top of page

İlk Milli Aktrisa,

İlk Qadın Kimyaçı Akademik 

-İzzət Orucova

Epoxanın ruhu və bir qadının həyatı.....

 

Çox yaxın bir tarix (XX əsrin əvvəli, hətta ortaları), üstündən cəmisi bir neçə onillik keçmişdir. Bu qədər yaxın tarix müəmmalar və gizliliklər, məxfilik və qorxaqlıqlar, təəssüb və qərəzliliklər, nəhayət, ədalətsizlik və laqeydliklər altında basdırılmışdır. XX əsrin əvvəllərində Bakı Bəhailəri Ruhani Cəmiyyəti qeydiyyatdan keçmiş, bir sıra digər maarifçi və xeyriyyə cəmiyyətləri ilə yanaşı fəaliyyət göstərmişdir. Təbii ki, bəhai təlimləri kontekstində.  Çox yaxın tarixin dərslərini dəyərləndirən, Avropadan, Türkiyə və Rusiyadan gələn ictimai fikirlərin daşıyıcıları olan və onilliklərin üfüqünə baxaraq millətimizin parlaq gələcəyini düşünən digər dəyərli və maarifçi həmvətənləri kimi, bəhailər onların doğma vətənlərini yüzilliklərin üfüqünə götürəcək bir baxışla, məhz bəhai baxışı ilə, tədricən, İlahi hikmətə arxalanaraq, əməli addımlar ataraq, inkişafın üzvi və təkamül təbiətinə əsaslanaraq işləyirdilər, xidmət edirdilər, uşaq və gənclərin təlim-tərbiyəsi, savadlılığın yayılması ilə məşğul olurdular. Bugünkü kimi.  

Bəhailər 20-ci əsrin əvvəllərində Bakıda qaynayan maarifçilik mühitində çox fəal və vacib bir iştirakçı idilər. Bu barədə kitabın müxtəlif yerlərində fikirlər ifadə olunmuşdur. Lakin bu dəfə bu mühitdən, Bəhailərin uşaq-əxlaq dərslərindən çıxmış bir görkəmli qadının həyat yolu haqqında danışmaq istəyirik. Bu İzzət xanım Orucovadır. Onun aktrisa olması, Azad Azərbaycan qadınının simvoluna çevrilməsi, sonradan ilk kimyaçı qadın akademik olması oxuculara yaxşı tanışdır və bu barədə mediyada kifayət qədər material tapmaq olar və onlardan iki məqaləni biz bu materiala daxil etmişik. Lakin İzzət Orucovanın, belə bir zəhmətkeş, dürüst, sadə, qətiyyətli qadının hansı mühitdə böyüməsi onun haqqına yazılan heç bir yazıda qeyd olunmur. İzzət Orucova Bəhai ailəsində böyümüşdü. Onlar indiki Mirzağa Əliyev, o zamankı Çadrovıy küçəsində yaşayırdılar. Burada böyük bir Bəhai məhəlləsi vardı. Çünki bəhailərin mərkəzi, müsafirxanaları və məktəbləri burada yerləşirdi. İzzət Orucovanın atası Mirzağa Orucov, anası Rübabə Orucova, həyat yoldaşı Mövsüm, qardaşı Munib bəhai idilər. Mirzağa bir çox illər Bakı Məhfilinin üzvü olmuşdu. İzzət xanımın anası Rübabə xanım Həzrət Əbdül-Bəhadan xüsusi Lövh də almışdı. Anası Rübabə xanım qızının uğurlarına sevinir və onun şəkillərini Hayfaya, qohumlarına göndərirdi. Onun oradakı qohumları isə, qırx il Ümumdünya Ədalət Evinin üzvü olmuş Əli Naxçıvani və onun ailəsi idi. Rübabə xanım Əli Naxçıvaninin bibisi idi. Məşhur Ələkbər Naxçıvaninin bacısı. Qeyd edildiyi kimi, Ələkbər  Naxçıvani Həzrət Əbdül-Bəhanı Amerika səfərində müşayiət etmişdi, Lev Tolstoyla  əlaqələr saxlayırdı. 

O dövrdə bəhailər ictimai mühitdə müsəlman bacı-qardaşlarından fərqlənmirdilər, adət-ənənələri saxlayırdılar. Hətta çadra örtənləri də vardı. Bunların hamısı adət-ənənəyə hörmətdən irəli gəlirdi. Buna görə də bu ailəni də, ola bilər ki, müsəlman ailəsi kimi tanıyırdılar. Ya da hansısa səbəblərə görə onların bəhai olmasını heç bir yerdə qeyd etmirlər. Digər tərfdən isə, 30-cu illərin xofu, təbii ki, bəhailəri də ehtiyatlı davranmağa məcbur edirdi. İzzət xanımın ərinin tutulması, Bakı Bəhailəri Ruhani Məhfilinin bütün üzvlərinin həbsi, o cümlədən, ailənin yaxın dostu Hüseyn Cavidin və digər ziyalıların həbsi və güllələnmələri ailəni son dərəcə sarsıtmışdı. Cənab Əli Naxçıvaninin bildirdiyi kimi, Ələkbər Naxçıvani 1921-ci ildə vəfat etdikdən sonra onun zəngin bir irsi qalmışdı. Kifayət qədər qiymətli kitabları, şeir və poemaları və pyesləri qalırdı, lakin o qorxulu günlərdə onları gizlətsələr də, sonradan o materiallar tapılmadı və icma qiymətli bir mirasdan məhrum oldu.  

