top of page

Tahirə-Qürrətül-Eyn

və onun Ədəbiyyat və Mədəniyyətə Təsiri 

Şövqi Əfəndi yazır ki, “təəccüblü deyil ki, Həzrət Əbdül-Bəha onun adını bir-birinin ardınca gələn zühur dövrlərində özlərinə xas dəyər və misilsiz məqamları ilə sadə qadınların arasında zirvə kimi ucalan Sara, Asya, Bakirə Məryəm və Fatimə ilə bir sırada çəkmişdi. Həzrət Əbdül-Bəhanın özü yazmışdı ki: “Bəlağətdə o əsrin fəlakəti, məntiqi mühakimədə dünyanın bəlası idi.” Bundan da ötəsi, O onu “Allaha məhəbbətdən alışmış bir məşəl” və “Allahın kərəmi ilə alovlanmış bir çıraq” kimi təsvir etmişdi..”

Bu ad XIX-XX əsr yaxın Şərq ədəbiyyatı və ictimai düşüncəsində tanış bir addır. Lakin təəssüf ki, onun haqqında Azərbaycanda ciddi tədqiqat işləri aparılmamışdır, ancaq son vaxtlar Azərbaycan Bəhai İcması onun haqqında yazılmış  oçerkləri və tarixi araşdırmalar toplusunu Azərbaycan dilinə tərcümə edib Tahirə tarixdə adı ilə çap etmişdir. O kitabda böyük türk şairi  Süleyman Nazif onun haqqında yazırdı: “Bu bənzərsiz qadın, mənim fikrimcə, dünyanın ən dəyanətli və ən iffətli qadınıdır. Bu bənzərsiz qadın doğulanda, valideynləri ona Zərrintac adı verdilər. O, doğrudan da, zərrintac (qızıl tac) idi. O gözəllik və lətafət haləsi, bilik üçün hüdudsuz istedad xəzinəsi ilə doğulmuşdu. O, istər fitri, istərsə də qazandığı uca keyfiyyət və məziyyətlərini insanların nicatına həsr etdikdən sonra onlar onu “Qürrətül-Eyn” adına layiq gördülər. Zərrintac hər bir kədərli göz üçün sevinc işığına və ümid alovuna çevrildi. Belə gözəllik və cəsarətə əlavə olaraq, o elə iffətli və ismətli idi ki, hətta onun amansız qatı düşmənləri belə onun mühakimə bayrağı altında toplananların ona verdikləri “Tahirə” sifətini sual altına ala bilmirdilər...” 

Süleyman Nazif daha sonra onu tarixin qadın qəhrəmanları ilə müqayisə edərək yazır: “O, Janna Darkdan daha mötəbər, daha gerçək, daha görkəmli və daha böyük qəhrəmandır, o qədər böyükdür ki, Həvvadan tutmuş onun doğulacaq son qız övladına qədər, bu nəcib icmanın (müsəlman) hər bir üzvünün, Qəzvindən olan bu gənc Türk qadınını xatırlayarkən, gözləri yaşaracaq və qürurla dolacaq. Ah! Təəssüf, Qürrətül-Eyn! Sən min Nəsrəddin şaha, min Qacar sülaləsinə dəyərdin. Sənin qatillərin sənin külünü Tehranın üfüqlərinə səpmədilər, xeyr, o üfüqlərdən bəşəriyyətin ürəklərinə səpdilər. Hər bir ürək sənin məskənindir, Tahirə…” (Süleyman Nazif, Nəsrəddin şah və babilər, (İstanbul, Kanaat Kütüphanesi, 1923) səh. 35, 44-49.)

