top of page

Ağa Musa Nağıyev

.... Musa Nağıyev bəhai idi və xeyriyyə işlərində fəal idi, Hacı Zeynalabdin Tağıyev isə həm Nağıyev kimi məşhur bəhai ilə, həm də sadə bəhailərlə tanış idi, onların hamsının elmə, maarifə və təhsilə münasibətlərinə və hamısının da savadlı olmalarına görə bəhailərə rəğbət bəsləyirdi. 

İstər tarixi, istərsə də ədəbi-bədii yazılarda Musa Nağıyevi həmişə təzadlı bir şəxsiyyət kimi təsvir ediblər. Onu xəsis,  müxtəlif xeyriyyə işlərinə asanlıqla pul verməyən bir şəxs kimi təqdim edirlər. Ancaq pulunu xərcləməyin yolunu bilən, Bakıda yüzə yaxın bina tikən və müxtəlif xeyriyyə layihələrini maliyyələşdirən bir adam haqqında necə xəsis demək olar? Bu tarixi bir ədalətsizlikdir ki, aradan götürülməlidir və Azərbaycan xalqı onun haqqını verməlidir. 

Digər tərəfdən isə o, çox prinsipial, əqidəcə möhkəm və qorxmaz, təəssüb və qərəzdən uzaq bir adam olmuşdur. Təsəvvür edin, o dövrdə, bir məhkəmə işində and içmək üçün inandığı kitabın gətirilməsini tələb edən bir insan nə dərəcədə qorxmaz və əqidəli olmalı idi? Bəzən bizim ziyalılar və ya təəssübkeşlikdən qurtula bilməyən tarixçilər deyirlər ki, Musa Nağıyevi aldadıb Babi ediblərmiş. Guya onu inandırıbmışlar ki, çoxlu binalar tiksən ölməyəcəksən. Çox gülünc bir fərziyyədir. Hərçənd başqa bir versiya da budur ki, çoxlu bina tikməyin yaxşı iş olduğunu və insan ömrünü uzatdığını ona atası deyibmiş.  Sadəcə bəziləri bu məsələdə bəhailərə və bəhailiyə qısqanc mövqedən çıxış etdikləri üçün bu fikirləri səsləndirirlər. Onun bəhai olmasında, deyilənə görə, ikinci həyat yoldaşı Yelizaveta Qriqoryevnanın (Lizanın) rolu olub, çünki o, öz bəhai imiş. Bununla belə, Musa Nağıyev Bakı Bəhailəri Ruhani Məhfilinin fəxri üzvü olmuşdur. Daha bir faktı qeyd etmək lazımdır ki, əslən Ordubaddan olan bəhai Əli Əkbər Naxçıvani Musa Nağıyevin kontorunda mühəndis kimi çalışmışdır. (Əli Əkbər Naxçıvani barəsində ayrıca danışacağıq.)

 

Musa Nağıyevin fəaliyyəti və xeyriyyəçiliyi haqqında nəvəsi Dilarə Ağamusa Nağıyeva “Xalq üçün ömrünü şam kimi əridən..” adlı  kitabında ətraflı məlumt vermişdir. Təəssüf ki, onun babi və ya bəhai kimi fəaliyyəti barədə məlumatlar ya  yoxdur, ya da azdır, lakin onun fikri və düşüncə tərzi, dünya görüşü və əqidəsi Qurban Səidin “Əli və Nino” kitabından aşağıdakı parçada  maraqlı bir formada təqdim edilir:

 

“O, “təmizləməliyik” sözünü elə nəzakətlə və yumşaq bir tonla dedi ki, elə bil eşq elan edirdi. O, hiyləgərcəsinə gülümsəyirdi. Mən ona cavab vermədim.

İndi növbə Bəhai Ağa Musa Nağının idi. O danışmağa başlayanda onun balaca, içəri batmış gözləri parıldayırdı:

 

– Mən yaşlı bir adamam, – deyə sözə başladı. – Gördüklərim, eşitdiklərim məni çox kədərləndirir. Ruslar türkləri öldürürlər, türklər ermənilərlə vuruşurlar. Ermənilər isə bizim kökümüzü kəsməyə can atırlar. İndi biz də ölkəmizdən rusları təmizləməyə çalışırıq. Bunun yaxşı olub-olmadığını bilmirəm. Biz Zeynal ağanın, Mirzə Əsədullanın, Əli Əsədullanın, Fətəli xanın xalqımızın taleyi barədə fikirlərini dinlədik. Mən onların məktəblərimizin, ana dilimizin, xəstəxanalarımızın və azadlığımızın son dərəcə qayğısına qaldıqlarını bilirəm. Bu pis şey deyil! Amma orada yalnız boş şeylər tədris edilirsə, o məktəb kimə və nəyə lazımdır? Bədəni müalicə edib, ruhu yaddan çıxardan xəstəxananın nə faydası vardır? Bizim ruhumuz Tanrıya doğru getmək istəyir. Düzdür, hər bir millət özünə məxsus bir tanrısı olduğuna inanır. Lakin mənim fikrimcə keçmiş neçə-neçə uluların diliylə desək, özünü bizə tanıtmış olan Allah birdir. Buna görə də mən eyni zamanda həm Həzrəti İsaya, Musaya, Konfusiyə, Buddaya və həm də Məhəmməd Peyğəmbərə inanıram. Biz hamımız bir Allahdan törənmişik və Bab* yoluyla onun yanına dönəcəyik. Bunu xalqa bildirmək lazımdır ki, nə qara var, nə də ağ. Çünki qarada ağ, ağda da qara vardır. Ona görə də məsləhət görürəm: gəlin elə bir iş görməyək ki, dünyada kimsəyə zərər dəysin. Çünki bizim hər birimiz hər ruhun bir parçasıyıq və hər ruh da bizim bir parçamızdır.