Qürrətül-Eyn Tahirə, Bakıda Azad Qadın heykəli və İzzət Orucova – qəribə bir əlaqə vardır. İzzət Orucova bəhai idi və onun “Sevil” filminə çəkilməsində də bir rəmzi məna vardır. Sonradan isə onun Azad Qadın heykəlinin prototipinə çevrilməsində də sırf bir rəmz var. Babi Tahirə 1848-ci ildə çadrasını atır, XX əsrin əvvəllərində bir bəhai qadın Azad qadın obrazını yaradır və sonradan ümumiləşdirilmiş Azad Qadın heykəlinin prototipinə çevrilir... İzzət xanım Tahirənin ideyalarının həyata keçməsində mühüm rol oynayır, onun ruhunu dirildirdi. Burada ilahi təqdiri də, real qanunauyğunluqları da görmək çətin deyil. Nə qədər subyektiv görünsə də, Azərbaycanda qadın azadlığının erkən mərhələlərini, o illərdə qadınların təhsilini bəhailərsiz təsəvvür etmək mümkün deyil.  

Bu misralar Hüseyn Cavid haqqında dediyimiz kimi, İzzət Orucovanın bəhai olmasının elan edilməsi məqsədi daşımır. Zatən onun tərbiyəsi və yetişdirdiyi mühit hər şeyi deyir. Bəhai təlimlərinin mütərəqqiliyi, insan potensialını açmaq qüdrəti, bunun üçün icmanın yaratmış olduğu yetişdirici və bəsləyici mühit, bəhailərin öz inanclarını həyatlarının hər bir sferasına tətbiq etmək cəhdləri və bunu öyrənməyə can atmaları təhsildə onların daim öndə olmalarına yardım edir. Bəhailər o gündən bu günə qədər bu çalışmalarından geri durmamışlar. Millətimizin inkişafı onun övladlarının humanitar, mənəvi-ruhani və fiziki tərbiyəsindən keçir.

Birinci Məqalə

Çap Tarixi:     12.05.2015

Yazan:             Elmin NURİ

Qəzet:              Modern.az

Titul:               İlk kino aktrisamız, kimyaçı akademikin əzablı həyatı - ARAŞDIRMA

 

Bu qadın Azərbaycanın ilk kino aktyoru və ikinci xanım akademikidir. İlk xanım akademik Validə Tutayuqdan 4 il sonra İzzət xanım da bu ali elmi dərəcəyə layiq görülüb. Kimyaçı akademikin həyatı həm də müəyyən dərəcədə acılarla doludur.  Dövrünün ziyalılarından olan həyat yoldaşı Mövsüm İsmayılzadə 1937-ci ilin repressiyasına məruz qalıb. Əvvəlcədən həbs olunacağını hiss edən M.İsmayılzadə dərhal İzzət xanımdan ayrılıb. Bununla da İzzət Oruczadə və onların körpə oğlu Yılmaz sürgün təhlükəsindən xilas olub. Həmin vaxt onların evliliyindən cəmi iki il keçirdi. 

Modern. az saytı böyük Cəfər Cabbarlının səhnəyə və ekrana gətirdiyi Azərbaycanın ilk kinoaktrisası, eləcə də elmdə bir sıra ilklərə imza atmış  kimyaçı akademik İzzət Orucova haqqında yazını təqdim edir:

İlk dəfə kinoda. Cəfər Cabbarlının danlaqları 

“Cəfər çox tələbkar idi. Bəyənmədiyi kadrların dəfələrlə yenidən çəkilməsinə israr edərdi. Məsələn, Sevilin çarşabını başından atması epizodu bir neçə dəfə təkrar çəkildi, amma bu səhnə yenə də Cəfərin xoşuna gəlmədi. O, hər dəfə əllərini bir-birinə vurub deyərdi:

- Yox, İzzət, olmadı. Çarşabı başından atmağın çox süni çıxır. Əsərin kulminasiya nöqtəsi də elə buradır. Sən çarşabı başından elə atmalısan ki, bu səhnə tamaşaçıda cəhalətin və mövhumatın qara pərdəsi olan çarşaba nifrət və qəzəb oyatsın.