Tahirə qadınların azadlığı üçün özünün fəda etdi. İngilis şərqünası Edvard Braun isə yazırdı: “Qürrətül-Eyn kimi bir qadının meydana çıxması istənilən ölkədə və istənilən dövrdə nadir bir fenomendir, lakin İran kimi bir ölkədə bunun olması qeyri-adi haldır– xeyr, demək olar, bir möcüzədir. Məftunedici gözəlliyi ilə bərabər, nadir intellektual qabiliyyəti, atəşli bəlağəti, qorxmaz sədaqəti, şərəfli şəhidliyi ilə o, öz həmvətənləri arasında bənzərsizliyi və ölümsüzlüyü ilə irəli çıxır. Əgər Babın dini heç bir böyüklüyə iddia etməsəydi, onun Qürrətül-Eyn kimi bir qəhrəmanı doğurması kifayət edərdi.” (II. “İran babiləri” əsərindən alınmışdır. II. Onların ədəbiyyat və ehkamları.  Journal of Royal Asiatic Society (london) Vol.21 (1889) səh. 934-37.)

Tahirənin adı və fəaliyyəti bütün zümrədən olan, hətta saraydakı İran qadınlarının ümid və təsəlli yeri idi. Onun şeirləri isə İran ədəbiyyatında yeni bir mərhələni təşkil edir, hətta böyük Pakistan şairi və ictimai xadimi Məhəmməd İqbalın fikrincə, müasir İran poeziyasının təməlində dayanır. 

“Tahirə Tarixdə” kitabı çox qiymətli bir mənbədir və Tahirə haqqında bu kitabdan çox səhih və qiymətli məlumatlar əldə etmək olar. Onun həyat və fəaliyyəti ilə yaxından tanış olduqda, Azərbaycan qadınını bu günü haqqında düşünməmək mümkün deyil. Tahirə nəinki İrana, Azərbaycana, bütün şərqə və hətta Avropaya və Şimali Amerikaya təsir etmişdir. Tarixdə çadranı atan ilk qadın – bu cəsarətin mənbəyi bir tərəfdən onun imanı idisə, digər tərəfdən onun fitrətinə xas olan üsyankarlıq, cəsarət və təbii, həqiqət sandığı şeyə sədaqəti idi ki, onun da yolunda o şəhid oldu. Tahirə Şimali Azərbaycanda da məşhur idi. Bu gün dünyada qadın azadlığı, kişi və qadın bərabərliyi kimi mövzulardan yazılan elə bir ciddi əsər tapmaq olmaz ki, orada Tahirənin adı çəkilməsin. 

Burada bir haşiyə çıxıb Bakıda azad qadın heykəlinin yaranma ideyası barədə bir neçə fərziyyə söyləmək istərdim. Bildiyimiz kimi, “Azad qadın” heykəlinin müəllifi Fuad Əbdürrəhmanov, memarı Mikayıl Hüseynovdur. Rəssamlıq Akademiyasının baş laborantı, AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun dissertantı Samir Sadıqovun yazdığına görə, bu heykəlin yaradılması ideyası barədə müəllif belə deyirmiş ki, “Azərbaycan qadınlarının əsarətdən xilas olması mövzusu məni çoxdan düşündürürdü. Bu təsadüfi deyildir: inqilabdan əvvəl Azərbaycan qadınları dilsiz-ağızsız, kəniz idilər. Onlar müti və zavallı bir məxluq kimi əvvəlcə atalarının, qardaşlarının, sonra isə həyat yoldaşlarının əmrinə müntəzir olub, acınacaqlı həyat sürürdülər. Ölkəmizin hər yerində, hər bir respublikadan, kolxozçulardan, fəhlələrdən, mühəndislərdən, alimlərdən, ədəbiyyat və incəsənət xadimlərindən ibarət böyük bir qadınlar ordusunun yaşayıb yaratması məni dərindən düşündürür, qəlbimdə iftixar və sevinc duyğuları oyadır. Mən qadının əsarətdən qurtarmasını heykəldə əks etdirərək, Azərbaycan qadınının sadəcə çadranı atdığını göstərməklə kifayətlənmək fikrində deyildim, onun yeni simasının formalaşması kimi dərin bir psixoloji prosesə mürəkkəb, uzun, bəzən də əziyyətli prosesə müəyyən dərəcədə toxunmaq istərdim. Mən bunu “Azadlıq” fiqurunda da istifadə etməyə çalışmışam. Heykəl üzərində isə başlayarkən, nədənsə, tora düşüb çapalayan bir qartalı təsəvvür edirəm. Qartal toru dartıb, nəhayət xilas olur. Bir andan sonra o, sürətlə günəşli səmaya uçacaqdır...”

