top of page

Adsız Yazı

Ədəbiyyatda dərin mövzular bizdən yan keçirsə, daha böyük şeylər yanımızdan keçir.


Yazar gerçəkliyin içində yaşayıb ona boyun əymək məcburiyyətində deyil. Nəinki yazar, heç kəs məcbur deyil. Gerçəklik həmişə həqiqət deyil ki. Amma hər halda nə yazırsa yazsın, orda bir işıq olması labüddür. Əks halda yazmağın mənası yoxdur. Qaranlıqla dolu gerçəkliklər kimə lazımdır! O mənə nə öyrədir, nə də mənə başqa faydası var. Ya da cəmiyyət və onun nəyəsə can atması. Orda dəyərlər nə dərəcədə anlaşılır? İşıqlı nə varsa, tarixdə bəlkə heç adı da qalmamış ayrı-ayrı fərdlərin daxili mənəvi-ruhani qələbələrinin hesabına olub və yaşayıb. Bunların hamısını tanınmış elm adamlarının və ədəbiyyatçıların xidmətinə yazmaq ədalətli olmazdı. Bu fikrin özü isə onların rolunu kiçiltməkdən uzaqdır. Faktı, gerçəkliyi və ya həqiqəti ifadə etməyin bir neçə dili ola bilər. Biri elmin dilidirsə, o birisi poeziya dilidir. O birbaşa da ola bilər, rəmzlər dili də. Yetər ki, insan bu dillərdən birini anlasın. Başqa dillər də ola bilər. Susmağın dili, məsələn.


Fərdin təkbaşına apardığı daxili transformasiya savaşı daha önəmlidir. Nəyin uğrunda? Bunu ədəbiyyat necə müəyyən edir? Ümumiyyətlə ədəbiyyatı çərçivələrə salmaq mənasız bir şeydir. Heç məktəblərə də bölmək lazım deyil. Onun mövzusu da, təsvir forması da, formatı da, azad olmalıdır. Zaman və dövrə görə forma dəyişə bilər və dəyişir də. Onun sadəcə insanın əsl təbiəti haqqında təsəvvürü, müəyyən dəyər və meyarları olmaldır və bu təsəvvür daim genişlənməli, meyarlar daha dərindən anlaşılmalıdır. vəssalam. Hər halda yazar nə qədər praqmatik, gerçəkçi, modernist, postmodernist olsa da, bilir, ya duyur, ya da belə olmasını qəbul edir ki, əbədi həqiqətlər, üstün gerçəklər var və əslində insan ona can atmalıdır. Onu yıxan, əgər yaza bilirsə, uğursuz edən eqodur. Ədəbiyyat sövdələşmə yeri deyil. Oldusa, qışqırıb bağırmağın faydası yoxdur. Hörmətdən düşəcək. Öləcək.


Fərdi transformasiya prosesi proseslərin ən maraqlısı və ən çətinidir. O fərdin yaşadığı dövrdən, sosial mühitdən kənarda deyil. Nə qədər məşhur deyimlər bu proses haqqındadır. İlahi kəlamlar da. Ədəbiyyat da. Bu arada, gərək vicdan unudulmasın. Çünki vicdansız ədəbiyyat yoxdur. Transformasiya vicdana bağlıdır. Onu boğmaq olar, amma öldürmək olmaz. Onsuz da bir yerdən qalxıb sözünü deyəcək. Bu məsələlərlə mücadilə edən bir yazarın başqa yazarlarla, ya onların yazdıqları ilə nə işi var? Zatən hamı savaşda. Mənalı və mənasız, güzəştli, konformist və ya prinspial. Bu transformasiya prosesinin ən mürəkkəb cəhətlərini çox sadə dillə təsvir etmək mümkündür. Bəzən sadə bir şey üçün bir roman yazmaq lazım deyil. Yazmağa çox vaxt yazıçı təkəbbürü, şöhrətpərəstliyi, təmənnası qarışır. Olsun, daxili mücadilədə uğursuzluqlar, yıxılıb-durmalar qaçılmazdır. Amma niyyət gərək pak ola. Lazım olanda etiraf etmək gücü ola. Bu gücün mənbəyi isə üzərinə çox şey götürüb iddialı olmamaqdır. Bunlardan klassik irfan ədəbiyyatı bəhs edir.


İrfan ədəbiyyatı mücərrəd bir şey deyil, olmamalıdır da, o praktiki, gündəlik transformasiya ilə bağlıdır. Sözün bitdiyi bir zamana gəlib çıxdıq. Daha sözlə oynamaq, baş aldatmaq keçdi. Bunu ədəbiyyatın da anlaması və etiraf etməsi lazımdır. Onda onun inkişafı üçün yeni üfüqlər açılacaq. Ədəbiyyat dövrün məhsulu ola bilər, amma doğmaqda olan işığı da hamıdan qabaq görməlidir. Görmürsə, yazar bayquş və yarasa təəssüratı yaradırsa, demək qaranlıq çox yeri bürüyüb. O ədəbiyyat da ölümə məhkumdur. Bütün günahları heç də ədəbiyyatın üstünə atmıram. Çünki ədəbiyyat sadəcə bir aracdır. Olmasa da ölüm olmaz. Rəngə rəng qatmırsa, bir rəngin min çalarını göstərmirsə, duyğuları oyatmırsa, yaşantıları dilə gətirib çoxlarının həyatını zənginləşdirmirsə, işıq tutmursa, kimə lazımdır o ədəbiyyat. Nə qədər gerçəkçi olursa da olsun.


Tarix, insanlığın inkişafı, ictimai-sosial münasibətlər, cəmiyyət, fərd, varlıq və kimlik haqqında anlayışın dərinləşməsi – hamısı transformativ mücadilədir. Bu transformasiya isə bitmir. İndi onun yeni epoxası açılmalıdır. Tarixi zəmin var. Bəs yeni epoxanın işartıları haradadır?


İndi insanın mahiyyəti, təbiəti, inkişafı haqqında o qədər bilik açılıb ki, çox yazılardan bunların heç iyi də gəlmir. İctimai-sosial həyat, dünyada baş verən dağıdıcı və anlaşılmaz proseslər insanları elə alıb ki, dayanıb düşünməyə belə nəinki vaxt, həvəs, heç güc də qalmayıb sanki. Fatal bir proses gedir elə bil. Buna bənzər hissiyyat insana bəzən yuxuda gəlir. Nəsə məşum bir şey baş verir. Amma əlini atıb tuta bilmirsən. Ya da ayaqların yerimir ki, qaçıb qurtarasan. Bunun yaxşısı odur ki, bu yuxuda olur. Ayılanda hər şey bitir. Gerçək həyatdakından isə qurtuluş çətin ki olsun. Çünki mənəvi qanunlar fiziki qanunlar kimi dəqiq işləyir. Sadəcə fəsadını biz gec görürük. Onu gərək insanın özü saxlasın, ya da ayılsın. Bu günkü ədəbiyyat ayıldırmı? Yüz il, bəlkə iki yüz il bundan əvvəl deyilməli olan sözləri bu gün deməyə çalışmaq heç nə verməyəcək, bilməyənlərdə bir günlük, efemer bir maraq oyadacaq, amma zatən o boşluğu doldurmayacaq. Söz xatirinə söz, fikir xatirinə fikir. Hamı danışır. Amma elə bil heç nə demirlər. Bu boşluq hardandır. Sözlərin yükü, mənası hara getdi?

bottom of page