top of page

Qarmaqarışıqlıq və Həqiqət Axtarıcılığı

Bəhailiyə qarşı İran və Türkiyədə aparılmış mübarizə təbiəti etibarilə əsasən dini xarakterdə olmuşdur. Bu ölkələrdə Bəhailiyin haqq olması barədə söhbətlərdə teoloji amillər önə keçir. Və təbii ki, dini təəssübkeşlik başlıca əngəl olmuşdur və indi də elədir.

Lakin Azərbaycanda Bəhailiyin əleyhinə aparılan işlər, istər çar dövründə, istərsə də sovetlər dönəmində mürəkkəb xarakterdə olmuşdur. Yuxarıda qeyd edildiyi kimi, Çar Rusiyası babilərin qüdrətli bir hərəkat yaratmasından qorxuya düşmüşdü və iğtişaşların tez bir zamanda bu taya adlaması onları qorxudurdu və təbii ki, onun İranda ikibaşlı maraqları vardı.  Bu bir tərəfdən şahla olan yaxşı münasibətlər idisə, digər tərəfdən, İranın daxili qeyri-stabilliyi ona öz siyasətini asanlıqla yeritməyə imkan verirdi. Lakin hər iki halda bəhailiyin əsl mahiyyətinin araşdırılması maraqlı deyildi, baş verənlər barədə qayğılar isə, rusiyalı şərqşünas alimlərin zaman-zaman obyektivliyini nəzərə almasaq, sırf siyasi mənfəət predmeti idi. Ona görə də Bəhailik barədə araşdırmalar çox təzadlı və qarışıqdır, səthi təhlil və mülahizələrlə doludur. 

Azərbaycanda 20-ci əsrin 30-cu illərindən başlayaraq bəhailiyə qarşı iş ideoloji fonda idi və ümumiyyətlə dinlərə qarşı yönəlmişdisə də, Bəhailiyin güclü sosial postulatları, o dövrdə Avropa və Amerikada sürətlə yayılması Azərbaycandakı bolşevik ideoloqlarını möhkəm qorxuya salmışdı. Odur ki, Bəhai dini yazılarını və Həzrət Əbdül-Bəhanın əldə olan yazılarını araşdırır, kontekstdən çıxarıb imperializmə xidmət etdiyini sübut etməyə açılışırdılar. Əlbəttə, bu gün bu çalışmalar çox primitiv görünür və ancaq rişxənd doğurur. Lakin 21-ci əsrin əvvəlində də, yüz il əvvəl olduğu kimi, eyni bir münasibət sərgilənməsi əsl faciədir. Sovet dövründə Bəhai Dininin əleyhinə Azərbaycanda dərc edilmiş yazılar və bir neçə kitabça Bəhai fəaliyyətləri haqqında o qədər dolğun məlumat verir ki, onları bəhailərin öz sənədlərində görmək mümkün deyil. Onların nə qədər işgüzar, tərəqqipərvər, qadınların inkişaf qayğısına qalan, təhsil məsələlərində ciddi olduqları, hökumətin qanunlarına itaət etmələri, satqınlıq etməməkləri bu tənqidi və rəddiyə yazılarında yer alır. Yenə də faciə burasındadır ki, Azərbaycanda çap edilmiş bütün növ ensiklopedik kitablarda, lüğətlərdə, almanaxlarda alimlər və tərtibçilər mollalardan alınmış, ideologiya zəhərinə bulaşmış qərəzli və iftira dolu dırnaqarası araşdırmalardan bolluca istifadə etmişlər və bunu bu gün də davam etdirirlər.