 

Biz pərt halda oturmuşduq. Deməli Babın kafir ideyası bu imiş. Yanımda kiminsə bərkdən hıçqırdığını eşitdim. Başımı çevirib baxdım və təəccübləndiyimdən quruyub qaldım:

Əli Əsədullanın sifətindən göz yaşları sel kimi axırdı. 

 

Əli Əsədulla hıçqıra-hıçqıra dedi:

– Ah, nə qədər siz haqlısınız! Sizə qulaq asmaq böyük xoşbəxtlikdir. Ey ulu Tanrım!  Ağa Musa, bütün insanlar bu qədər dərin biliyə malik olsaydılar, dərdimiz olmazdı? Sonra o göz yaşlarını silib, dərin bir köks ötürdü və sakitləşmiş bir şəkildə söhbətinə davam etdi:

 

- Ey dərin hörmət bəslədiyimiz dostum! Heç bir şübhə yoxdur ki, Tanrının qolu hamımızın qolundan qüvvətli və qüdrətlidir. Lakin ey, müdriklik dəryası olan dostum, bu da həqiqətdir ki, insan Küll-İxtiyarın iltifat ruhuna həmişə bel bağlaya bilməz və bel də bağlamamalıdır. Biz hamımız insanıq, biz gərək özümüz bütün çətinliklərimizi aradan qaldırmaq yollarını axtarıb tapaq.”!

 

Çox mühüm bir fakt da bundan ibarətdir ki, M. Nağıyev H. Z. Tağıyevlə bağlı məhkəmə prosesində Quran əvəzinə, “Kitab`i-Əqdəs”ə and içmişdi. Bəhailər, təbii ki, Quranın müqəddəs bir ilahi kitab olduğuna inanırlar, lakin inkişaf və yeni şəraitə uyğun olaraq şəriətin və sosial prinsiplərində dəyişməli olması inancına da  sahibdirlər, o üzdən, Musa Nağıyevin bu hərəkəti Qurana hörmətsizlik deyil, özünün dini kimliyini göstərmək, dürüst olmaq və bu dinə sağlam bir imanı olması səbəbindən belə bir hərəkət etmişdir. 

 

Musa Nağıyevin bir milyonçu olaraq Bəhai olması bəhailiyin sadəcə kübar cəmiyyətdə söhbət mövzusu olmasına səbəb olmurdu, təbii ki, həm də belə hörmətli bir adamın nə üçün bəhailiyi qəbul etməsi maraqlı bir sual idi və ciddi mübahisələrə səbəb olurdu. Musa Nağıyev həqiqətən, imanlı bir şəxs idi, Bəhai tədbirlərinə rahatlıqla gedirdi və hətta Bəhai məclislərini kübar ziyafətlərindən üstün tuturdu. 

 

“Bir gün şəhərin kasıb məhəllələrindən birində yaşayan bir bəhai Musa Nağıyevi öz evindəki bəhai ziyafətinə dəvət edir. Musa vaxtında həmin məclisə gəlir və bu zaman orada olan dostlardan bəziləri ondan soruşurlar: “Siz nə üçün buraya gəlmisiniz? Bura sizin üçün təhlükəlidir. Sizi girov götürə bilərlər. “Əgər mən bura gəlməsəydim,” Musa cavab verir, “bu ev sahibinin ürəyi məndən sınardı. Həzrət Bəhaullah istəməzdi ki, mən kiminsə ürəyini sındırım.” Bütün Qafqaz və Rusiyanın ən zəngin maqnatları Musa Nağıyevin bəhai olduğunu bilirdilər, çünki görüşdüyü hər kəsə həmişə bəhai olduğunu bildirərdi.” (İşraq Xavəri, Bəhai Dininin Bakıda tarixinin xülasəsi) 

Burada onunla Tağıyev arasında olan bir söhbəti xatırlatmaq yerinə düşərdi. İshraq Xavərinin Bəhai Dininin Bakıda tarixini əks etdirən yazılarında  belə bir söhbət qələmə alınmışdır: 

