qızların və qadınların inkişafına bağlıdır. Sadəcə “başımızı ətəyimizə salıb, adət-ənənələrin süzülmüş yorğanına bürünərək” yaşayırıq, fəsadlar isə günü-gündən çoxalır. Qoy o patriarxal ailə modelinin mübarizləri deməsinlər ki, onlar qızlarının təhsil alması üçün əllərindən gələni edirlər. Bir az dürüst olaq! Bunun motivi nədir? Kiçik bir kəsimin yaxşı təhsil alması qurtuluş deyil. Onlar da sadəcə təhsil alır, yalnız təhsil, peşə öyrənirlər, amma ümumi dünyagörüşü, sosial münasibətlər, təlim-tərbiyə məsələləri bu yanaşmada yoxdur ya da az yer alır. Bir də dediyim kimi, bunun bir tərəfində həm də bir rəqabət var. Bu isə insanın humanist yaxud insani təbiəti ilə ziddiyyət təşkil edir. Çünki humanistlik əgər başqasının potensialını açmasına kömək etmirsə, yaxud ləyaqətini alçaldırsa, bu da humanistlik deyil, hərçənd indi humanistliyin başqa anlamı qalmayıb.


Təəssüf ki, sonradan qazanılan bilik və dünyagörüşü bu münasibəti nə qədər yaxşılaşdırmağa çalışsa da, (əgər, ümumiyyətlə, bunu edirsə!) müəyyən çərçivələri aşa bilmir. Aşmağa çalışsalar da, qaçılmaz olaraq konfliktlərlə üzləşirlər. Konflikt isə son nəticədə sosial fəsad, psixoloji pozğunluq, müxtəlif xəstəliklər və keyfiyyətsiz bir həyat deməkdir. Bu halda bu konfliktləri və fəsadları aradan qaldırmaqda mütəxəssis olaraq ən çox psixoloqlar insanın `bio-psixo-sosio-mənəvi` yapısına əsaslanan metodlarla yardıma gəlməlidirlər, təəssüf ki, müasir təlim-tərbiyə sistemi və onun fəlsəfəsi və metodları insanlarda nəinki bu konfliktləri həll etmək qabiliyyəti yetişdirmir, əksinə, bu konflikt və təzadları daha da dərinləşdirir. Bunun sadə bir misalı rəqabətin bütün müstəvilərdə daim təbliğ olunmasıdır. Məsələyə təməlli yanaşma hətta ümumi qəbul edilmiş bir çox prinsip və yanaşmaları da sual altına qoyur. Geniş spektrli sosial münasibətlərə toxunmadan ancaq kişi və qadın münasibətlərini götürsək, bu, qadınların bir insan olaraq ikincili kimliklərinə görə fərqlərinin təbii qəbul edilməli olmasında bizə kömək edər. Təbii ki, kişi və qadının birinci kimlikləri onların insan olmasıdır, onların ruh nöqteyi nəzərindən heç bir fərqləri yoxdur. Bu onların əsas kimliyidir. Lakin ikincili kimlik qadının və ya kişinin fizioloji yapısından və daşıdıqları funksiyalardan qaynaqlanır ki, bu da onların psixoloji strukturundakı proseslərdə fərqli xüsusiyyətləri meydana çıxarır. Məsələnin daha da dərinliyinə varmadan, qadın və kişi arasında müasir epoxanın ruhuna uyğun münasibətlərin necə inkişaf etməli olması və burada hansı konsepsiyaların əsas götürülməsi məsələsinə növbəti yazılarda nəzər salacağıq.

bottom of page