Bakı və Balaxanını nəzərə almasaq – çünki bu iki yerdə onları çox idilər və onların fəaliyyətləri barədə yazılmışdır - Salyanda, Bərdədə, Xıllıda, Neftçalada, Şəkidə və Gəncədə Bəhailər sayca az olsalar da, sadə insanlar arasında böyük hörmətə malik idilər. Onların davranışları və mütərəqqi dünya görüşləri onları başqalarından fərqləndirirdi və çoxlu müsəlman dostlar danışırlar ki, onlar uşaq olanda bəhailərin fərqli olduğunu sezir və valideynlərindən onların niyə fərqli, yəni kübar olduqlarını soruşanda onların bəhai olduqlarını deyirlərmiş və onlara qibtə etdiklərini, rəğbət bəslədiklərini də gizlətmirlərmiş. Həmişə olduğu kimi, sadə insanların arasına dini mövhumat, zərərli ideologiya soxulanda bu çox pis nəticələr verir, insanları kütləyə və qaragüruha çevirir və bu həmişə ya hakimiyyətin, ya da din xadimlərinin əli ilə olmuşdur. Azərbaycanda da iki zümrə, mollalar və siyasi ideoloqlar Bəhai dininin əsl mahiyyətinin, məqsəd və məramının insanlara çatdırılmasında başlıca əngəl olmuşlar. Halbuki azərbaycanlılar bu dini cani-könüldən qucaqlayar, dərhal qəbul edərdilər. Bunu cənubda yaşayan soydaşlarımız öz qəhrəmanlıq hərəkətləri ilə sübut etmişlər. Şimali Azərbaycanda da bu alıcılığın, bu həssaslığın kifayət qədər nümunələri vardır.

Bəhailər hansı dünyagörüşünə malik olduqlarını, yaşadıqları ölkəyə necə xidmətlər göstərmək potensialını yaxşı bilirlər və bəhailik özünün hələ uzun sürəcək təşəkkül erasını yaşayarkən, bu təlimin müasir şərtlər altında Azərbaycana verdiyi və verə biləcəyi töhfələr üzərində düşünəndə yenə də cəhalətin, 21-ci əsrə, kompyuter və informasiya əsrinə xas olan “savadsızlığın”  ölkəyə və millətə necə ziyan vurmasına acımalı olursan. Bu, cəhalət, ümumi hal olsa da, dinin ümumiyyətlə gözdən düşdüyü bir zamanda müxtəlif formalarda təzahür edir. Bu ifratçılıqda, radikalizmdə, ehkamçılıqda, təməlçilikdə özünü göstərir. Bu təzahürlər bir çox digər amillərin nəticəsi olmaqla bərabər, həm də artıq itirilməsi, yaxud tükəndiyi üçün tərk edilməsi zaman məsələsi olan bir şeyin əldən çıxması anında qorxudan və ümidsizlikdən onu buraxmamaq və ondan möhkəm yapışmaq cəhdindən başqa bir şey deyil.

Bəhailər heç vaxt rəhbərsiz və rəhbərliksiz qalmamışdır. Ona görə də yaranmasından bəri son iki yüz ildə onların nə etdikləri barədə həmişə aydın təsəvvür və baxışları olmuşdur. Ümumən, onlar planlı şəkildə, Həzrət Bəhaullahın təlimlərini insanlara çatdırmağı öyrənməyə çalışmışlar və həmişə fərqində olmuşlar ki, bu ancaq sevməyi öyrənməklə mümkündür. İnsanlara və insanlığa xidmət onların inancının kökündə dayanmışdır. Bu halda, əvvəlcə kütləvi savadsızlığın olduğu, sonra sovet ideologiyasının hakim olduğu bir ölkədə bəhailər təbii ki, ziyalı zümrənin diqqətini çəkməli idi.  Lakin bu zümrəyə mənsub olanlar hələ öz yollarını seçmək, kimə oxşamaq üstündə mübahisə edərkən, bəhailər ümumdünya qardaşlığı və barışı kimi 21-ci əsrdə belə hələ də meydanoxuyucu görünən bir idealdan danışırdılar. Praqmatik yazarlar, təbii ki, xalqın o andakı gerçək vəziyyətindən narahat idilər, amma əsl çıxış yolunun harda olduğunu görə bilmirdilər və ona görə də bəzən bəhailərin fəaliyyətinə lazımi diqqət vermirdilər. Bununla belə, İlahi Söz öz təsirini göstərir. O, təmiz və həssas qəlblərə toxunanda güclü bir transformasiya prosesi başlayır ki, yalnız vicdanı susdura bilənlər onun qarşısını ala bilərlər. Lakin ideya səviyyəsində bizim 20-ci əsrin əvvəllərində yaşayıb-yaratmış kifayət qədər çox sayda şair və yazarlarımızın əsərlərində bu ideallar bu və ya digər formada öz inikasını tapmışdır. Bu barədə yuxarıdakı qeydlər kifayət qədər sübutlar verir. 

bottom of page