Nəhayət, “Sevil” filminin çəkilişi tamamlandı. Film ekranlara buraxıldı. Həmin gün anamı da kinoya baxmağa aparmışdım. Qohumlarımın çoxu da tamaşaya gəlmişdilər. Hamının biletini Cəfər Cabbarlı özü almışdı. Həmin gün çoxlu azərbaycanlı qadın öz çarşabını həmişəlik tulladı. O gün çarşabını atanlardan biri də mənim anam idi”. 

Bu xatirələr İzzət Orucovanın “Sevil” filminin çəkilişi zamanı, eləcə də ilk dəfə nümayiş etdirilən vaxt keçirdiyi hissləri əks etdirir.  O zaman İzzət Orucova gənc bir xanım idi. Onu təsadüfən görən Cəfər Cabbarlı çoxdan bəri axtardığını tapdığı kimi sevinir. Kinoşünas Aydın Kazımzadə həmin hadisəni bu cür nəql edir:  

-“Sevil” filmi istehsalata buraxılanda, Cəfər Cabbarlı küçəbəküçə gəzib Sevil roluna qız axtarırdı. Günlərin birində o, “Təyyarə” kinoteatrında bir qızla rastlaşır. Qızın xarici görünüşündə Sevil obrazının cizgilərini görür. Tanımadığı qızın arxasınca düşür, harada yaşadığını müəyyənləşdirir. İsmayıl Hidayətzadəni götürüb onlara gedir. Atası, qardaşları heç cür onun filmdə çəkilməsinə razı olmurlar. Düzdür, o zamanlar aktrisalar ilk addımlarını atmağa başlamışdılar. Amma İzzət aktrisa deyildi. Ürəyindən olsa da, özü də çəkilməyə qorxurdu. Amma Cəfər Cabbarlı da Cəfər Cabbarlı idi... Cavan olsa da, onun ilanı yuvasından çıxaran şirin dili vardı. Çox gəlib-gedəndən sonra ailənin razılığını alır”.

Həmin filmdə başqa maraqlı hadisələr də yaşanıb: “Cəfər Cabbarlı hər an, hər dəqiqə İzzətin yanındaydı. Xoşbəxtlikdən bu filmin bütün çəkilişi Cəfərin iştirakı ilə olub. Bəzi epizodlar barədə İzzət xanım həm xatirələrində yazıb, həm də mənə də danışıb. Çəkilişdə hətta elə anlar olurmuş ki, İzzət xanımı öyrətmək üçün Cəfər Cabbarlı çadranı başından açıb özü Balaşın sifətinə çırpırmış... Cəfər Cabbarlı dediyi sözə əməl edir. Hər gün İzzəti faytonla evdən götürüb, axşam da ailəsinə təhvil verir. Film çəkilir və ekranlara çıxanda böyük uğur qazanır. Bundan ruhlanan Cəfər Cabbarlı “Almaz”ın da ssenarisini yazır. Baş rola da yenə İzzət xanımı təsdiq etdirir. Amma amansız ölüm böyük sənətkarı aramızdan aparır. Filmi onun həmkarları - Ağarza Quliyev və Braginski davam etdirirlər. Ölümünün bir illiyində film ekranlara çıxır”.

Məhv olan ailə

 

O zaman aktyor sənətinə qəti aid olmayan bir xanımın Sevil və “Almaz” filmlərində uğur qazanmasından sonra ulduzu parlasa da, çox keçmədən sənət karyerasını başa vurmasına təəccüb etmişdi. Amma heç kim bilmirdi ki, 1929-cu ildə Sevil obrazını canlandıran və uğurlu rolu ilə bütün xanımların (hətta öz anasının belə) çarşabını yerə atmasına səbəb olan aktrisa 1937-ci ildə müəyyən mənada Sevilin taleyini yaşayacaq. Həyat yoldaşı Mövsüm İsmayılov həkim və dövrünün tanınmış ziyalısı idi. Hüseyn Cavid və başqa ziyalılarla yaxın dostluq əlaqəsi olan və millətçilik ruhuna sahib olan M.İsmayılov güllələnmədən möcüzəli şəkildə xilas olur. Lakin bununla qurtula bilməyəcəyini anlayıb təcili şəkildə İzzət xanımdan boşanır. Səbəb isə yeni ailə qurduğu həyat yoldaşının və bir yaşlı oğlu Yılmazın təhlükəsizliyi olur. Əks halda onlar da 1937-ci ildə başqa repressiya qurbanlarının arvad-uşaqları kimi uzaq yerlərə sürgün olunacaqdılar. Lakin bu baş vermir. 


İzzət xanım ömrünü yeganə övladına və mühəndislik karyerasına həsr edərək, bir neçə obraz oynadıqdan sonra sənətdən soyuyur. 

