top of page

Yusif Vəzir Çəmənzəminli

Yusif Vəzir Çəmənzəminlinin Studentlər romanında belə bir mükalimə vardır:

“Zəng vuruldu. Bir neçə dəqiqə sonra qulluqçu Rüstəmbəyin yanına qonaq gəldiyini xəbər verdi. Yoldaşlar koridorda görüşdülər. Rüstəmbəy şad bir halda əlini uzatdı:

– Ya Allah, Əli, - dedi. – Xoş gəlmisən.

Əli ortaboy, nazik bığlı, pəjmürdə tüklü bir student idi. İstər söhbətində, istərsə tərpənişində çox ağır idi. Hər bir hərəkətində əsla adi studentlərə bənzəmirdi. Fikir və xəyalı həqiqət aramaq idi. Ruhani alimlərlə görüşər, dinə dair bir çox məsələlər soruşar, zaviyyələrə gedər, rahiblərin həyatını öyrənməyə çalışardı. Bir molla, bir dərviş yox idi ki, onlarla mübahisəyə girməsin. Buna görə də sabit fikrə malik deyildi. Daima axtarış yolunda, tərəddüd içində yaşayırdı. 

Rüstəmbəy Əlini otağına dəvət etdi. Əli mülayim bir sima ilə:

– Bağışla, yoldaş, - dedi, - bəlkə sənə əziyyət verirəm.

Əli sözlərini qurtararaq, elə bil oturmağa cəsarət eləmirdi. Rüstəmbəy ona kürsü göstərdi, əyləşməsini təklif etdi. Əli oturdu və əllərini ova-ova təkrar:

– Yoldaş, sənə mane olmuram ki? – dedi.

Rüstəmbəy gülümsündü və xoşhallıqla cavab verdi:

– Yox, qardaş. Məni yad eləməyindən çox məmnunam. Yoxsa qapımı açıb girən yoxdur. Müsəlman studentləri mənim yanıma gəlməyə qorxurlar; çünki onların ciddi söhbətlə araları yoxdur. Zavallılar kitabdan yaman ürkürlər. Tərs kimi mənim kitabxanamda da belə dolaşıq kitablar var ki, ciddən qorxmalıdır. Rüstəmbəy gülümsündü və sonra gözlərini küncdəki kitab qəfəsinə döndərdi. 

Əli ciddi bir halda kitabları nəzərdən keçirdi.

- Yoldaş, – dedi, – o iri kitab Tövratmıdır?

Rüstəmbəy gülümsündü:

– Tövratdır; müsəlman studentlərini qorxudan Tövrat.

Əli yavaşca qalxdı, kitabxanaya tərəf yönəldi:

– Bağışla, bu “Kitabi-Əqdəs”ə baxmaq olarmı? – deyə qəfəsədən nazik bir kitab çıxartdı. Əli kitabı vərəqlədi. Orasına, burasına baxdı və müqəddiməsini oxumağa başladı. Bir müddət sükuta daldılar. Qonşu otaqdan ev xanımının səsi gəlirdi: qulluqçuya sifariş verməkdə idi. Tavanın üstündə kimsə bərk tappıltı salmışdı. Aşağı mərtəbədən piano səsi gəlirdi. Əli kitabdan aralandı. Fikirli gözlərini Rüstəmbəyə döndərərək dedi:

– Babiliklə əsla tanış deyiləm. Amma onların tarixini oxumaq lazımdır.

Rüstəmbəy müxtəsərcə olaraq babilik və bəhailik barəsində Əliyə məlumat verdi. İranın məzhəb mənbəyi olmağından bəhs etdi. Cəfəri təriqətlərdən danışdı.  Əli Rüstəmbəyin sözlərini diqqətlə dinləyirdi. Arabir sual verir və öz rəyini bildirmək fürsətini də əldən qaçırmırdı. Birdən bəhailiyin artması barəsində soruşdu:

– Deyirlər, Amerikada bəhailik getdikcə intişar edir.

Rüstəmbəy bu fikirlərin doğruluğuna şərik olmaq istəmədi və acıqlı bir halda:

– Zənnimcə, - dedi, - Amerikanın yeni dinə ehtiyacı yoxdur. Amerikanın dini sənaye və ticarətdən ibarətdir. Amerikada xalq o qədər işə məşğuldur ki, başlarını qaşımağa belə macalları yoxdur. Din axtarmaq işsizlik əlamətidir. Din və məzhəb icadı şərqlilərin inhisarındadır. Ömrümüzü o qədər işsizliklə, xəyal və mövhumatla keçiririk ki... Din haqqındakı söhbət Rüstəmbəyin ən sevdiyi məsələlərdən biri idi. Ona görə danışdıqca qızışdı və bu məsələ barəsində geniş məlumatı olduğunu göstərdi. O danışırkən tarixin qanlı səhifələri, həyatın donub, bir nöqtədə qalması... bir lent kimi Əlinin gözü önündən keçdi. Avropanın din düşməni olan ümdə mütəfəkkirlərinin adları təkrar edildi.