“Bir gün Musa Hacı Zeynalabdin Tağıyevə dedi: “Hacı, Sizin bu müəlliminiz özünü hərtərəfli bir adam kimi göstərmişdir. Onun bir bəhai mübəlliği ilə söhbətinə nə deyirsiniz, biz də kənardan müşahidə edək, görək kim özünü necə göstərir?” Tağıyev onun bu təklifinə razı olur və qərara alırlar ki, çərşənbə axşamı saat üçdə bu qrup Tağıyevin evində toplaşsınlar. Deyilən gün, Musa Nağıyev Bəhai Mərkəzinə, Həzrətil-Qüdsə gedir və orada Mirzə Əli Əkbər Naxçıvani və Mirzə Əbdül-Xaliqlə görüşür ki, onlarla birlikdə Tağıyevin evinə getsinlər. Elə faytona mindikləri yerdə, təsadüfən, Mirzə İsmayıl Mişkat da gəlir və onlara qoşulmaq istəyini bildirir. Ona bu ziyarətin məqsədini izah edirlər və qərara alırlar ki, Mirzə Mişkat da onlarla getsin. 

 

“Çaydan və şirniyyatdan sonra qızğın söhbət başlayır. Tağıyevin müəllimi Ağayi Cəlil birinci danışmalı idi, üzünü Mirzə Əbdül-Xaliqə tutur. Lakin Mirzə Mişkat Cəlilin güclü məntiqi olduğunu görüb Bəhailərin adından debata girməyi öz üzərinə götürür və nəticədə Cəlili məğlub edir və bu zaman birdən Cəlil bəyan edir ki: “Mən Allaha, Məhəmmədə və ya İsaya inanıram ki, sən də məni onların Kitablarından gətirdiyin sübutla imana gətirmək istəyirsən? Mən onların hamısnı boş sözlərdən başqa bir şey hesab etmirəm.” Belə olduqda Mirzə Mişkat üzünü Tağıyevə tutub xahiş edir ki, Tağıyev ona Cəlili əvvəlcə müsəlman, sonra isə bəhai etməyə icazə versin!” Ona izn verilir və Mişkat ilahi Elçilərin haqq olduqlarını, İmamların və Canişinlərin doğru olduqlarını sübut etməyə başlayır, Cəlilsə ona qarşı heç nə deyə bilmir. Bu söhbət zamanı Mişkat yeri gəldikcə Həzrət Bəhaullahın təlimlərindən danışır; sonda saat beşdə görüş başa çatır.  

 

“Tağıyev Musaya pıçıldayır ki, “Sizin bu müəlliminiz böyük alimdir – o yəqin ki bəhailərin imamıdır.” “Məsələ bundadır ki,” Musa cavab verir, “ Cəlil sadəcə Bəhainin qarşısında dayanmaq qabiliyyətində deyil.” Haqqında sizin danışdığınız şəxs sadəcə müti bir xırdavatçıdır, o küçələri və bazarları dolanır, kağız və mürəkkəb satır.” Tağıyev buna inana bilmir; bir neçə gün sonra o, Mişkatı güdür və görürür ki, Mişkat qarşısında ləyəni küçədə durub kağız və mürəkkəb satır. Faytonçunu onun dalınca göndərir və o da onu faytonun yanına gətirir. Tağıyev faytonçuya əmr edir ki. Mişkatın ləyənini alsın  və faytonda onun qarşısında qoysun. Mişkata isə deyir ki, faytona minsin və onlar onun evinə gedirlər və Tağıyevin evində onlar iki saata yaxın söhbət edirlər. Mişkatın getmək vaxtı gələndə Tağıyev ona bir zərf verir; qonaq zərfdə nə olduğunu soruşanda Tağıyev deyir: “Orada bir məbləğ pul var, sənin haqq etdiyinə layiq olmasa da, xahiş edirəm ki, onu istifadə edəsən və bir dükan alasan.” Bu təklifə Mişkat belə cavab verdi: “Mən sizin bu comərd hərəkətinizə görə minnətdaram və təşəkkür edirəm; Amma sizin bəxşişi qəbul edə bilmərəm, çünki sizə mükafat almağa dəyəcək bir xidmət göstərməmişəm. Mənim vəziyyətim mənə dükan açmağa imkan vermir, çünki mən daim bir yerdən başqasına səfər etməli, Allahın Sözünü ucaltmaqla məşğul olmalıyam. Mənim indiki gəlirim isə bu məqsəd üçün kifayət edir.” Tağıyev nə qədər israr etsə də Mişkat hədiyyəni almaqdan qəti imtina edir. Bu söhbətin nəticəsində Tağıyev onun zavodlarında işləyən bəhailərə haqlar verdi, özü isə Bəhai dininə rəğbət göstərməyə başladı və Mişkata icazə verdi ki, nə vaxt istəsə, onun evinə gedib-gələ bilər”.

 

Bu o zamanlar idi ki, (1905-ci ildə)  Bakı və Qafqaz bəhailəri birləşib Bakıda Çadroviy küçəsində Həzrətül-Qüdsü tikməyə başlamış və onu 1907-ci ildə o başa  çatdırmışdılar. 1917-ci ildə isə Həzrətül-Qüdsün yanında uşaq dərsləri üçün məktəb tikilmişdi. Yenə o binaya yaxın yerdə 1919-cu ildə gənclər üçün teatr tipli salon tikilmişdi. 

bottom of page