Azərbaycanın ilk xanım neft mühəndisi 

Amma gələcəyin böyük alimi demək olar özünü aktrisa adlandırmırdı: “Məni ilk Azərbaycan kino aktrisası adlandırırlar. Və mən bəzən fikrə dalıram: görəsən, bu, düzgündürmü? Ümumiyyətlə, mən aktrisa olmuşammı? Axı, mən oynamamışam... Yox, mən kamera qarşısında iki qadın taleyini yaşamışam. Bunlar mənim müasirlərim, demək olar ki, yaşıdlarım idi...”.

Amma bu xanımın adı ilə elm və sənayedə də bir sıra ilklər yaranır. Neft-sənaye İnstitutunu mühəndislik ixtisası üzrə bitirir. Elə təhsil aldığı müddətdə oynadığı bir neçə rol da olub. Sonradan elmi-tədqiqat obyektlərində bir sıra məsul vəzifələrdə çalışıb. Akademiya daxilində kimya yönlü institutlardan birinin baş direktoru vəzifəsinə qədər yüksələ bilib. 

Sonuncu iş yeri isə AMEA-nın Aşqarlar Kimyası İnstitutunda laboratoriya müdiri olub. İzzət xanımın laboratoriyasında həmkarı olmuş  Həqiqət Cavadova İzzət Orucovanı bir alim kimi belə xarakterizə edib:`

"O, əsl insan idi.  Neft və Kimya İnstitutundan gələnlər burada əvvəl laborant işləyirdilər. O çox işgüzar idi. Deyirdi ki, hər gün 18 nümunənin 100 dərəcə S-də tərkibini müəyyən edirdim. İndiki laborantlar heç 4-5-ni edə bilmirlər. Akademik, əməkdar elm xadimi olub. Bu cür fədakar olmasında oynadığı Sevil obrazının da rolu olub. Ayrıca kabineti ancaq direktor işləyəndə olub, bura köçəndə də 4 nəfər işçi onunla əyləşirdik. Bizə bir cavan direktor müavini gəlmişdi, onda mentalitetə yaraşan etik hərəkətlər yox di. Zəng edirdi ki, İzzət xanım yanına getməlidir. Bu, bizə pis təsir edirdi. Ona dedim: “İzzət xanım, siz onun ayağına gedirsiz, bu nə deməkdir? Bir dəfə əlinizi stola vurun, ona göstərin ki, siz İzzət xanımsız”.  Mənə dedi: “Həqiqət, bu sadəliyimlə həyatda heç nə  itirməmişəm”.  O cümlə də mənim beynimə həkk olunub. 

İzzət xanım  sinədəftər idi. Respublikanın az qala hər bir zavodunda gedən işləri, hansı sexdə hansı proseslər gedir hamısını əzbər bilirdi.  İzzət xanımın  hər hansı gördüyü elmi iş zavodlarda öz tətbiqini tapıb. Aşqarlar sahəsində uğurlu tədqiqatlar apararaq yüksək elmi nəticələr əldə etmişdi”. 

Həqiqət xanım qeyd edir ki, hazırda da bəzi zavodlarda İzzət Orucovanın kəşf etdiyi üsullar tətbiq olunur. Hətta belə  üsullara görə xeyli alimlər Stalin mükafatı almışdılar. 


Sevildən  akademikliyə

1972-ci ildə İzzət Orucovanın elmdə ən yüksək elmi dərəcə - akademik adını alması həqiqətən də çox adamın təəccübünə səbəb olur. Çoxları inanmırdı ki, İzzət xanım Cəfər Cabbarlının hər gün kino çəkilişindən sonra faytonla evinə gətirib təhvil verdiyi, hazırda “Nizami” metrostansiyasının qarşısındakı “Azad qadın” heykəlinin prototipi olan bir xanım olub. Onların buna inanmamağının da əsas səbəbi İzzət Orucovanın elm sahəsində məhsuldar  gördüyü işlər olub. Onun elmi-tədqiqat işlərinin əsas obyekti müasir neft kimyasında ən mühüm problemlərdən biri olan sürtkü yağlarının istehsalı və onların keyfiyyətinin yaxşılaşdırılması olub. 1970-ci ildə İzzət Orucova elmi fəaliyyətinə görə Azərbaycan Dövlət mükafatına layiq görülüb, bir sıra orden və medallarla təltif edilib, o cümlədən dörd dəfə deputat seçilib. Akademik İzzət Orucova Kanada, Almaniya, Macarıstan, Portuqaliya kimi ölkələrdə Azərbaycanın kimya elmini yüksək səviyyədə təmsil edib. Akademikin ictimai fəaliyyət dairəsi də geniş olub. O, Azərbaycan-Almaniya dostluq cəmiyyətinin sədri, Azərbaycan Sovet Ensiklopediyası baş redaksiya heyətinin üzvü olub. 