Axırda Rüstəmbəy xoş bir təbəssümlə dedi:

– Avropada dünyaya hədsiz-hesabsız mütəfəkkirlər gəlmiş, orada böyük filosoflar, geniş məlumatlı alimlər olmuş; ancaq Avropa tarixində din icad edənlərə rast gəlmədim. Lüter və Qalvin kimi din islahatçıları olmuş, yeni din uyduran olmamışdır. Amma bizim Şərqdə iki eşşəyin arpasını bölməyə qadir olmayan belə peyğəmbərlik iddiasına düşmüşlər. Rüstəmbəy bir qədər sükut etdi. Əli onun nitqinin bəxş etdiyi təsirdən fikrə dalmışdı. Yenə üst mərtəbədən tappıltı gəlirdi. Altdan piano əvəzində çocuq bağırtısı eşidilməyə başladı. Əli Rüstəmbəyin üzünə baxdı, nəzərləri qarşılaşdı.

Rüstəmbəy yenə başladı:

– Mən bəhailiyi qəbul edənlərə diqqət etdim. Bunların içində bir nəfər də olsun kamil adam yoxdur, hamısı yarımçıqlardır ki , avamlıqdan aralanıb, kamilliyə də çatmayıblar. Zatən gərək belə də olsun; çünki avam dinində möhkəm olar və ayrı dini öz dininə tərcih etməz; arif və kamillərin də dinə ehtiyacı yoxdur. Onlar dinsiz də yaşayışın yolunu tapmışdırlar. Namaz, oruc, ziyarət və qeyri-bunlar lüzumsuz şeylərdir. Ona görə ariflər yeni din axtarmaq deyil, öz dinlərinə belə etina etmirlər. Bunlar dinə qul olmağı alçaqlıq bilirlər. O ki, qaldı yarımçıqlara – bunlar təzə din axtarmağa tərəqqipərvərlik iddiası edirlər. Halbuki dinlə elm bir-birinə düşməndir; həmişə vuruşublar, qiyamətədək də vuruşacaqlar. Əli çənəsindəki yumşaq tükləri buraraq qulaq asır, onun fikirlərini təsdiq edərək başını tərpədir və bəzən də üzünün cizgilərində parlayan ifadə ilə ona şərik olmadığını duydururdu. Nəhayət, Rüstəmbəyin sükutundan istifadə edərək sözə başladı:

– Yoldaş, - dedi, - din haqqında söylədiklərinin bir çox nöqtələri ilə razılaşıram. Bilirəm ki, din uydurma bir şeydir. Bilirəm ki, dinsiz də yaşamaq olar. Gözəlcə bilirəm ki, heç bir sağlam dimağ din səfsətələrinə inanmaz və inanmamalıdır. Lakin din bir əmri-vaqe olaraq, insaniyyətlə bərabər doğmuş və əsrlərdən bəri dolanbac tarix yollarında onu təşyi edir (izah verir), ona yol göstərir. Bu gün bizim istehza etdiyimiz Konfutsi, Budda, Musa, İsa və Məhəmmədlər arxasınca milyonlarca adamlar gedir; həm də fədakar və mütəəssib adamlar. Bu hala nə deyərsən? Məsələ din icad edəndə deyil, məsələ bəşərin din axtarmasındadır. Peyğəmbər olmadan da insanın dini vardı. Oda, günəşə, aya, daşa, heyvanlara tapınan azmı olmuş? Əli sözlərini bitirmişdi, lakin gözlərinin düşüncə içində çarpınması onun qane olmamasını göstərirdi. O sanki qaranlıq üfüqdə bəzi parıltılar sezmiş, lakin onun işıq olub-olmamasını kəsdirə bilmirdi. Rüstəmbəy də düşünürdü. Bunun da fikir sahəsində yeni hərəkət başladığı gözlərindən duyulurdu.

Əli:

– Bəs nə etməli? – deyə məyus bir çöhrə ilə Rüstəmbəyə müraciət etdi.

Rüstəmbəy mətin bir səslə:

– Həyatın məqsədini anlamalı!.. – dedi. 

Söhbət gecə yarısına qədər çəkdi. Əli ayağa durdu, üzr istədi və axırda bir neçə kitab alıb getdi.”

Əli obrazı həqiqət axtaran insanın tipik bir obrazıdır. Rüstəmbəy kimi yarısavadlı və dindən anlamayan dostlar məsələyə dərindən yanaşan və həqiqəti axtaran Əli kimiləri çətin başa düşərlər. Əli axtarışını davam etdirsə, onun bəhai olmaq ehtimalı böyükdür. Burada iki məqamı ayırd etmək olar. Biri çox geniş yayılmış bir gerçəkliyi göstərir ki, Bəhai dini haqqında dərin araşdırma aparmadan onun haqqında hökm çıxarırlar. İkincisi isə ideologiya zəhəridir ki, bəzən dini təəssübkeşlik və önyarğı qədər insanın təfəkkürünü həbs edir və baxışlarını qaraldır. 

