top of page

Əli Əkbər Naxçıvani

Mirzə Əli Əkbər 1865-ci ildə Ordubadda doğulmuşdur. Onun atası Hüseyn kişi şiə müsəlman idi, lakin Əli Əkbər doğulanda anası artıq Bəhai idi. Onun adı Məsmə idi, ona həmçinin Bədəntuman (Palantuman) Məsmə də deyirdilər.

Məsmə xanımın çox güclü xarakteri vardı və Ordubad qadınları üzərində böyük nüfuza malik idi. Din məsələlərində onu bilici və rəhbər kimi qəbul edən çox sayda qadınlar onun dinini —Bəhai Dinini qəbul edərək onun ardınca gedirdilər.

Mirzə Əli Əkbər belə bir mühitdə böyümüşdü. Ordubadda məktəb şagirdi olarkən o belə bir fikri təbliğ edirdi ki, Naxçıvan və Azərbaycan  məktəblərində təlim dili rus dili deyil, Azərbaycan dili olmalıdır. Güclü və inandırıcı (təsiredici) şəxsiyyətə malik olan  Əli Əkbərlə məktəbin rəhbərliyi arasında ciddi fikir ayrılığı vardı və nəticədə o Ordubadda orta məktəbdən xaric edildi.

 

Bu məsələ Ordubadın ənənəçi üləmalarının Bəhai fəaliyyətlərinə qarşı təhrikləri ilə bir vaxta düşdü. Hadisələrin bu cür inkişaf etməsi üzündən, həmçinin Ordubadda olan yeganə məktəbdə oxuma imkanı itdiyindən, bütün ailə Bakıya köçməyin zəruriliyinə qərar verdi. Məsmə xanım ona ehtiram bəsləyən qadınlara məsləhət gördü ki, əgər şəraitləri imkan verirsə, onunla Bakıya köçsünlər, ya da ki, Ordubadda qalsınlar. Bir neçə il sonra Mirzə Əli Əkbərin atası  Bəhai Dini haqqında öz oğlundan daha çox məlumat öyrəndi və o da Bəhai oldu. 

Əli Əkbər öz təhsilini Bakı məktəblərində davam etdirdi. Orta məktəbi bitirdikdən sonra Qori seminariyasında təhsilini davam etdirmək üçün o, Gürcüstana getdi. Lakin təhsil haqqını ödəməkdə gecikdiyi üçün onu həmin seminariyadan da xaric etdilər. Bundan sonra o Ukraynaya, Xarkova getdi və orada universitetə daxil oldu. O həmin universiteti bitirdi və neft mühəndisi ixtisasına yiyələndi. Ailə üzvlərinin dediklərinə görə, sonra o Moskvaya da getmiş və bu sahədə öx ixtisasını artırmışdı. 

Rus ziyalı dairələrində Əli Əkbər Əli Əkbər Məmmədxanov kimi tanınırdı. Azərbaycanda isə o Əli Əkbər Məmmədxanlı kimi məşhur idi. Sonralar o, Avropa və Amerika Birləşmiş Ştatlarına səfər etdi və bundan sonra Mirzə Əli Əkbər Naxçıvani kimi tanınmağa başladı.

Mirzə Əli Əkbərin özü şair idi, şairləri və poeziyanı çox sevirdi. Onunla Mirzə Cəlil Məmmədquluzadə arasında dostluq münasibətləri vardı və çox güman ki, Azərbaycan ədəbiyyatının bu görkəmli nümayəndəsinin ona müəyyən  təsiri olmuşdu. O yazıçılıqda da özünü sınamışdı və təəssüf ki, onun ailəsində onun çap olunmamış yalnız bir hekayəsi qalmışdır. O rus dilini çox mükəmməl bilmiş, həmçinin fars və ərəb dillərinə də yaxşı yiyələnmişdi. O bir sıra mühüm Bəhai Yazılarını fars və ərəb dillərindən rus dilinə tərcümə etmişdi. Bu mühüm Yazılardan “İşraqat”, “Təcəlliyat”, “Tarazat” və “Birliyin Yeddi Şamı Lövhü”, “Şərqə və Qərbə Çağırış”, “Səyyahın söylədikləri” kimi əsərlər Bəhai Dininin Mərkəzi Fiqurları tərəfindən yazılmışdır. Sonuncu iki əsər  iyirminci əsrin ilk illərində Bakıda rus dilində nəşr olunmuşdu. Bu tərcümələrin çoxu Bəhai Dininin təlim və prinsiplərinə maraq göstərən Lev Tolstoya göndərilmişdi. Tolstoy Mirzə Əli Əkbərlə məktublaşırdı və bu məktublardan bir neçəsi Əli Əkbərin göndərdiyi Bəhai materialları ilə birlikdə hələ də Lev Tolstoyun arxivində saxlanılır. 

1910-cu ildə Tolstoy vəfat edəndə, Azərbaycandan nümayəndə heyəti də onun dəfnində iştirak etmişdi və mötəbər mənbələrə görə Mirzə Əli Əkbər o nümayəndə heyətinə başçılıq etmişdi.