Çox təəssüf ki, İzzət Orucova həyatdan az qala kimsənin xəbəri olmadan köçüb. Amma onu az qala hər gün görürsünüz. Hər gün “Nizami” metrostansiyasının yanından keçərkən, Əmək və Əhalinin  Sosial Müdafiə Nazirliyinin qarşısındakı heykələ baxın. O qadın İzzət Orucovadır. 



Elmin NURİ

 

İkinci Məqalə

Çap Tarixi:     2009 - 28 Avqust

Yazan:            Aydın Kazımzadə, əməkdar incəsənət xadimi

Qəzet:            Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi

Titul:              İzzət Xanımın Taleyi

İzzət Orucova 1909 - cu il sentyabrın 16 - da Bakı şəhərində anadan olub. 20 yaşında ikən əvvəlcə «Sevil», sonra isə «Almaz» filmlərində çəkilmiş, Azərbaycan qadınlarının lirik və dramatik obrazlarını təbii və inandırıcı boyalarla yaratmağa müvəffəq olmuşdur. Cazibədarlığı, çəkiliş meydançasında özünü təbii aparması və hisslərini təmkinlə büruzə vermək bacarığı ona uğur qazandırmışdır. Bu iki filmdən sonra o, kinodan bilərəkdən uzaqlaşmış və həyatını bütünlüklə elmə həsr etmişdir. Lakin İzzət xanımla apardığım söhbətlərin birində o, belə bir fikir söylədi ki, əgər Cəfər sağ olsaydı, onun filmlərində çəkilişləri mütləq davam etdirərdim.

İzzət xanım 1932 - ci ildə Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Neft Akademiyası) texnoloji fakültəsini bitirmişdir. Mühəndis diplomunu alıb Kuybışev adına Azərbaycan Elmi - Tədqiqat Neft Emalı İnstitutunda işləmiş, həmin institutun əsasında yaradılan Neft Kimyası Prosesləri İnstitutunda laboratoriya müdiri, Qeyri - Üzvi və Fiziki Kimya İnstitutunda direktor, Aşqarlar Kimyası İnstitutunda motor yağları üçün aşqar kompozisiyaları hazırlama laboratoriyasının müdiri olmuşdur.

Texnika elmləri doktoru, professor, Azərbaycan EA - nın akademiki, Azərbaycan Dövlət mükafatı laureatı, respublikanın əməkdar elm xadimi İzzət Orucovanı bir alim kimi dünyanın bir çox ölkələrində yaxşı tanıyır, onun elm aləmindəki kəşflərini yüksək qiymətləndirirlər. O, keçmiş SSRİ - nin ən iri sənaye mərkəzlərində və bir sıra xarici ölkələrdə elmi məruzələrlə çıxış etmişdir.

İzzət xanımın kinoya gəlişi, daha doğrusu, onun böyük dramaturq Cəfər Cabbarlı tərəfindən necə tapılıb kinofabrikə gətirilməsi barədə müxtəlif rəvayətlər mövcuddur. Lakin fikirlər müxtəlif olsa da, nəticə eynidir. Onu kino üçün Cəfər Cabbarlı kəşf etmişdir.

Dialektika öyrədir ki, təsadüf dərk edilməmiş qanunauyğunluqdur. C.Cabbarlı artıq xeyli vaxt idi ki, «Sevil» filmində baş rolu oynayacaq gənc azərbaycanlı qızı axtarırdı. Azərbaycanın ilk qadın kinorejissoru Q.Salamzadənin «Kiçik pəncərədən görünən dünya» kitabçasında belə bir xatirə var: «Bakının küləkli günlərindən birində mən Kommunist küçəsində (indiki İstiqlaliyyət küçəsi - A.K) Cəfərlə rastlaşdım. O, əlləri cibində o tərəf - bu tərəfə baxa-baxa gedirdi. Salamlaşdıq. Mən soruşdum:

- Cəfər! Belə tozlu havada hara gedirsən? Nə axtarırsan?

- Hara getdiyimi özüm də bilmirəm. Ancaq nə axtardığımı bilirəm. Kinoda Sevil rolunda oynamaq üçün Sevili axtarıram. Gəlsənə mənə kömək edəsən! Sən də kino işçisisən, axı!

- Axtaran tapar, - dedim.

- Əslinə baxsan, tapmışıq. Birisi var, çox ciddi qızdır. Alim olmaq istəyir. Görək yola gətirə biləcəyikmi?

Mən zarafatla:  - Cəfər! Sən dilinlə ilanı yuvasından çıxararsan, necə olur ki, ondan razılıq ala bilmirsən? - dedim.

- Görək də, əgər başqasını tapmasaq məcbur olacağıq ki, onun razılığına müvəffəq olaq, - deyə Cəfər cavab verdi...»