 

Fuad Əbdürrəhmanovun özünün bu əsəri barədə bizim dövrə gəlib çatan fikirləri ancaq budur. Yəni, müəllif bu əsəri üzərində işləyərkən konkret olaraq kimin, hansı qadının obrazını yaratdığını qeyd etməyib. Amma bir çox mütəxəssislər tədqiqat aparıblar ki, Azərbaycan qadınının zülm və əsarətdən xilas olub birdəfəlik azadlıq yoluna çıxması kimi mühüm bir ideyanı qarşısına məqsəd qoyan müəllif istədiyinə nail olmaq üçün Cəfər Cabbarlının “Sevil” pyesində Sevilin çox keşməkeşlərdən sonra çadrasını atıb işıqlı gələcəyə doğru üz tutması səhnəsindən istifadə edib, bunu obrazın açılması üçün əsas götürüb. Heykəltəraş bu anı “Sevil”dən alsa da, əlbəttə, bu, hadisəyə yalnız ümumiləşmə xarakteri aşılaya bilib. Bəs görəsən bu obraz konkret olaraq hansı qadına məxsus olub? Bunu hələ heç bir sənətşünas üzə çıxara bilməyib.”

 

Qürrətül-Eyn Tahirə, Bakıda Azad Qadın heykəli və İzzət Orucova – qəribə bir əlaqə vardır. İzzət Orucova bəhai idi və onun “Sevil” filminə çəkilməsində də bir rəmzi məna vardır. İzzət Orucova Azərbaycan Sənaye İnstitutunda oxuyurdu. Cəfər Cabbarlı isə Sevil roluna aktrisa axtarırdı. Sevil filminin rejissoru milliyyətcə erməni olan Amo Beknazarov bu rola erməni qızı çəkmək istəyirdi. Lakin Cəfər Cabbarlı buna qəti etirazını bildirmiş, rola yalnız azərbaycanlı qızın çəkiləcəyini bildirmişdi. Bir dəfə o, “Təyyarə” kinoteatrında İzzət Orucovanı görmüş, Sevil rolunun ifaçısını tapdığına əmin olmuşdu. Qızı evlərinə qədər, (o zaman onlar indiki Mirzəğa Əliyev küçəsində, bəhai məhəlləsində yaşayırdılar) müşayiət edərək gənc dostu İsmayıl Hidayətzadə ilə İzzətin atasının razılığını almağa getmişdi. İzzətin atası çox xahişdən sonra yalnız bir şərtlə razı olmuşdu ki, Cəfər Cabbarlının özü onu hər dəfə çəkilişə faytonla aparıb gətirəcəkdi. Sonralar İzzət xanım Almaz rolunu da ifa etmişdir. İzzət xanım haqqında bu keçidlərdən daha müfəssəl məlumat almaq olar.  

(Məqalə 1, Məqalə 2)