Mirzə Əli Əkbər yalnız Azərbaycan hüdudlarında deyil, həmçinin Mərkəzi Asiyanın çox ölkələrinə, İrana, Türkiyəyə, Fələstinə və Misirə, Gürcüstana, Ermənistana, Ukrayna və Rusiyaya, Fransa və Amerika Birləşmiş Ştatlarına səfərlər etmişdi. Bu səfərlərin çoxu onun Bəhai olması ilə bağlı idi və onların çoxu Mirzə Əli Əkbərin yetkin həyatının fəal illərində Bəhai Dininin Başçısı olmuş Həzrət Əbdül-Bəhanın göstərişi ilə həyata keçirilmişdi. 1912-ci ildə Həzrət Əbdül-Bəha Özünün fasiləsiz Qərb səfərinə başlayanda O, Mirzə Əli Əkbərdən xahiş etmişdi ki, bu səfərdə onu müşayiət etsin. Bu təklif Mirzə Əli Əkbərə Həzrət Əbdül-Bəha ilə  görüş üçün təşkil olunmuş toplantılarda iştirak etmək, Onun ictimaiyyət qarşısındakı çıxışlarını eşitmək, həmçinin Onu müşayiət edən və yaxın dostlarla etdiyi söhbətlərə qulaq asmaq kimi nadir bir fürsət vermişdi. Bu nitq və danışıqlar müfəssəlliyi ilə, hamısı da fars dilində, Mirzə Əli Əkbər tərəfindən yazıya alınmışdır. Bu qeydlərdən çıxarışlar Bəhai bülletenlərində və almanaxlarında dərc olunmuşdur.

Mirzə Əli Əkbərin həyatında digər bir mühüm epizod onun İzabella Qrinevskaya ilə ünsiyyətidir. Sankt Peterburqda Fəlsəfə, Şərq və Bibliologiya Cəmiyyətinin üzvü olan və yüksək mədəniyyətə malik bu rus şairəsi Baron Rosen və A. Tumanski kimi Rus alimlərinin Bəhai Dininin təlimləri haqqında yazılarından Bəhai Dini haqqında məlumat əldə etmişdi. Həzrət Babın həyatı, Onun təlimləri və İranda şəhid edilməsi barədə oxuyanda o təsirlənmiş və Babın həyatı haqqında pyes yazmaq qərarına gəlmişdi. Bir ildən sonra bu pyes Sank Peterburqun əsas teatrlarından birində tamaşaya qoyulmuşdu.  Bəhai tarixi yazılarına əsasən, bu pyes “daha sonra Londonda tamaşaya qoyulmuş, Parisdə fransız dilinə tərcümə olunmuş, şair Fiedler tərəfindən alman dilinə tərcümə edilmiş və yenidən, Rus İnqilabından dərhal sonra Leningrad Xalq Teatrında tamaşaya qoyulmuş və dahi yazıçı Tolstoyun hörmət və marağını qazana bilmişdi və bu poema haqqında onun yüksək fikri sonralar Rus mətbuatında dərc olunmuşdu.”

Bu görkəmli əsər haqqında xəbər o zaman Bəhai Dininin Başçısı olan Həzrət Əbdül-Bəhaya çatan kimi, O, Mirzə Əli Əkbərdən xahiş etdi ki, İzabella Qrinevskaya ilə əlaqə saxlasın. Onlar məktublaşdılar və nəticədə İzabella Qrinevskaya Həzrət Əbdül-Bəha ilə görüşmək istədiyini bildirdi. Bu zaman Həzrət Əbdül-Bəha özünün Avropa, ABŞ və Kanadaya olan tarixi səyahətindən sonra Misirdə səfərdə idi. Həzrət Əbdül-Bəha İzabella Qrinevskayanın xahişini qəbul etdi və Mirzə Əli Əkbərdən xahiş etdi ki, o zaman Odessada yaşayan Qrinevskayanı Port Səidə qədər müşayiət etsin. Bu plan nəzərdə tutulduğu kimi yerinə yetirildi və İzabella Qrinevskaya Həzrət Əbdül-Bəha ilə görüşdü. Həzrət Əbdül-Bəha ilə görüş və Onunla söhbət İzabella Qrinevskayanı Həzrət Bəhaullahın Vəhyinin Allahdan olmasına inandırdı və o, Bəhai Dinini qəbul etdi. Qrinevskaya Rusiyaya qayıtdıqdan sonra ömrünün sonunadək Bəhai icmasının sadiq üzvü olaraq qaldı.

O zaman Fələstində yaşayan və orada Bəhai icmasının üzvü olan Fatimə xanımla 1914-cü ildə evliliyindən onların üç oğlu dünyaya gəldi: Hüseyn(uşaqkən vəfat etmişdir), Cəlal və Əli.

Mirzə Əli Əkbər 1920-ci ildə öz ailəsi ilə Şüvəlanda kurortda olarkən dünyasını dəyişir. Bir müddət şəkərli diabetdən əziyyət çəkdikdən sonra o infarktdan vəfat edir. Bir-iki il sonra, onun həyat yoldaşı və iki oğlu Bakını tərk edirlər. Bundan sonra Onun bacısı Rübabə xanım Orucova onun məzarını Şüvəlan qəbiristanlığından Bakıya köçürür.

Mirzə Əli Əkbər Naxçıvani  bütün dünya bəhailəri  arasında məşhurdur, lakin Azərbaycan Bəhailəri onu daha çox sevir və onun xatirəsini əziz tuturlar.

bottom of page