Bəli, həmin gənc və ciddi qız İzzət Orucova idi. Bu əhvalatdan düz 40 il sonra işlədiyim «Kino» qəzeti üçün müsahibə almaq məqsədilə İzzət xanımla görüşdüm. Yaşı 60-ı haqlasa da xeyli cavan görünürdü. O, kinoya necə gəlməsi, filmlərə çəkilməsi barədə danışır, mən isə bu mehriban və zərif cüssəli xanıma diqqətlə baxıb düşünürdüm: elə bil İ.Orucova Sevili, Almazı oynamayıb, əksinə Sevil, Almaz ekrandan həyata atılaraq İzzət Orucova adı ilə öz sonrakı həyatlarını yaşayırlar.

İzzət xanımın söhbətlərindən məlum olur ki, o, rəfiqəsi ilə birgə «Təyyarə» kinoteatrında (köhnə univermağın binasında yerləşirdi - A.K.) səssiz xarici filmə baxarkən C.Cabbarlı ilk dəfə onu burada görür. Cəfər qət edir ki, məhz bu irigözlü gənc qız Sevili oynamalıdır. O vaxtlar müsəlman qadını üçün kinoya çəkilməyin nə olduğunu bu gün dərk etmək çox çətindir. Amma 20-ci illərin sonunda dini xurafat və qadınların əl-qolunu bağlayan adətlər hələ güclü idi. Belə bir şəraitdə qızın özündən və atasından razılıq almaq müşkül məsələ idi...

Seans başa çatandan sonra tamaşaçılar hərə bir tərəfə dağılışdı. C.Cabbarlı bu iki qızın ardınca düşüb Çadrovıy küçəsindəki (indiki Mirzağa Əliyev küçəsi - A.K) evlərinə qədər getdi. Cəfər həmin küçədə qonşuluqda yaşayan tanışı Mövsüm İsmayılzadədən İzzət xanımgilin ailəsi barədə ətraflı məlumat alandan sonra qızın atası Mirzəağa kişi ilə görüşdü. Onunla söhbət uzun çəkdi və çətin oldu:

- Oğlum, deyə Mirzəağa kişi karıxmış halda cavab verdi: - Mən sizə heç cür kömək edə bilmərəm. Siz özünüz yaxşı bilirsiniz ki, bu mümkün olan iş deyil. Mən özüm bağbanam. Təbiəti də çox sevirəm, teatrı, kinonu da. Kitab da oxuyuram. Ona görə də qızıma məktəbə getməyə icazə vermişəm. Amma kino? Yox, yox. Bu bizlik deyil. Qonşular, qohumlar adama nə deyərlər? Məndən incimə, oğlum. Mən başqa cür hərəkət edə bilmərəm...

Lakin Cəfərin geri çəkilmək fikri yox idi. İkinci dəfə o, bu evə rejissor və aktyor İsmayıl Hidayətzadə ilə gəldi. O da Cəfər kimi dilli-dilavər idi. Amma yenə də həmin söhbət, həmin cavab. Bir neçə gündən sonra Cəfər yenidən İzzət xanımgilə gəldi. Nədənsə, bu dəfə Mirzəağa kişi onu çox mehriban qarşıladı. Onların söhbəti uzun çəkdi. Gənc dramaturq mümkün olmayan işi reallaşdırdı. Ata qızının kinoya çəkilməsinə icazə verdi. Amma bir şərtlə: Cəfərin özü İzzəti gəlib evdən faytonla aparacaq və faytonla da geri qaytaracaq. Mirzəağa kişi axırda Cəfəri yola salıb evə gəldi. İzzəti çağırıb dedi:

- Qızım, bu çeşməkli kişi böyük adamdır, bəlkə eşitmisən, Cəfər Cabbarlı. Teatr üçün əsərləri o yazır. İndi bir dənə kino çəkirlər. Adı «Sevil»dir. İstəyir ki, səni də kinoya çəksin. Bilirəm, məhəllə ağsaqqalları məni danlayacaqlar, amma kişinin sözündən çıxa bilmədim. Yaxşı adama oxşayır, elə bil üzündən nur tökülür. Sabah hazırlaş, gəlib səni kinoya aparacaq.

İ.Orucovanın xatirələrindən: «Ertəsi gün institutdan gələn kimi təzə paltarımı geyib hazırlandım. Bir azdan Cəfər Cabbarlı gəlib çıxdı. Qapıda fayton dayanmışdı. Biz faytona əyləşib kinostudiyaya gəldik. O gündən Cəfər məni evimizdən həmişə faytonla aparıb gətirərdi.

Mən yavaş-yavaş kinonun nə olduğunu başa düşürdüm. Kinonun çəkilişində rejissor A.Beknazarovla bərabər C.Cabbarlı da iştirak edirdi (C.Cabbarlı filmin həm də ikinci rejissoru idi - A.K). C.Cabbarlı çox tələbkar idi. Bəyənmədiyi kadrların dəfələrlə yenidən çəkilməsinə israr edərdi.