Bu mükalimənin quruluşu və dialoq tərəflərinin fikirləri Y. V. Çəmənzəminlinin çox usta bir yazıçı, eyni zamanda bəhailik barədə kifayət qədər məlumatlı olmasını göstərir. 

Elə həmin romanda Y. Vəzir davam edir: “Rüstəmbəy bəhai Əbülfərəcə məktub yazırdı. Yazdı və oxumağa başladı: "Möhtərəm əfəndi, ikinci məktubunuzda əvvəlki məsləhətinizi təkrar edirsiniz, məni bəhai dininə dəvət etməkdən çəkinmirsiniz; təzə din deyə bəhailiyi mədh edirsiniz, bəhailik zəmanəyə müvafiq bir dindir və i. a. Bu sözləri çox bəhailərdən eşitmişəm, lakin bircə iş var: din bir o qədər də zəruri şeydirmi? Onun yolunda bu qədər çalışmağa dəyərmi? Zənnimizcə, dindən uca, ondan zəruri bir ayrı şey var. Onun adına həyat və yaşayış deyirlər. Biz həyatı sevsək, onu yüngülləşdirsək, ən həqiqi mömünlüyə çatarıq... Bu fikirləri keçən məktublarımda cənabınıza məlum eləmişdim. Artıq təkrara lüzum yoxdur.

Sonra bəhailiyə "təzə din" deyirsiniz. Zənnimizcə, bunda da böyük səhv eləyirsiniz. Dinə təzə demək olmaz, din həmişə köhnədir. Səbəb budur ki, hər bir din əbədilik iddiasına düşür, din bir qanun, bir qayda təşkil etdikdə əbədi ola bilməz. Olduqda təzəliyini itirir və zəmanə tələbinə müvafıq gəlmir. Bəhailik bu gün təzə görünsə də, bir ildən, beş ildən sonra təzəliyini mütləq itirəcəkdir, çünki əbədi "təzəlik" yoxdur, zaman belə təzəliklərin düşmənidir. Bu nöqteyi-nəzərdən həyat zamanla "təzəliyin" mübarizəsindən ibarətdir. Bu mübarizə şiddətini yox etdikdə həyat da mənasını itirir. Deməli, din və ya başqa bir qanun sabit bir halda əbədi hökmranlıq etdikdə, həyat ruhunu qaib edir. İnsanın meyl və həvəsi məhdud bir dairəyə düşərək sönür. Dirilik əvəzinə yuxu və yarımcanlılıq əmələ gəlir. Bu hal cəmi dinlərdə görünmüş, bununla mübarizə etmək üçün qanlı inqilablar doğmuş və nəticədə dünyəvi qanunlar qələbə çalmışdır. Bəhai dini də bu qanlı pillələrdən keçəcək..."

Bu dialoq bu günlə o qədər səsləşir ki, sanki 100 il əvvəlki mükalimə deyil. Rüstəmbəyin sözləri hətta mənim öz dostlarımdan eşitdiyim sözlərlə tam eynidir. İndi mən Əlini də, Əbdülfərəci də o qədər yaxşı başa düşürəm ki, bu Rüstəmbəylər bəhailərə yarımçıq deyir, lakin özünün biliyinin və dünyagörüşünün yarımçıqlığından xəbəri yoxdur. Bunlar sözə sona qədər qulaq asmayan, ideologiya qulları, pafoslu yenilikçi və farmazonlar idilər ki, marksist fəlsəfəni də yarımçıq bilirdilər və dinlə məşğul olanlara rişxənd edirdilər. Amma bilmirdilər ki, bu gün onların tərbiyə ilə aldıqları bütün gözəlliklərin, uğrunda savaşdıqları bütün haqq və hüquqların mənbəyi dindir. Bir az da irəli gedib, Platondan, Sokratdan, daha sonra İbn-Sina, Əbu Nəsr-Əl-Fərabi, Şihabəddin Sührəverdi kimi böyük filosofların öz fəlsəfi dünyagörüşlərini məhz dinlərdən doğan ideyalar üzərində qurduqlarını anlamış olardılar. Onu da anlayardılar ki, “din başqalarına ziyan vurmağı qadağan edir, insanları (ruhları) fədakarlıq meydanına səsləyir ki, onlar başqalarının rifahı naminə özlərindən keçsinlər. O, dünya miqyaslı baxış verir, ürəkləri xudbinlik (məncillik) və təəssübdən təmizləyir. O ruhları birlik qurmağa, hamının maddi və ruhani firavanlığı üçün çalışmağa, öz xoşbəxtliyini başqalarının xoşbəxtliyində görməyə, öyrənmə və elmi inkişaf etdirməyə, həqiqi sevinc aləti olmağa və insanlığın bədənini yenidən canlandırmağa ilhamlandırır. O, qəlbləri onlara fitrətən əta edilmiş keyfiyyətləri əks etdirənədək cilalayır. O zaman ilahi sifətlərin gücü fərddə və insanlığın kollektiv həyatında təzahür edir və bu güc yeni sosial nizamın yaranmasına kömək edir.”  (Ümumdünya Ədalət Evi, 29 01 2014)

bottom of page