Azərbaycanda qadın azadlığı mövzusu, təbii ki, sovetlərin dövründə xeyli aktuallaşmışdı. Lakin Bakıda yaradılan ilk qız məktəbindən də əvvəl Bakıda və Azərbaycanın bəhai yaşayan digər bölgələrində bəhailər həm öz uşaqlarına, həm də razılıq vermiş qohum-əqrəbanın uşaqlarına  - oğlan və qızlara birlikdə ev şəraitində təhsil verirdilər. O zaman ictimai və ədəbi mühitdə çoxlu tanınmış bəhailər vardı, digər tərəfdən isə o dövrün ədib və maarifçilərinin böyük əksəriyyəti bəhailərlə şəxsən tanış idilər, müəyyən qədər də bəhai təlimlərindən məlumatları vardı. Yuxarıda qeyd etdiyimiz kimi, bəhai dini bir din olduğu üçün o dövrün bir çox ziyalıları ona önyarğı ilə yanaşırdılar və Bəhai dinin təlim və prinsipləri onların özlərinə belə meydan oxuyurdu, ona görə də Bəhai dinini araşdırmadan, yalnız onun haqqında yazılanları oxuyaraq müəyyən fikir yürüdürdülər. Bu isə Bəhai dini haqqında o zaman maarifçilər arasında çox təzadlı təsəvvür yaradırdı. Bununla belə, yeni dinə qəlbi və ruhu ilə cavab verən ziyalılar da vardı və onlar Bakı ədəbi mühitində tanınırdılar. Bunlardan biri Mikayıl Müşfiqin atası Mirzə Əbdülqədir İsmayılzadə idi. Mirzə Əbdülqədir müəllim, babası (atasının atası)  molla İsmayıl Xızı bölgəsində və Bakıda tanınan simalardan idi. Bir müddət Xızıda, 1902-ci ildən isə Bakının dağlı məhəlləsində müəllimliklə məşğul olan Müşfiqin atası Mirzə Əbdülqədir dövrünün yeni düşüncəli ziyalılarından biri kimi gənc nəslin təlim-tərbiyəsində və maarifçiliyin təbliğində böyük işlər görmüşdür. O yalnız uşaqların deyil, böyüklərin də  savadlanmasına səy göstərirdi. Hətta imkansızlara, maddi vəziyyəti ağır olub, amma bilik almağa həvəsli olanlara kurslar açıb pulsuz dərs keçirdi. "Mən sizə öyrətdiklərimi siz də evdə, ailədə yaxınlarınıza öyrədin. Onda siz keçdiklərimizi həm yaxşı mənimsəyər, həm də bildiklərinizi yaxınlarınıza öyrətməklə savab qazanarsınız" deyən Mirzə Əbdülqədirin əsas məqsədi  insanların savadlanmasına nail olmaq idi. 1908-ci ildə Mirzə Əbdülqədir Bakıda fəaliyyət göstərən "Səadət" məktəbinə dəvət olunur və ömrünün sonuna kimi burada çalışır. 1908-ci ilin iyun ayının 4-də Mikayıl dünyaya gəlir... Balaca Mikayılın atası onun təlim-tərbiyəsinə ciddi fikir vermiş, kitaba, yazıb-oxumağa həvəsləndirmişdir. Mirzə Əbdülqədirin "Vüsaqi" təxəllüsü ilə yazdığı şeirlər o dövrün qəzet və jurnallarında çap olunurdu. Professor Cəlal Qasımov tədqiqatlarında Müşfiqin bacısı Balacaxanım İsmayılzadənin "Dirilik" (1915, ¹ 13) jurnalında dərc olunmuş xatirələrinə istinadən bildirir ki, "Onun lirik planda yazılmış şeirlərində azadlıq, vəfa, bahar tərənnüm edilir. O, Müslüm Maqomayevin məşhur "Şah İsmayıl" operasının liberettosunu, eyni zamanda "Seyfəlmülük", "Yusif və Züleyxa" operalarının da mətnini yazmışdır". Müşfiqin atası Mirzə Əbdülqədir 1915-ci ildə vəfat edir.

Cəfər Cabbarlı ilə Mikayıl Müşfiqin yaxın dostluğunu yada salanda, qadın azadlığı mövzusunun onların söhbətlərinin predmeti olmasını təsəvvür etmək çətin deyil. Digər tərəfdən isə, bu məsələ sovetlərdən 70 il əvvəl Azərbaycan üçün `doğma` və aktual bir mövzu idi. Bu mövzunu Yaxın şərqdə Tahirə qaldırmışdı və təbii ki, həm Müşfiqin, həm də Cabbarlının Tahirədən xəbərləri vardı. Ən azından Müşfiq bir bəhai ailəsindən gəlirdi, baxmayaraq ki, atasını o hələ altı yaşında olanda itirmişdi, və yaxın ətrafında bu təlimin ab-havası vardı. Müşfiqin özü Tahirənin şeirlərini bilməmiş deyildi. Bu dövrdə Gəncə ədəbi mühitində yaxşı tanınan, Molla Nəsrəddinlə sıx əlaqə saxlayan və onda müxtəlif ləqəblərlə şeirlər çap etdirən bəhai şair Əli Şövqi də məşhur idi.

bottom of page