Heç yadımdan çıxmaz. Sevilin çadranı başından atması epizodu bir neçə dəfə təkrarən çəkildi; amma bu səhnə yenə də Cəfərin xoşuna gəlmədi. O, hər dəfə əllərini bir-birinə vurub deyərdi:

- Yox, İzzət, olmadı. Çarşabı başından atmağın çox süni çıxır. Əsərin əsas kulminasiya nöqtəsi də elə burdadır. Sən çarşabı başından elə atmalısan ki, bu səhnə tamaşaçıda cəhalətin və mövhumatın qara pərdəsi olan çarşaba nifrət və qəzəb hissi oyatsın...»

C.Cabbarlı həm filmin, həm də Sevil rolunun uğurlu alınması üçün bütün imkanlardan istifadə edirdi. Məsələn, filmin bəzi epizodlarında Sevil düşdüyü vəziyyətlə bağlı kədərli görünür. Çəkiliş vaxtı İ.Orucovanı kədərli lentə almaq üçün aktrisa ilə çox məşq edir, lakin C.Cabbarlı istədiyini ala bilmirdi. Nəhayət, çıxış yolu tapıldı. Hər dəfə kədərli əhval-ruhiyyə yaradılması üçün musiqiçi aktrisanın sevdiyi muğamları tarda çalır, həmin an rejissorlar səhnəni istədikləri kimi çəkirdilər. Belə dəqiqələrdə İzzət xanım ətrafında, qohum-qonşuda cəhalətin, nadanlığın qurbanı olmuş, miskin həyat yaşayan sevilləri xatırlayır, onların acınacaqlı həyatı gözləri önündə canlanır və o, qəm - qüssəyə batırdı. Qız sanki kino üçün anadan aktrisa doğulmuşdu: ağıllı, incə təbiətli, qəhrəmanının əhval - ruhiyyəsini ən xırda nüanslarına qədər büruzə vermək bacarığı. Gənc aktrisa inadla, həvəslə, şövqlə işləyirdi.

Maraqlıdır ki, hətta çəkiliş qrupu üçün işin qızğın çağında belə İzzət xanım institutda bircə dərs belə buraxmadı. Təbiətcə həlim və bir qədər cəsarətsiz olan bu qız təhsillə bağlı məsələ ortaya çıxanda həddindən artıq inadkarlıq edirdi. İ.Orucova o vaxtı institutun 3 - cü kursunda oxuyurdu. Çəkiliş qrupu da öz işini elə qururdu ki, aktrisa yorulmasın, dərslərdən geri qalmasın. İzzətin atasına söz vermiş C.Cabbarlı bu işlərə özü şəxsən nəzarət edirdi.

Nəhayət, «Sevil» filminin çəkilişləri tamamilə qurtardı. Film ekranlara buraxıldı. Həmin gün İ.Orucova anasını və qohumlarını filmə baxmağa aparmışdı. Hamının biletlərini Cəfər Cabbarlı özü almışdı. Həmin gün bir çox azərbaycanlı qadın öz çarşabını həmişəlik olaraq atdı. O gün çarşabı çıxaranlardan biri də İzzət xanımın anası idi.

«Sevil» filminin uğuru ən cəsarətli ümidləri belə ötüb keçdi. Minlərlə azərbaycanlı qadın özlərinin mənəvi azadlığı üçün bu filmə borcludur. Film harada göstərilirdisə, istər şəhərdə, istərsə də kənddə olsun, nümayişdən sonra oturacaqların söykənəcəklərində qara yaylıqlar və çadralar atılıb qalırdı. Lakin az adam bilir ki, bu film İzzət xanıma necə təsir göstərib. Film üzərində iş heykəltəraşın əsər üzərində son ştrixlər vurmasına bənzəyir: film aktrisanın xarakterindəki əsas, başlıca cəhətləri üzə çıxartdı, xırda, ikinci dərəcəli nüansları isə bir kənara atdı.

Bundan sonra İ.Orucova institutda işini davam etdirdi. Hər iki sahə bu nərmənazik qızcığazdan bütövlük, həmişəlik ona xidmət göstərməyi tələb edirdi. Kinofabrikdə İzzətlə birgə işləyən kino işçiləri,elm sahəsində böyük alim kimi tanınan, dünyaya ilk turboburu kəşf edən mühəndis M.Kapelyuşnikov qızın daxilində gedən təlatümü, onun iki yol ayrıcında qalmasını yaxşı başa düşürdülər. Ona görə də hərə öz bildiyi kimi gənc qıza öz məsləhətləri ilə kömək etmək istəyirdi.

- Artıq belə davam edə bilməz, İzzət. Siz xəstələnə bilərsiniz, - deyə kino işçiləri onu inandırmağa çalışırdılar: - Aktrisa - yalnız istedad demək deyildir. Bu, həm də hər gün çoxlu enerji tələb edən əməkdir. İncəsənətə xidmət etməklə siz vaxtınızı, ürəyinizi, düşüncələrinizi, ağlınızı bu işə sərf edəcəksiniz.

Əgər nəyə isə nail olmaq istəyirsinizsə, seçin - ya kino, ya da elm, - deyə alim İzzət xanıma tövsiyə edirdi: - Yadınızdadırmı, iki dovşan ardınca qaçan ovçu nəyə nail oldu.

İ.Orucovanın xatirələrindən: «Məni ilk azərbaycanlı kinoaktrisa adlandırırlar. Mən bəzən düşünürəm: bu doğrudurmu? Ümumiyyətlə, mən aktrisa olmuşammı? Axı, mən oynamamışam, yox - mən kamera qarşısında iki qadın taleyini yaşamışam. Onlar mənim müasirlərim idi, demək olar ki, həmyaşıdlar idik. Bu qadınların hər ikisi mən idim. Lakin başqa həyat situasiyasına salınmışdım. Mənim çəkildiyim hər iki film - «Sevil» və «Almaz» ümumi bir mövzuya həsr olunmuşdu: Azərbaycan qadınının taleyinə, qadın azadlığına...»

1934 - cü ildə C.Cabbarlı «Almaz» pyesini ekranlaşdırmağı qərara alanda İ.Orucova təhsilini başa vurub, Elmi-Tədqiqat İnstitutunda fəaliyyətə başlamışdı. Yenidən çəkilişlərdə iştirak etmək üçün təxminən bir il işdən ayrılmalı idi. O, bu məqsədlə işlədiyi institutun rəhbərliyinə müraciət edəndə, o vaxtkı direktor M.Kapelyuşnikov kəskin şəkildə etirazını bildirmişdi. Lakin iş elə gətirdi ki, Moskvadan ezamiyyətdən qayıdarkən qatarda təsadüfən C.Cabbarlı ilə bir kupedə olur. Dramaturqun şirin söhbətləri, müsahibini özünə cəlb etmək bacarığı Kapelyuşnikova elə güclü təsir göstərir ki, o özü İzzət xanımı kabinetinə çağırıb çəkilişlərə icazə verdiyini bildirir.

İ.Orucova deyirdi ki, C.Cabbarlı Almazla bağlı filmi fikrən bütünlüklə görürdü. O, bu filmə özü quruluş verəcəkdi. Lakin bu ona qismət olmadı. Sınaq çəkilişləri başa çatar - çatmaz o, vəfat etdi. Onun işini gənc rejissorlardan Ağarza Quliyev və Qriqori Braginski davam etdirdilər. C.Cabbarlının dəfni zamanı yaradıcı qrup söz verdi ki, filmi onun xatirəsinə həsr edəcəklər. 1935 - ci ilin sonunda film hazır oldu.

Əgər «Sevil»də hadisələrin ikinci yarısından sonra Azərbaycan qadınının fəallaşmasını görürdüksə, «Almaz»da filmin qəhrəmanı yeni quruluşun təmsilçisi kimi özünü bilərəkdən hadisələrin burulğanına atır. İ.Orucova Almazı tamaşaçılara kənddə real qüvvə kimi təqdim edir. Gələcək onunladır, heç bir qüvvə onun gördüyü işin qarşısını ala bilməz. İzzət xanım Almazı cəsur, öz işinə sədaqətli, kommunistlərin ideyalarına qəlbən inanan bir qəhrəman kimi yaratmışdır.

«Almaz» filmi kino ulduzunun şöhrətini möhkəmləndirdi. Tənqidçilər istedadlı qızın gözəl gələcəyindən xəbər verirdilər. Lakin İzzət xanım onların həyəcanlı və tərifli məqalələrini oxuyaraq, öz həyatı barədə daha çox düşünürdü. Ailədə ona heç bir söz demirdilər. Hamı diqqətlə onun hansı yolu seçəcəyini gözləyirdi. Nəhayət, məhəbbət elmə qalib gəldi...

1935 - ci ildə İ.Orucova qonşuluğunda yaşayan Mövsüm İsmayılzadə ilə ailə qurur. Lakin bu xoşbəxtlik uzun sürmür. 1937 - ci ildə M.İsmayılzadəni xalq düşməni kimi həbs edirlər. Əvvəlcədən həbs olunacağını hiss edən ər dərhal arvadından ayrılır. Bununla da İzzət xanımı və körpə oğlu Yılmazı sürgündən xilas edir.

Həyatın ağrı-acılarına dözərək İ.Orucova sonralar qarşısına qoyduğu məqsədə doğru inamla irəlilədi, ekranda yaratdığı Sevil və Almaz obrazlarının yolunu həyatda davam etdirdi. İzzət xanımın adı Azərbaycan kino tarixinə ilk milli kinoaktrisa, Azərbaycan elm tarixinə isə ilk azərbaycanlı qadın böyük kimyaçı-alim kimi daxil oldu.

Aydın Kazımzadə

bottom of page